Məhkəmə qərarları › İş №3(033)-298/2025

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-298/2025

21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-298/2025 21.05.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi Kazımova Şəhla Saleh qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil, inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin İTBnin polis sahə rəisi, polis kapitanı X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs - xx xxxx 1989-ci ildə Zaqatala rayonu A.Tala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, öz deməsinə görə il ərzində eyni xətaya görə inzibati məsuliyyətə cəlb olunmamış, Zaqatala rayonu A.Tala kəndində qeydiyyatda olan və orada da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib, məhkəmə müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 21 may 2025ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs maaş kartından 100 manat, onun anası mazanova Təranə Həsən qızının təqaüd kartından 51 manat 20 qəpik pul vəsaitini çıxartmaqla, onların hərəsinin ayrı-ayrılıqda müvafiq olaraq 100 manat və 51.20 manat məbləğində pul vəsaitini talamaqla onlara zərər vurmuşdur. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Zaqatala rayonu Qımır kənd sakini Mazanov X3 RPŞ-nə şikayət ərizəsi ilə müraciət edərək, 16 mart 2025-ci il tarixdən 19 mart tarixinə qədər olan müddətdə naməlum şəxsin ona məxsus “VAZ-2106” markalı **-FT-*** qeydiyyat nişanlı avtomobilindən özünə və ailəsinə məxsus 3 ədəd “Kapital Bank” və 2 ədəd “ABB" kartrlarını oğurladığını və həmin 2 ədəd “ABB” kartdan 150 manatlıq dükanlarda alış-veriş edərək, həmin məbləğdə kartlardan pulun oğurlanmasını bildirmiş və həmin şəxsin müəyyən edilib məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Araşdıma zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs "VAZ-2106” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilindən maaş və təqaüd kartlarını oğurlayan Zaqatala rayonu Yuxarı Tala kənd sakini, əvəllər dəfələrlə məhkum olunmuş Şəxs olmuşdur. Şəxs Zərərçəkmiş şəxs maaş kartından 100 manat, onun anası Təranə Mzəanovanın təqaüd kartından 51 manat 20 qəpik pul vəsaitini çıxartmaqla, onların hərəsinin ayrı-ayrılıqda müvafiq olaraq 100 manat və 51.20 manat məbləğində pul vəsaitini talamışdır, yəni, hər bir vurulmuş ziyan 100 manat məbələğindən artıq deyildir. Zaqatala RPŞ-nin TQ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Etiqad Məmmədov xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla cinayət işinin başlanması rədd edilmişdir. Onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi olduğundan toplanmış material üzrə qəbul edilmiş qərarın surəti baxılması üçün Zaqatala RPŞ-nin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Bunun əsasında o, inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar qəbul etmiş və onun haqqında xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında MN MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:45-də inzibati qaydada tutulmuşdur. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, 17 mart 2025-ci il tarixdən 18 mart tarixinə keçən gecə saat 01 radələrində Zaqatala rayonu Əliabad kəndindən piyada yolun kənarı ilə evinə qayıdanda yolüstü Qımır kəndin girəcəyində olan evin qarşısında olan “VAZ-2106” markalı avtomobilin qapılarının açıq olmasını görüb, avtomobilin salonunda olan “qoltuqaltından” 4-5 ədəd “ABB” və digər bankların kartlarını götürdüyünü və evinə getdiyini bildirərək, 19 mart 2025-ci il tarixdə kartlarda olan pulları çıxartmaq məqəsədi ilə saat 18 radələrində Əliabad kəndinə gedərək, həmin kənddə “Abadstore” dükanında 30 manat pulu bir ”ABB” kartından çıxartdığını, bundan sonra Əliabadda 2-3 ədəd dükanda həmin kartlarla ərzaq məhsulu, tütün məmulatlarını aldığını, lakin hansı məbləğ xərclədiyini dəqiq bilmədiyini, həmin kartları sonra itirdiyini bildirmişdir. Etdiyi hərəkətdən peşmandır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil çıxış edərək Şəxs barəsində yüngül tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddətdə ona məxsus “VAZ-2106” markalı avtomobildən 5 bank kartı oğurlanmışdır ki, onun birindən inzibati xətanı törədən şəxs tərəfindən 100 manat, digər kartdan isə 51 manat məbləğində pul hissə-hissə oğurlanmışdır. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs mazanova Təranə Yusif qızı verdiyi ifadəsində Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə verdi. İşdə olan Zaqatala RPŞ-nin TQ-nin təhqiqatçısı, polkovnik-leytenantı Etiqad Məmmədovun xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi olduğundan toplanmış material üzrə qəbul edilmiş qərarın surəti baxılması üçün Zaqatala RPŞ-nin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Qərarın əsasında Şəxs haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxslər həmin qərarı mübahisələndirməmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:45-də inzibati qaydada tutulmuşdur. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, protokol tərtib edən şəxsin və zərərçəkmiş şəxslərin izahatları, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarla və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Zaqatala RPŞ-dən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmiş və məhkəmə iclası zamanı məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, əmlak vəziyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. AzərbaycanRespublikasıİnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) ay müddətinə inzibati həbs edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclası zalında həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli xx.xx.2025-ci il tarixdən, saat 16:45-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Zaqatala RPŞ-nə həvalə edilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə, zərərçəkmiş şəxsə və Zaqatala rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən : Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar