Məhkəmə qərarları › İş №3(033)-300/2023

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-300/2023

31.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-300/2023 31.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Ayşə İsrafil qızının katibliyi, Şikayət verən şəxs X1 iştirakları ilə, Şikayət verən şəxs X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17215489 nömrəli, inzibati tənbeh vermə haqqında elektron qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17215489 nömrəli onun cərimə olunmağına dair inzibati xəta haqqında elektron qərarın ləğv edilməsinə və inzibati işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X2 şikayət ərizəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu F.X.Xoyski prospektində ona məxsus Mercedes Benz E220D markalı **-LX-*** qeydiyyat nömrə nişanlı avtomobil hərəkət edən zaman saat 15:09 radələrində təhlükəsizlik kamerası vasitəsi ilə DİN BDYPİ-nin polis polkovnik leytenantı X5 tərəfindən EQ/17215489 saylı protokol tərtib edilmişdir. Protokolda onun inzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyi qeyd olunmaqla, törətdiyi xətaya görə məsuliyyət qeyd olunmuşdur. Hörmətli məhkəmə heyəti, onun etirazı haqqında çıxarılmış qərarın hüquqi əsasının olmamasıdır. Belə ki, ona SMS radar xidməti vasitəsi ilə göndərilmiş protokolda İXM-in 332.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə olunduğu qeyd olunsa da, DİN BDYPİ-nin tərtib etdiyi protokolda isə İXM-nin 346.1 -ci maddəsi ilə 100 manat məbləğində cərimə olunduğu qeyd edilmişdir. Belə ki, ona məxsus **-LX-*** qeydiyyat nişanlı Mercedes E220D markalı avtomobil etibarnamə əsasında qardaşının oğlu X4 tərəfindən idarə edildiyi üçün İXM-in 332.2-ci maddəsi əsasında tərtib edilmiş protokolun hüquqi əsası yoxdur. Bununla belə, sürücü barəsində İXM-in 346.1-ci maddəsi ilə protokol tərtib edilmişdirsə də, həmin inzibati qayda pozuntusunun cəriməsi 100 manat deyil, 10 manat məbləğində nəzərdə tutulur. Məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə məlumat verilməsinə baxmayaraq İdarə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şikayət verən şəxs X2 şikayət ərizəsini müdafiə edərək ona uyğun izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayət verən şəxs X1 şikayətini, iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17215489 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi polis polkovnik leytenantı X5 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, EQ 17215489 nömrəli elektron qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında Etibarnamədən görünür ki, Mercedes Benz E220D minik markalı nəqliyyat vasitəsi mülkiyyətçi X2 tərəfindən xx.xx.2023-cü il tarixdən 1 il müddətinə etibar edilən Ragim Mamedova sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatan çıxarmaq, ərizə vermək kimi səlahiyyətlər verilmişdir. Məhkəmə hesab edir ki, təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. X3 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmə tərəfindən şübhələri və ziddiyyətli məqamları barəsində protokol tərtib edilmiş şəxsin xeyrinə həll olunması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. Həmin Məcəllənin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddısinə əssən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İnzibati xətanın anlayışından bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsində aparılan inzibati iş üzrə icraat Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər baxımından işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur.Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İşin hallarından görünür ki, inzibati tənbeh vermə haqqında elektron qərarda qeyd olunan, Mercedes Benz E220D minik markalı nəqliyyat vasitəsi X1 mülkiyyəttindədir. Lakin nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında Etibarnamədən görünür ki, qeyd olunan nəqliyyat vasitəsi mülkiyyətçi X2 tərəfindən xx.xx.2023-cü il tarixdən 1 il müddətinə etibar edilən Ragim Mamedova sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatan çıxarmaq, ərizə vermək kimi səlahiyyətlər verilmişdir. Göründüyü kimi, səlahiyyətli orqan tərəfindən həmin nəqliyyat vasitəsinin kimin tərəfindən idarə edilməsinə dair dəqiqləşdirmə aparmalı olsalar da, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi polis polkovnik leytenantı X5 tərəfindən 01 oktyabr 2023-ci il tarixdə tərtib edilmiş EQ 17215489 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması», «bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Beləliklə, hesab edirəm ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi polis polkovnik leytenantı X5 tərəfindən qəbul edilmiş 01 oktyabr 2023-ci il tarixdə tərtib edilmiş EQ 17215489 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün və qeyd edilən məsələlərin tam obyektiv şəkildə araşdırılması üçün inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqana göndərilməli, şikayət qalan hissədə təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-131 və 135-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi polis polkovnik leytenantı X5 tərəfindən qəbul edilmiş 01 oktyabr 2023-ci il tarixdə tərtib edilmiş EQ 17215489 inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün səlahiyyətli orqana, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Vüqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar