Məhkəmə qərarları › İş №3(033)-296/2021

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-296/2021

16.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-296/2021 16.07.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyi, Zaqatala RPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X3 və şikayət verən şəxs X4 iştirakları ilə, Şikayət verən şəxs X4 “Zaqatala RPŞ-nin polis kiçik leytenantı X5 onun barəsində 22 iyun 2021-ci il tarixdə tərtib etdiyi TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi” barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib olunmuş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X7 şikayət ərizəsində göstərmişdir ki, o, Zaqatala rayonu Yuxarı Tala kənd sakinidir. Rayonda maşın təmiri ilə məşğul olub günə 5-10 manat çörək pulu qazanıb evinə aparır. Artıq 13 ildir ki, avtomobil idarə etmək üçün sürücülük hüququ vardır, hardasa 10 idir ki, avtomobil idarə edir. Hazırda “Opel Astra” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Avtomobil idarə etdiyi 10 il müddətində demək olar ki, yol hərəkəti qaydasının pozulmasına görə inzibati məsuliyyətə cəlb olunmamışdır. Dövlətin qanunlarına riayət edən, qəsdən qanun pozuntusuna yol verməyən nümunəvi ölkə vətəndaşıdır. 11.06.2021-ci il tarixdə səhər saat 9-a qalmış o, Zaqatala rayonu Yuxarı Tala kənd poçtunun yaxınlığında avtomobilini saxladaraq avtomobildən düşüb poçtun açılmasını gözləmək qərarına gəlmişdir. Bu məqsədlə yolun dayandığı tərəfindən piyada olaraq yolun digər tərəfmə poçt olan tərəfə piyada keçərkən yolun ortasına çatdıqda arxadan kimsə onu səsləmiş, o, geri çevrildikdə görmüşdür ki, YPX avtomobili onun avtomobili ilə yanbayan dayanıb, onu səsləyən isə YPX əməkdaşı Fuad Əliyevdir. O, Fuada yaxınlaşdıqda ondan soruşdu ki, “bildinmi səni niyə saxlamışıq məndə cavab olaraq avtomobili sənin yox mənim saxladığımı və poçta yaxınlaşdığımı bildirdim”. Sənədləri istəmiş, o qayda pozmadığı üçün sənədini təqdim etmədikdə avtomobilinin nömrəsini kompüterə vurmuşdur. Ona demişdir ki, “sənə “remen” yazıram”. O da “dayanan avtomobilə nə üçün “remen” yazmalısanki” soruşduqda ona cavab vermədən barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. O, protokol ilə razı olmadığı üçün protokolu imzalamamışdır. İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə inzibati tənbeh olunmasına dair qərarı isə 28 iyun 2021-ci il tarixdə götürmüşdür. Qərar ilə razı deyil. Çünki o, təhlükəsizlik kəməri olmadan avtomobil idarə etmir. Məhkəmə iclası zamanı şikayət verən şəxs X7 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala RPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X6 izahatında göstərdi ki, X4 barəsində tərtib edilmiş inzibati xəta haqqında qərar qanuni, əsaslı və ədalətlidir. X7 barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən qayda pozuntusunu etdiyinə görə o, inzibati qaydada 40 manat məbləğində cərimə edilmişdir. Belə ki, xidməti avtomobili ilə Yuxarı Tala kəndi istiqamətində hərəkətdə olarkən qarşıdan əks istiqamətdə hərəkətdə olan “Opel Astra” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təhlükəsizlik kəmərindən istifadə etmədiyini görmüşdür. Həmin avtomobilə saxla işarəsi verilmiş, avtomobil gəldiyi istiqamətdə yolun kənarında ara yola hərəkət edərək avtomobili saxlamışdır. O, da xidməti avtomobillə onun avtomobili saxladığı yerə gəlmişdir. O, həmin yerə gəldikdə sürücü avtomobildən düşmüş, ona təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanıldığı bildirilmiş, sürücü isə cavabında yaşadığı evlərinin yaxınlıqda olduğunu bildirərək kəmərdən istifadə etmədiyini bildirmişdir. Bütün bunlar onların xidməti avtomobilində quraşdırılmış kamera vasitəsilə də qeydə alınmışdır. Ona görə də onun şikayəti əsassızdır və şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, X7 11 iyun 2021-ci il tarixdə, saat 08:37 radələrində idarə etdiyi “Opel Astra” minik markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Zaqatala şəhəri Nizami küçəsində hərəkətdə olarkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə görə onun barəsində Zaqatala RPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X6 tərəfindən İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında Zaqatala RPŞ-nin polis kiçik leytenantı X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə 22 iyun 2021-ci il tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. X7 inzibati xəta törətməməsini əsas göstərərək inzibati tənbeh vermə haqqında 22 iyun 2021-ci il tarixdə TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. X1 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmiş və o, məhkəmə icraatı zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tərəfindən zəruriliyi nəzərə alınaraq Zaqatala RPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X3 idarə etdiyi xidməti avtomobilə quraşdırılmış videokamera vasitəsi ilə qeydə alınmış çəkilişlər CD diskə köçürülərək məhkəməyə təqdim edilmişdir. Zaqatala RPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X3 idarə etdiyi xidməti avtomobilə quraşdırılmış videokamera vasitəsi ilə qeydə alınmış çəkilişlərə məhkəmə iclasında baxış zamanı X1nun 11 iyun 2021-ci il tarixdə, saat 08:37 radələrində idarə etdiyi “Opel Astra” minik markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Zaqatala şəhəri Nizami küçəsində hərəkətdə olarkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyi müəyyən edildi. Belə ki, videokamera vasitəsi ilə qeydə alınmış çəkilişdən görünür ki, polis əməkdaşı xidməti avtomobili ilə Yuxarı Tala kəndi istiqamətində hərəkətdə olarkən qarşıdan əks istiqamətdə hərəkətdə olan “Opel Astra” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilə saxla işarəsi verilir, avtomobil gəldiyi istiqamətdə yolun kənarında ara yola hərəkət edərək avtomobili saxlayır. Polis əməkdaşı da xidməti avtomobillə onun avtomobili saxladığı yerə hərəkət edir. Həmin vaxt xidməti avtomobilə quraşdırılmış kamera avtomobilin ön hissəsini çəkdiyindən ya saxlanılmış avtomobil, ya da sürücüsü kamera görüntüsündə görünmür. Lakin, polis əməkdaşı ilə sürücünün danışıqları qeyd alınır. Onların danışıqlarından müəyyən olunur ki, həmin yerə gəldikdə sürücü avtomobildən düşmüş, ona təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanıldığı bildirilmiş, sürücü isə cavabında yaşadığı evlərinin yaxınlıqda olduğunu bildirərək kəmərdən istifadə etmədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu”nun 37-ci maddəsinin birinci bəndinin altıncı yarımbəndində göstərilmişdir ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməli (12 yaşınadək uşaqların, geriyə hərəkət manevri edən sürücülərin, hamilə qadınların, sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədənin, yaşayış məntəqələrində isə bunlardan başqa, operativ nəqliyyat vasitəsi sürücülərinin və sərnişinlərinin kəməri bağlamamasına yol verilir), motosikletdə isə motoşlemi düymələməli və sərnişinlərin də motoşlemi düymələməsini təmin etməlidir Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1nun şikayət ərizəsi iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Əksinə, tədqiq edilmiş iş materiallarından X4 11 iyun 2021-ci il tarixdə, saat 08:37 radələrində idarə etdiyi “Opel Astra” minik markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Zaqatala şəhəri Nizami küçəsində hərəkətdə olarkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyi müəyyən edildi. Göstərilən əsaslarla məhkəmə X1nun şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4 “Zaqatala RPŞ-nin polis kiçik leytenantı X5 onun barəsində 22 iyun 2021-ci il tarixdə tərtib etdiyi TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar