Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-315/2025 21.06.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəlilova - Xəlilova Nuridə Əli qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə 17 avqust 1987-ci il tarixdə Zaqatala rayonu, Faldarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, Zaqatala rayonu, Faldarlı kəndində qeydiyyatında olan və yaşayan Şəxs Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 06 may 2025ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, xx.xx.2025-ci il tarixdə Zaqatala rayonu, Kəğənəkçi kəndində yerləşən dövlət ərazisində olan təbii göldə özünə məxsus 2 ədəd tilovla qadağan olunmuş vaxtda ov etmiş və 5-20 ədəd xırda balıq ovlamış bununla da ov qaydalarını pozmuşdur Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zaqatala rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə Zaqatala rayonu, Kəpənəkçi kəndində yerləşən təbii göl ərazisində X1 ilə birlikdə spinliklə balıq tutmuşdur. Həmin spinliklərin ikisi onun, ikisi isə əmisi oğlu Sübhanın olmuşdur. Onlar suya şüşə qab qoymuş və şüşənin içərisinə çörək qırıntıları tökərək xırda balıqları tutmuş, daha sonra həmin balıqları yem kimi istifadə edib iri balıq tutmağa çalışmışdırlar. O ov mövsümünün bağlandığını bilməmişdir. O səhvini başa düşür. Bir daha bu kimi hallara yol verməyəcəyinə söz verir, barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş edir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zaqatala rayon Polis Şöbəsinin 06 may 2025-ci il tarixli 3-13-118/2-9465/2025 nömrəli aktından görünür ki, həqiqətən xx.xx.2025-ci il tarixdə Sübhan Ramazanov və Şəxs hərəsi özlərinə məxsus 2 ədəd tilovla Zaqatala rayonu Kəpənəkçi kəndində dövlətə məxsus təbii göldə, qadağan olunmuş vaxtda balıq ovuna çıxmış və 5-10 ədəd xırda “Karas” balığı tutmuşdur. Həmin balıqları da iri balıqların tutulması üçün yem kimi istifadə etmişdir. Tərəflərindən balıq ovunda istifadə olunmuş 4 ədəd tilov və 5-10 ədəd balıq götürülmüşdür. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün izahatı və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Həmçinin məhkəmə Şəxs izahatına hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, onun ov etməsinin qanunsuz olduğunu bilməməsi ilə bağlı izahatı heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İİİ. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Eyni zamanda “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti bu Qanunda nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. Ovçuluq fəaliyyəti ödənişlidir. Bu fəaliyyət ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir; Həmin Qanunun 14-cü maddəsinə əsasən ov etmək üçün icazə ovçuluq fəaliyyətinin həyata keçirilməsinə icazə verən hüquqi sənəddir və ov obyektlərinin hər növünə ayrıca verilir. İcazə ov mövsümündə həvəskar və idman ovunu həyata keçirmək üçün fiziki və hüquqi şəxslərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilir. İcazədə ov obyektinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtləri göstərilir; Bu Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nəzərdə tutulmamış günlərdə, ovçuluq bileti və ov etmək üçün icazə olmadıqda, başqa şəxsə aid olan ovçuluq biletindən, ov etmək üçün icazədən və ov silahından istifadə edildikdə, ov etmək üçün verilmiş icazədə göstərilən yerdə ov edilmədikdə, ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmədikdə, ov etmək üçün icazədə göstərilmiş normadan (saydan) artıq ov edildikdə Azərbaycan Respublikasının ərazisində ov edilməsi qadağan edilir; Həmin Qanunun 28.1-ci maddəsinə əsasən ovçuluq haqqında qanunvericiliyi pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “X3 Haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təbiətdən istifadə sahəsində lisenziya və ya icazə tələb olunan müvafiq fəaliyyət növləri və ya hərəkətlər belə lisenziya və ya icazə alındıqdan sonra həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 2-ci bəndinə əsasən təbiətdən ümumi istifadə əhalinin həyatının zəruri tələbatının ödənilməsi üçün vətəndaşlara və təşkilatlara təbii resursların ödənişsiz istifadə etmək şərti ilə həyata keçirilir. Qanunvericilikdə nəzərdə tutulduğu hallarda, təbiətdən istifadəyə məhdudiyyətlər qoyulmasına yol verilir. Həmin Qanunun 78-ci maddəsinə əsasən X3 haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər, o cümlədən vəzifəli şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 sentyabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan ov qaydalarının kobud şəkildə pozulmasında təqsirli olan şəxsə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi həmin Məcəllənin xüsusi hüququn məhdudlaşdırılmasının tətbiqi əsaslarını tənzimləyən 27.1-ci maddəsinin hüquqi mahiyyətinə uyğun olaraq, yalnız həmin şəxsdə belə bir xüsusi hüququn (ov etmək hüququnun) olması halında mümkündür. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə araşdırması zamanı Şəxs həmin əməli törətməsini səmimi etiraf edərək peşmançılıq çəkməsi müəyyən edildi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin əməli törətməsini səmimi etiraf edərək peşmançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini və əmlak vəziyyətini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməməklə, inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməməklə, 1000 (bir min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə və Zaqatala rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(033)-315/2025
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-315/2025
21.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver