Məhkəmə qərarları › İş №3(033)-30/2024

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-30/2024

26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-30/2024 26.01.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1958-ci ildə Zaqatala rayonu Yuxarı Tala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Zaqatala rayonu Yuxarı Tala kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Zaqatala Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Zaqatala Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i: Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolla Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zaqatala rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəmə prosesində verdiyi izahatında qeyd edilən inzibati xəta haqqında protokolun dəlillərini müdafiə etdiyini bildirdi. O, izahatında əlavə olaraq bildirdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-1359/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Şəxs 147000 ABŞ dolları tutularaq tələbkar "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Borcun ödənilməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tələb olunsa da, o, borcunu ödəyə bilməyəcəyini bildirmiş və həmin məbləği bir dəfəyə ödəməkdən imtina etmiş, tutulmanın aldığı pensiyaya yönəldilməsini istəmişdir. Şəxs məxsus kreditin təminatı kimi qoyulmuş Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən yaşayış binası (fındıq emalı sexi) və fərdi yaşayış evi "xxxx" MMC-dən borcun müəyyən hissəsinin, yəni 75000 USD əvəzinə "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatında əmlak kimi balansa götürülmüş və həmin məbləğ kredit məbləğindən azaldılmışdır. Bundan sonra bu günədək ödəniş olunmamışdır. Bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmənin qeyd edilən icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinə yönələn hərəkətlərə yol vermiş və ona görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu fakt Şəxs izahatları ilə təsdiq edilmişdir. Həmçinin icra sənədinin icrası ilə əlaqədar müəyyən icra hərəkətləri edilmiş, sorğular verilmiş, cavablar alınmışdır. Bu icra hərəkətləri nəticəsində borclunun adına hər hansı əmlakın qeydə alınıb-alınmaması ilə bağlı elektron sistem vasitəsi ilə sorğular verilmiş, nəticədə onun adına heç bir daşınar və daşınmaz əmlakın olmadığı müəyyən edilmişdir. Hazırda Şəxs 147000 ABŞ dolları pul borcu qalmışdır. Borcun ödənilməsi dəfələrlə tələb olunsa da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs pul borcunu bir dəfəyə ödəyə bilmədiyini, maddi imkanının olmamasını bildirərək, borcunu bir dəfəyə ödəməkdən imtina etmişdir. İnzibati xəta haqqında materiala baxarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında pensiya aldığını, arada-sırada bağbanlıq etdiyini, maddi vəziyyətinin yaxşı olmadığını, borcu tam ödəyə bilməyəcəyini bildirdi. Belə ki, krediti özü götürmüşdür. Krediti alan zaman fındıq-ləpə işi ilə məşğul olurmuş, daha sonra baza bağlandığından, anbarda olan mallarını götürə bilməmiş və beləliklə borcunu qaytara bilməmişdir. Borcun pensiyasından tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdayiə etdiyi Şəxs əməlində qərəzli olaraq borcunu ödəməkdən yayınmasına dair inzibai xəta tərkibinin olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, borclu icra şöbəsinə dəfələrlə dəvət olunmuş, izahatı alınmışdır və icra sənədinin icra olunmamasına hər hansı qərəzli münasibəti müəyyən olunmamışdır. Belə ki, borcun bir hissəsi əmlaka yönəldilmiş və həmin əmlakın dəyəri borc məbləğindən çıxılmışdır. Hal-hazırda isə borclunun tək gəliri pensiyasıdır. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-1359/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqindən görünür ki, cavabdeh Şəxs xx.xx.2014-cü il tarixli 02/09 nömrəli kredit müqaviləsinə əsasən, xx.xx.2016-cı il tarixə olan 200.000 (iki yüz min) ABŞ dolları əsas kredit borcu və 22.000 (iyirmi iki min) ABŞ dolları ona hesablanmış faiz borcu olmaqla, qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla, cəmi 222.000 (iki yüz iyirmi iki min) ABŞ dolları kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla, cəmi 222.000 (iki yüz iyirmi iki min) ABŞ dolları kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat üzrə tutma xx.xx.2014cü il tarixli G-02/09 nömrəli ipoteka müqaviləsinə əsasən, ipoteka yüklü edilmiş cavabdeh Şəxs xüsusi mülkiyyətində olan Zaqatala rayonu Yuxarı Tala kəndində 0,0917 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 97.2 kv.m. köməkçi, 74 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evinə və Zaqatala rayonu Yuxan Tala kəndində 0,0283 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 girişli, 247 kv.m ümumi, 183 kv.m. əsas, 64 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış binasına (Fındıq emalı sexi) yönəldilsin, həmin fərdi yaşayış evi və qeyri-yaşayış binası (Fındıq emalı sexi) ilkin qiymətləri birlikdə 220.000 (iki yüz iyirmi min) manat olmaqla, açıq hərracda satılsın və onların satışından əldə edilmiş vəsait hesabına cavabdeh Şəxs iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənilməli, həmin daşınmaz əmlakların açıq hərracda satılması nəticəsində əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ cavabdeh Şəxs tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, cavabdeh Şəxs xüsusi mülkiyyətində olan Zaqatala rayonu Yuxarı Tala kəndində 0,0917 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 97.2 kv.m. köməkçi, 74 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evinə və Zaqatala rayonu Yuxarı Tala kəndində 0,0283 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 girişli, 247 kv.m ümumi, 183 kv.m. əsas, 64 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış binasına (Fındıq emalı sexi) tutma yönəldildikdə və onlar satıldıqda, ipoteka qoyan cavabdeh Şəxs, onun ailə üzvləri olan arvadı X2 və oğlu Vəkil fərdi yaşayış evini ən geci bir ay ərzində tərk etməli, qeyri-yaşayış binası (Fındıq emalı sexi) boşaldılmalıdır. İş materiallarında olan Zaqatala Rayon İcra Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X4 tərəfindən qəbul edilmiş 13 mart 2017-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, iş üzrə icraata başlanılması, borclu Şəxs icranı 10 gün müddətinə könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır və ona tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarında olan "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı-Şəki Filialı tərəfindən verilmiş 30 noyabr 2023-cü il tarixli 1030 nömrəli məktubdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 saylı Fərmanının icrası ilə əlaqədar olaraq, Şəxs "xxxx" ASC-yə olan 200000 USD əsas, 22000 USD faiz, cəmi 222000 USD borcununun tələb hüququ xx.xx.2017-ci il tarixli, S-FK-ZAQ-139 saylı təhvil-təslim aktına əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına keçmiş və həmin borc Şəki filialının balansına götürülmüşdür. Borc məbləği "xxxx" QSC BOKT-nın Şəki filialının balansına götürüldükdən sonra bu günə kimi ödəniş olmamışdır. Kreditin təminatı kimi girov qoyulmuş Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən qeyri yaşayış binası (fındıq emalı sexi) və fərdi yaşayış evi "xxxx" MMC-dən borcun müəyyən hissəsinin, yəni 75000 USD (127.500 manat) əvəzinə "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatında əmlak kimi balansa götürülmüş və həmin məbləğ kredit məbləğindən azaldılmışdır. Hal-hazırda Şəxs əsas borc qalığı 125000 USD, faiz borc qalığı 22000 USD olmaqla, cəmi 147.000 USD təşkil edir. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, icra məmuru tərəfindən lazımi qanuni tədbirlərin görülməsinə baxmayaraq, icra edilməli olan məhkəmənin icra vərəqəsi Şəxs tərəfindən indiyədək üzrsüz səbəbdən icra edilməmişdir. İcra məmuru tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qətnaməni icra etməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq o, qətnaməni icra etməmişdir. Belə ki, Şəxs məxsus kreditin təminatı kimi qoyulmuş əmlaklar balansa götürüldükdən və həmin məbləğ kredit məbləğindən azaldıldıqdan sonra bu günədək Şəxs tərəfindən ödəniş olunmamışdır. İş materiallarında olan sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunsuz və əsassız olaraq icra sənədinin icra edilməsi barədə hərəkətsizlik etməklə, icra məmurunun qanuni tələbinin yerinə yetirilməməsi kimi qanun pozuntusu etmişdir. O, təqsirsiz deyil və onun əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Şərh edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmənin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməklə, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129.1-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 129.2-ci maddəsinə əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzürsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 32.2-ci maddəsində müəyyən edilmişdir ki, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-in 32.1 və 33.1-ci maddələrində nəzərdə tutulmuş inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirərkən, məsuliyyəti yüngülləşdirən ağırlaşdıran halın olmamasını, inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyətini, maddi imkanının pis olması səbəbindən borcu ödəmək imkanının olmamasını, eləcə də inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək imkanlarının tükənmədiyini, həmçinin altmış beş yaşına çatdığından barəsində inzibati həbs tətbiq edilə bilməməsini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Cərimə cəzasının icrası Şəxs yaşayış yeri üzrə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xətanı törədən şəxsə, zərərçəkmiş şəxsə, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə təqdim edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar