Məhkəmə qərarları › İş №3(033)-298/2021

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-298/2021

30.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-298/2021 30.07.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs X5 Səhmdar Cəmiyyətinin haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xətaya dair işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs X5 Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Mərkəzi Bankının 30 aprel 2021-ci il tarixli, 26-05849- 2021 saylı göstərişi əsasında müvafiq sənədləri vaxtında təqdim etməmişdir. Buna görə də, onun barəsində MN ******* nömrəli, 30 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə hüquqi şəxs X5 Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Azərbaycan Respublikasının Mərkəzi Bankından Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Mərkəzi Bankı və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs X5 Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində dəfələrlə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək hesab edir ki, X5 Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan "xxxx"nin məlumatından görünür ki, X5 Səhmdar Cəmiyyətinin nizamnaməsi dövlət qeydiyyatına alınmışdır. Onun hüquqi ünvanı: Zaqatala şəhəri Azərbaycan prospekti ev 37-dir. Qanuni təmsilçisi X3r. VÖEN **********. Dövlət qeydiyyatına alındığı tarix 06.10.1999-cu il. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının 31 mart 2021-ci il tarixli, 26-04217-2021 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Mərkəzi Bankı hüquqi şəxs X5 Səhmdar Cəmiyyətinə məktub göndərərək 2019-cu ilin yekunu üzrə keçirilmiş səhmdarlarının ümumi yığıncaqlarının protokolları, həmin yığıncaqlara səhmdarların dəvət edilməsini təsdiq edən sənədlər və həmin illərin sonuna müəssisənin mühasibat balansını, illərin nəticələri üzrə mənfəət və zərər haqqında hesabatını, habelə son beş il ərzində səhmdarlara dividend hesablanıb-hesablanmaması, hesablanmışdırsa səhmdarlara hesablanmış dividendlərin məbləğləri haqqında məlumatları 7 gün ərzində Mərkəzi Banka təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 28 iyul 2021-ci il tarixdə verilmiş 05/Q-1285/69 nömrəli arayışdan görünür ki, X4 02 dekabr 2010cu il tarixdə ölmüşdür. Ölüm haqqında 02 mart 2011-ci il tarixli 30 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin 30 iyul 2021-ci il tarixli **********624700 nömrəli məktubundan görünür ki, vergi orqanının uçot baza məlumatlarına əsasən X5 Səhmdar Cəmiyyətinin (VÖEN **********) rəhbəri X3r və digər qanuni təmsilçi barədə məlumat vergi orqanına təqdim edilməmişdir. X5 Səhmdar Cəmiyyətinin (VÖEN **********) sahibkarlıq fəaliyyəti vergi orqanına təqdim edilmiş arayışlara əsasən müvəqqəti olaraq 16.02.2009-cu il tarixdən 01.01.2012-ci il tarixədək, 01.01.2012-ci il tarixdən 01.01.2017-ci il tarixədək və 01.01.2017-ci il tarixdən 02.01.2022ci il tarixədək dayandırılmışdır. Vergi orqanının uçot baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən son bəyannamə olaraq 2008-ci ilin 4-cü rübü üzrə (dövriyyə məbləği 780 manat, vergi məbləği 15,60 manat) sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə görə hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə-vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. X5 Səhmdar Cəmiyyətinin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda isə Azərbaycan Respublikası Mərkəzi Bankının 30 aprel 2021-ci il tarixli, 26-05849-2021 saylı göstərişi əsasında müvafiq sənədləri vaxtında təqdim etməməsi müəyyən olunsa da, işdən görünür ki, hüquqi şəxsin təmsilçisi olan X4 02 dekabr 2010-cu il tarixdə ölmüş, başqa qanuni təmsilçi barədə məlumat vergi orqanına təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinin dispozisiyasından da görünür ki, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatları həmin orqanın tələbi ilə təqdim etmədikdə qeyd olunan maddənin tərkibi yaranır. Hazırki işdə isə hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs 10 ildir ki, vəfat etmiş, ona görə də, hüquqi şəxs tərəfindən sorğu ilə tələb edilən məlumatlar və sənədlər Banka təqdim edilməmişdir. Eyni zamanda, X5 Səhmdar Cəmiyyətinin (VÖEN **********) sahibkarlıq fəaliyyəti vergi orqanına təqdim edilmiş arayışlara əsasən müvəqqəti olaraq 16.02.2009-cu il tarixdən 01.01.2012-ci il tarixədək, 01.01.2012-ci il tarixdən 01.01.2017-ci il tarixədək və 01.01.2017-ci il tarixdən 02.01.2022-ci il tarixədək dayandırılmışdır. Vergi orqanının uçot baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən son bəyannamə olaraq 2008-ci ilin 4-cü rübü üzrə (dövriyyə məbləği 780 manat, vergi məbləği 15,60 manat) sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilmişdir. Həmçinin işdən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinin tərkib əlaməti olan “zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməsi” üçün göndərilmiş 30 aprel 2021-ci il tarixli, 26-05849-2021 saylı göstəriş X5 Səhmdar Cəmiyyətinin ünvanına göndərilsə də, həmin göstərişin Cəmiyyətin nümayəndəsi və ya qanuni təmsilçisi (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində göstərilən şəxslər) tərəfindən rəsmi qaydada alınması öz təsdiqini tapmamışdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, X5 Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmiş, yəni öz təqsirsizliyini sübut etməyə, borclu deyildir. Əksinə şəxsin qeyd olunan inzibati xətanı törətməsi ilə bağlı hər hansı bir inzibati xətanı törətdiyini sübut etmək vəzifəsi protokol tərtib edən orqanın üzərinə düşür. Bundan əlavə işdə olan sübutlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinin tərkibi əlamətləri ilə uzlaşmır və bu sübutlar hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi yetərli deyil. Bundan başqa inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Bununla da, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hər hansı bir formada sübuta yetirilmir. Belə vəziyyətdə hesab edirəm ki, X5 Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İXM-in Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir və onun əməlində həmin inzibati xətanın tərkibinin əlamətləri yoxdur. Məhkəmə baxışı zamanı da, X5 Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddələrinə görə inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs X5 Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından və təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Mərkəzi Bankının hüquq departamentinin aparıcı hüquq məsləhətçisi X2 30 iyun 2021-ci il tarixdə tərtib etdiyi MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.1.2, 114-118-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs X5 Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından və təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində Azərbaycan Respublikası Mərkəzi Bankının hüquq departamentinin aparıcı hüquq məsləhətçisi X2 30 iyun 2021-ci il tarixdə tərtib etdiyi MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə və Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim edilsin. (poçtla göndərilsin). Qərardan surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar