Məhkəmə qərarları › İş №3(033)-305/2023

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-305/2023

26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-305/2023 26.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X4 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala Rayon Polis Şöbəsinin DYPB YPX inspektoru, polis baş serjantı X1 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- 07 avqust 1993-cü il tarixdə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, deməsinə görə məhkumluğu olmuş, əvvəllər inzibati məsuliyyətə cəlb edilmiş, Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyatında olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə Zaqatala Rayon Polis Şöbəsindən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 26 oktyabr 2023-cü il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 26 oktyabr 2023-cü il tarixdə Honda İnsight (Hibrit) minik markalı 77XU368 dövlət qeydiyyat nişanlı avtomobili yüksək səsli musiqi ilə və İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar alkoqoldan istifadə edərək sərxoş vəziyyətdə idarə etmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala Rayon Polis Şöbəsinin DYPB YPX inspektoru, polis baş serjantı X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 01:25 radələrində polis əməkdaşları Şəxs Zaqatala şəhəri F.Əmirov küçəsi ərazisində Honda markalı, Az 77-XU- 368 dövlət nömrə nişanlı avtomobili yüksək səsli musiqi ilə idarə etdiyini görmüşlər. Həmin avtomobil polis əməkdaşları tərəfindən saxlanılan zaman avtomobilin sürücüsündən kəskin spirt qoxusu gəldiyini müəyyən etmişlər. Həmin şəxs, Zaqatala rayon Tala kənd sakini Şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Şəxs tibbi müayinədən keçirən zaman həqiqətən müəyyən oldu ki, o, avtomobili sərxoş halda idarə etmişdir. O, gecə saat 01 radələrində tutulsa da, buraxılmış, bugün səhər saat 09:30-da polis şöbəsinə gəlmişdir. Qeyd olunanlara əsasən onun barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 01:20 radələrində yol vərəqəsi ilə idarə etdiyi Honda İnsight (Hibrit) minik markalı 77XU368 dövlət qeydiyyat nişanlı avtomobil ilə Zaqatala şəhəri, F.Əmirov küçəsində hərəkətdə olan zaman maqnitofonun səsi azca çox olduğu üçün polis əməkdaşları onu saxlamış və dindirən zaman yüngül spirtli içki iyi gəldiyi üçün həmin əraziyə yol patrul əməkdaşlarını dəvət etmişlər. O, taksi fəaliyyəti ilə məşğul olur. Gecə vaxtı qonşusu siqaret almaq üçün ona zəng etmiş, onunla siqaret almağa getmək istədiyini bildirmişdir. O, da spirtli içki qəbul etsə də, onunla razılaşmışdır. Həmin vaxt qonşusu da sərxoş olmuşdur. Qonşusu daha çox sərxoş olduğundan avtomobildə olan maqnitofona yüksək səs vermişdir. O, səmimi olaraq pivə qəbul etdiyini etiraf etmişdir. Əvvəllər də iyun ayında spirtli içki qəbul edərək avtomobili idarə etdiyi üçün Göygöl rayonunda barəsində polis əməkdaşları tərəfindən protokol və onun əsasında qərar qəbul edilmişdir. O, qərarla 400 manat cərimə edilmişdir. Həmin cəriməni ödəmişdir. Etdiyi əməldən peşmandır. Bir daha belə qayda pozuntusuna yol verməyəcəyini bildirdi və göstərilənlərin nəzərə alınaraq ona cərimə cəzası verilməsini xahiş etdi. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X6 çıxış edərək Şəxs əməlindən peşman olmasını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında materiala əlavə edilmiş 26 oktyabr 2023-cü il tarixli 421 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, 07 avqust 1993-cü il təvəllüdlü Şəxs yüngül dərəcəli sərxoşluq vəziyyəti aşkar edilmişdir. İşə əlavə edilmiş TP seriyalı ******* nömrəli 26 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində cərimə edilmişdir. Qərar qanuni qüvvəsini almışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında qərarı nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafından başqa, həm də iş üzrə toplanmış materiallarla tam sübuta yetirilmişdir. Ona görə də onun barəsində inzibati qaydada tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə araşdırması zamanı da Şəxs əməlini səmimi etiraf etməsi, əməlindən səmimi peşmançılıq çəkməsi və inzibati xətanı sərxoş halda törətməsi müəyyən edildi. Şəxs əməlini etiraf etməsi və əməlindən səmimi peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci və 32.1.1-ci maddələrinə görə inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Lakin həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Ona görə də hesab edirəm ki, “inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi” Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin tərkib əlaməti kimi nəzərdə tutulduğundan onun inzibati xətanı sərxoş halda törətməsi inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətini ağırlaşdıran hər hansı hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 27.1 və 27.2-ci maddələrinə əsasən fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. Bu Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə hesab edir ki, Şəxs nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyinə görə barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar eyni xətanı törətməsi onun barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiqinə zərurət yaratmışdır. Digər tərəfdən, inzibati xəta törədən şəxsi tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə onun barəsində inzibati cərimə tənbehinin tətbiqi məntiqsiz və nəticə etibarilə səmərəsiz olar. Belə vəziyyətdə məhkəmə Şəxs inzibati həbs tənbehinin tətbiqini qaçılmaz sayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 iyun 2022-ci il tarixli qərarında göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət müəyyən edilmişdir. Məcəllənin 333.2-ci maddəsində isə həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə daha sərt tənbeh tədbirləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2 və 333.2-ci maddələrinin tələbləri baxımından inzibati tənbeh vermə haqqında qərarın həmin Məcəllənin 138-ci maddəsində nəzərdə tutulmuş qaydada qanuni qüvvəyə minməsindən sonra bir il ərzində eyni xətanın təkrar törədilməsi şəxsin məsuliyyətinin ağırlaşması və onun barəsində daha sərt tənbeh tədbirinin tətbiqi üçün əsasdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmamasını, məsuliyyəti yüngülləşdirən halların olmasını, onun şəxsiyyətini və əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, eyni zamanda inzibati xəta törədən şəxsi tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinib inzibati həbs edilməsinin əvvəli onun polis şöbəsinə gəldiyi vaxtdan, yəni 26 oktyabr 2023-cü il tarixdən, saat 09:30-dan hesablanmalıdır. Qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 128-130-cu maddələrinə əsaslanaraq, Q Ə R A R A A L D İ M: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 05 (beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclası zalında həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 26 oktyabr 2023-cü il tarixdən, saat 09:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Zaqatala RPŞ-nə həvalə edilsin. Qərarın surəti proses iştirakçılarına təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar