Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-307/2024 25.11.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xətaya dair işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs 295745.00 Avro məbləğində vəsaiti 09 avqust 2022-ci il tarixdə xaricə köçürmüş və 02 il müddət keçsə də, 295745.00 Avro məbləğində vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 10 avqust 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə də, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə 04 sentyabr 2024-cü il tarixdə, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən inzibati xəta üzrə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Azərbaycan Respublikasının Mərkəzi Bankından Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş 14 avqust 2022-cü il tarixli ZB-1547 saylı məktubdan görünür ki, Şəxs (VÖEN **********)- xx.xx.2022ci il tarixdə 295745 EUR və xx.xx.2022-ci il tarixdə 46683.64 EUR məbləğli təyinat kodu 2008 (avans) olaraq mal alışı üçün ölkə xaricinə avans ödənişləri icra etmişdir. Köçürmələrin icrası zamanı müştəri tərəfindən təqdim olunan ********* və ********* müqavilə kodları üzrə gömrük portalında müvafiq avansların qeydiyyatı aparılmışdır. Müştərnin təqdim etdiyi məktubda qeyd olunan vəsaitlər müştərinin məlumatına əsasən 2001 ixrac kodu ilə hesaba mədaxil olunmuşdur. Müştəri avans ödənişi üzrə malın ölkəyə idxal edilməyəcəyini və bu ödənişin vasitəçilik xidməti olduğunu uzun müddətdən sonra bildirmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xarici valyutada köçürmələr üçün ərizədən görünür ki, Şəxs tərəfindən “Borgwaldt Flavor GmbH”-un hesabına 295745.00 Avro vəsaitin köçürülməsi tələb edilmişdir. İş materiallarına əlavə edilmiş OF 002233-2 saylı xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, “Satıcı” adlanan “Borgwaldt Flavor GmbH”-ni təmsil edən Niels Danielsen və Tanja Schröder ilə “Alıcı” adlanan Şəxs direktoru X1 arasında bağlanan müqavilənin şərtlərinə uyğun olaraq “satıcı” müqavilədə nəzərdə tutulan “mal”ları tədarük edərək alıcıya satmağı, alıcı isə qeyd edilən “malı” almağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti internet vergi idarəsindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs ********** VÖEN ilə 13 saylı ərazi vergilər idarəsində vergi uçotuna alınmışdır. Göründüyü kimi “Satıcı” adlanan “Borgwaldt Flavor GmbH”-ni təmsil edən Niels Danielsen və Tanja Schröder ilə “Alıcı” adlanan Şəxs direktoru X1 arasında xx.xx.2022-ci tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən müqavilənin şərtlərinə uyğun olaraq bundan sonra “alıcı” “satıcı”dan müqavilədə nəzərdə tutulan “malı” almağı öhdəsinə götürmüşdür. Mal-material alışı üçün 09 avqust 2022-ci il tarixində Şəxs tərəfindən 295745.00 Avro məbləğində pul “Borgwaldt Flavor GmbH”-un Almaniya Federativ Respublikasında yerləşən bank hesabına ödənilmişdir. Lakin, 295745.00 Avro məbləğində pul ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçsə də, həmin vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bundan başqa iş materialından görünür ki, Zaqatala Rayon Məhkəməsinin 3(033)- 307/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Şəki Rayon Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsini və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatların aparılması Qaydaları”nın 4.3.2-1-ci yarımbəndinin Konstitusiyanın 59 və 79-cu maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair müraciəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı qəbul olunadək Zaqatala Rayon Məhkəməsinin 3(033)-307/2024 nömrəli inzibati xəta haqqında işi üzrə icraat dayanadırılmışdır. Zaqatala Rayon Məhkəməsinin 3(033)-307/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Zaqatala Rayon Məhkəməsinin 3(033)-307/2024 nömrəli işi üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 sentyabr 2024-cü il tarixli qərardadında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə isə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarıİmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4- cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” 2020-ci il 28 fevral tarixli Qərarı). Bununla yanaşı, Qaydaların 4.3.2-1-ci maddəsi ilə malların respublikanın gömrük ərazisinə gətirilmədən üçüncü tərəfə təqdim edilməsi üzrə rezidentlərin və qeyrirezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı maliyyə köçürmələri tənzimlənmişdir. Belə ki, bu köçürmələrin məbləği vasitəçinin müvəkkil bankdakı hesabına mal alan tərəfindən əvvəlcədən köçürülən məbləğdən artıq olmamalı və vasitəçilik fəaliyyətini təsdiq edən müvafiq müqavilə (müqavilələr) banka təqdim edilməlidir. Vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələr vasitəçinin vəsaiti hesabına avans yolu ilə həyata keçirildikdə, belə köçürmələr əlavə olaraq mal alan tərəfindən qabaqcadan ödənilmiş məbləğ həcmində vasitəçinin xeyrinə açılan geri çağırılmayan akkreditiv və (və ya) geri götürülməyən, qüvvədə olma müddəti öhdəliklərin icra müddətindən ən azı 30 (otuz) bank günü çox olan bank qarantiyası təqdim edilməklə aparılmalıdır. Qabaqcadan ödənilmiş məbləğ ödənişin aparıldığı gündən ən geci 180 (yüz səksən) gün müddətində geri qaytarılmadıqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməlidir. Beləliklə, bu yarımbənd məhz vasitəçiliklə bağlı maliyyə əməliyyatlarının aparılması qaydalarını, köçürülən məbləğlərə dair müvafiq məhdudiyyətləri, lazımi sənədləri və müəyyən şərtlərə əməl edilmədikdə atılmalı olan addımları müəyyən edir. Vasitəçilik mülki dövriyyə subyekti tərəfindən kontragentlə münasibətlərin üçüncü şəxsin (vasitəçinin) iştirakı ilə qurulmasını nəzərdə tutur. Vasitəçilik münasibətləri müxtəlif müqavilələrlə (ticarət agenti, konsessiya, komissiya, broker müqavilələri) rəsmiləşdirilir. Belə müqavilələr əsasında bir tərəf muzd (haqq) müqabilində digər tərəf qarşısında malların alınması və ya satılması sahəsində, habelə malların müəyyən bazarda yerləşdirilməsinə yönələn öhdəlikləri öz üzərinə götürür. Həmin qərardadda o da göstərilmişdir ki, bu qəbildən olan işlərə baxılarkən inzibati xətaya görə məsuliyyətə cəlb olunan şəxsin valyuta vəsaitləri ilə həyata keçirdiyi hərəkətlərin və göndərişlərin kimin adından və kimin vəsaiti hesabına həyata keçirilməsi məhkəmələr tərəfindən müəyyənləşdirilməli, müqavilə tərəfləri arasında real vasitəçilik münasibətlərinin olub-olmaması, müqavilənin görüntü üçün bağlanıb-bağlanmaması, vasitəçilik haqqında müqavilələrin qabaqcadan banka təhvil verilib-verilməməsi, geri çağırılmayan akkreditiv və bank qarantiyasının olub-olmaması araşdırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 45/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” –nın 4.3.1.3-cü bəndində göstərilir ki, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materiallarından da görünür ki, xx.xx.2022-ci il tarixdə Şəxs "xxxx" ASC-də olan hesabından ödənilmiş 295745.00 Avro məbləğində pul ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçsə də, həmin vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Həmçinin Şəxs avans ödənişləri üzrə malların ölkəyə idxal edilməyəcəyini və bu ödənişlərin vasitəçilik xidməti olduğunu bildirsə də, tərəflər arasında üçtərəfli bağlılığın olması məhkəmə prosesində müəyyən edilməmiş və bunu təsdiq edəcək üçtərəfli müqavilə məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin əməlində İXM-in 430.4-cü maddəsinin tərkibinin olması tam sübuta yetirilir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 fevral 2020-ci il tarixli qərarında da qeyd edilmişdir ki, Konstitusiyanın 59cu maddəsinin tələblərinə uyğun olaraq, Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə müvafiq valyuta əməliyyatı ilə bağlı xüsusi nəzarət rejiminin müəyyən edilməsinə və İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində valyuta tənzimi qaydasının pozulmasına görə məsuliyyətin nəzərdə tutulması sahibkarlıq sahəsində dövlət maraqlarının müdafiəsi, o cümlədən beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması, valyuta nəzarətinin effektivliyinin artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədi daşıyır. Göründüyü kimi, yuxarıda qeyd olunan sübutlarla Şəxs İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməsi tam təsdiq olunmuşdur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması,habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmiş, həmçinin məhkəmə araşdırması zamanı da hüquqi şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs səlahiyyətli nümayəndəsinin törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, eyni zamanda inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyətini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin, yəni 295745.00 (iki yüz doxsan beş min yeddi yüz qırx beş) Avro məbləğinin iyirmi faizi məbləğində (ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatına olan məzənnə nisbətində) inzibati qaydada cərimə edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(033)-307/2024
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-307/2024
25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver