Məhkəmə qərarları › İş №3(033)-3/2024

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-3/2024

12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-3/2024 12.03.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- xx.xx.1957-ci il tarixdə Zaqatala rayonu Ağdamkələl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Zaqatala rayonu Gözbarax kəndində qeydiyyatında olan və orada yaşаyan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə Zaqatala rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə Zaqatala Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, xx.xx.2023-cü-ci il tarixdə Zaqatala rayon Gözbarax kəndi ərazisində ona məxsus nəzarətsiz qalmış 1 ədəd iribuynuzlu heyvan yolun hərəkət hissəsinə çıxaraq sürücü X6 məxsus “VAZ 21099” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə həmin avtomobilə maddi zərər dəymişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında özünü təqsirli bilərək göstərdi ki, o, 16 oktyabr tarixində 18:30 radələrində, günün axşam vaxtlarında iki baş iribuynuzlu heyvanı örüşdən evinə gətirdiyi zaman (pay torpağı, örüş ilə evin arasında olan məsafə təxminən 4,5 km-dir) kənd ilə mülkü torpaqları ayıran Zaqatala-Qax yolu Gözbarax ərazisində, nəzarətsiz qalmış bir baş iribuynuzlu heyvanı yolun Qax rayon hərəkət istiqamətində hərəkətdə olan ** BO *** dövlət nişanlı "VAZ-21099" markalı avtomaşın tərəfindən vurulmuş və heyvan yerindəcə tələf olmuşdur. Qeyd edir ki, kəndi (Gözbarax) ilə örüşləri ayıran Zaqatala-Qax yolu Respublika əhəmiyyətli yol təyinatı ilə inşa olunmuşdur. Lakin təəssüflər olsun ki, hər ay bir-iki baş heyvanın tələfi ilə nəticələnən həmin yolda heç bir təhlükəsizlik infrastuktu yoxdur. Kənd sakinlərinin isə mülkü torpaqlarından örüş sahələrinə mal-qaranını keçməsi üçün alternativ keçid yoxdur. Heyvandarlıqla məşğul olan kənd sakinləri həmin Zaqatala-Qax yolunda sutkanın səhər və axşam saatlarında mal-qaralarını keçid etdirməyə məcburdular və hadisə də elə həmin Zaqatala-Qax yolunda Gözbarax kəndi ərazisindən keçən hissəsində baş vermişdir. Odur ki, o özünü toplanmış inzibati material üzrə təqsirli bilir, iş üzrə ekspertiza keçirilmədən barəsində qərar qəbul edilməsini məhkəmdən xahiş edir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala RPŞ-in DYPB-in DAM polis leytenantı X8 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında izahat verərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18:50 radələrində Zaqatala rayonu Gözbarax kənd ərazisində Şəxs məxsus 1 baş iribuynuzlu heyvan olan inək kənd yolunda hərəkətdə olan “VAZ 21099” markalı ** BO *** dövlət nömrə nişanlı avtomobilin qarşısına çıxmış və toqquşma nəticəsində “VAZ 21099” markalı ** BO *** dövlət nömrə nişanlı avtomobilə maddi zərər dəymişdir. Şəxs və “VAZ 21099” markalı ** BO *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X3 izahatları alınmış, xx.xx.2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs X10 xx.xx.2023-cü il tarixli məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixində təxminən saat 18:50 radələrində mülkiyyətində olan “VAZ 21099” minik markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilə Zaqatala-Qax yolu Gözbarax kənd ərazisində 60-70 km sürətlə hərəkətdə olduğu zaman qaranlıq hava şəraitində yolun sağ tərəfindən qəflətən iri buynuzlu mal çıxmış amma sahibini görməmiş və o, o an əyləci bamışdır, lakin avtomobil sürüşmüş, həmin iri buynuzlu malı vurmuşdur. Hadisə zamanı avtomobildə dostları Samir və Ülvi olmuşdur və heç bir bədən xəsarəti almamışdır. İş materiallarına əlavə edilmiş səlahiyyətli orqan Zaqatala rayon X16 Bölməsinin əməkdaşı DAM polis leytenantı X8 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala RPŞ tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şəxs xx.xx.1957-ci il tarixdə Zaqatala rayonu, Ağdamkələl kəndində anadan olmuşdur və Zaqatala rayonu, Gözbarax kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB Gözbarax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5-82-23/2-263/2023 saylı 17 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, X9 həqiqətən Gözbarax kənd sakinidir və onun adında 2023-cü ildə təsərrüfat başına uçot kitabında 4 (dörd) baş iribuynuzlu mal-qara qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ tərəfindən verilmiş AZE seriyalı 16109330 nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1992-ci il tarixdə Şəki rayonu, Baltalı kəndində anadan olmuşdur və Zaqatala rayonu, Şəki rayonu, Baltalı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Şəki “ASAN” xidmət mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş və xx.xx.2032-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Sürücülük vəsiqəsinin surətindən görünür ki, X10 “B1, B, C1, C” dərəcəsi üzrə sürücülük hüququna malikdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Şəki RQİ və TBŞ tərəfindən xx.xx.2021-ci tarixdə verilmiş AE seriyalı 042488 nömrəli Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, qeydiyyat nişanı ** BO ***, buraxılış ili 1994-ci il olan, sedan tipli, “VAZ 21099” minik markalı, elektron avtomobil X6 məxsusdur. İş materiallarına əlavə edilmiş 16 oktyabr 2023-cü il tarixli 408 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, müayinə olunan şəxs X4 alkoqol qəbulu aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş “yol-nəqliyyat hadisəsi sxemi” aktından görünür ki, hadisə Zaqatala-Qax yolu istiqamətində, Gözbarax kənd yolunda olmuş, hadisə zamanı hava şəraiti “toranlı”, yol beton örtüklü asvalt və quru olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Şəki RQİ və TBŞ tərəfindən xx.xx.2021-ci tarixdə verilmiş AE seriyalı 042488 nömrəli Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, qeydiyyat nişanı ** BO ***, buraxılış ili 1994-ci il olan, sedan tipli, “VAZ 21099” minik markalı, elektron avtomobil X6 məxsusdur. İş materiallarına əlavə edilmiş X5 izahatından görünür ki, xx.xx.2023-cü il tarixində təxminən saat 18:50 radələrində dostu ilə Zaqataladan Şəkiyə qayıdarkən Gözbarax kənd yolunda qarşılarına qəflətən inək çıxmış və sürücü dostu əyləci basmış lakin sürüşüb inəyə dəymişdir. Hadisədən xəsarət alan olmamışdır. İş materiallarına əlavə edilmiş X1 izahatından görünür ki, xx.xx.2023-cü il tarixində təxminən saat 18:50 radələrində dostu ilə Zaqataladan qayıdanda Gözbarax kənd yolunda qarşılarına qəflətən inək çıxmış və sürücü dostu əyləci basmış lakin sürüşüb inəyə dəymişdir. Hadisədən xəsarət alan olmamışdır. İş materiallarına əlavə edilmiş Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən 12 mart 2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında material üzrə özünü təqsirli bilir. İş üzrə ekspertiza təyin edilməsini istəmir, bərəsində qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aprılan şəxsin özünü təqsirli bilməsi barədə izahatı ilə deyil, inzibati xəta haqqında protokolla və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, zərərçəkmiş şəxsin izahatı və Zaqatala rayon polis şöbəsindən daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 338.5.1-ci maddəsinə əsasən mal-qaranın yolda nəzarətsiz qoyulmasına görə qırx manat məbləğində cərimə edilir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tövsif olunmalıdır. “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu”nun 11-ci maddəsinin dördüncü bəndinin altıncı yarımbəndində göstərilir ki, avtomobil yollarında və təhkim zolağında avtomobil yollarının torpaq sahələrində mal-qaranın otarılması, respublika əhəmiyyətli avtomobil yolları ilə mal-qaranın aparılması, habelə avtomobil yollarının sahiblərinin razılığı olmadan müəyyən edilən yerlərdən kənar avtomobil yolundan və ya bu məqsədlə xüsusi olaraq yaradılmış keçidlərdən kənar mal-qaranın keçirilməsi qadağandır. Həmin Qanunun 39-cu maddəsində göstərilir ki, mal-qara ötürənlər: 1) malqaranı asfalt və sement-beton örtüklü yollarla ötürməməlidirlər; 2) sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində, dəmir yollarından, yolların, küçələrin, meydanların və bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən mal-qaranı ötürməməlidirlər; 3) mal-qara sürüsünü yoldan son dərəcə diqqətli nəzarət etməklə ötürməlidirlər. Həmin Qanunun 47-ci maddəsinin dördüncü bəndində göstərilir ki, mal-qaranı yolda sutkanın işıqlı vaxtı və nəzarət etməklə ötürmək lazımdır. Mal-qara ötürənlər malqaranı yolun mümkün qədər sağ kənarı ilə ötürməlidirlər. V. Mal-qara dəmiryol xətlərinin və yolun hərəkət hissəsinin üstündən keçirildikdə, sürü mal-qaranı ötürənlərin sayı nəzərə alınmaqla elə sayda dəstələrə bölünməlidir ki, mal-qaranın təhlükəsiz keçirilməsini təmin etmək mümkün olsun. Vİ. At arabası nəqliyyatının (kirşəsinin) sürücüsünə, yük və minik heyvanlarını sürənlərə, mal-qaranı ötürənlərə: 1) mal-qaranı yolda nəzarətsiz qoymaq; 2) mal-qaranı dəmiryol xətlərinin və yolların üstündən xüsusi olaraq bu məqsəd üçün ayrılmış yerlərdən kənarda, habelə sutkanın qaranlıq vaxtında və məhdud görünmə şəraitində keçirmək (müxtəlif səviyyələrdə mal-qaranı ötürmə yerlərindən başqa); 3) mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürmək qadağandır. Məhkəmə qeyd edir ki, Zaqatala rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməsə də, məhkəmə araşdırması zamanı inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı müəyyən edildi. İnzibati xəta törətmiş şəxsin əməlini etiraf etməsi və onun səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətini ağırlaşdıran hər hansı hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 36-cı maddəsinə görə inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. İnzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Həmin Məcəllənin 115.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi məsələləri hakim tərəfindən həll edilir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən gründüyü kimi nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Məhkəmə araşdırılmasında zərərçəkən şəxsə dəymiş zərərin əvəzinin ödənilməsi öz təsdiqini tapmadığından, məhkəmə hesab edir ki, vurulmuş zərərin əvəzinin ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması zərərçəkmiş şəxsə izah edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini və əmlak vəziyyətini, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməməsini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilsin. Zərərçəkmiş şəxs X6 izah edilsin ki, vurulmuş zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldıra bilər. Qərarın surəti inzibati xəta törədən şəxsə, zərərçəkmiş şəxsə və Zaqatala rayon polis şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar