Məhkəmə qərarları › İş №3(033)-323/2024

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-323/2024

30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-323/2024 30.09.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X7, zərərçəkmiş şəxs X3 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin polis sahə rəisi X1 iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Zaqatala rayonu, Fındıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Zaqatala rayonu, Fındıqlı kəndində qeydiyyatda olan və orada da yaşаyan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Zaqatala Rayon Məhkəməsinin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 27 sentyabr 2024-cü il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 08 avqust 2024cü il tarixdə Zaqatala rayonu, Fındıqlı kəndində X2 məxsus evin həyətyanı sahəsindən 23 kq qabıqlı fındıq oğurlamaqla sonuncuya 96.60 (doxsan altı manat altmış qəpik) manat məbləğində zərər vurmuşdur. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon Polis şöbəsinin polis sahə rəisi X6 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 08 avqust 2024-cü il tarixdə saat 10:30-da Şəxs X4 məxsus evin həyətyanı sahəsinə daxil olaraq altıaçıqda olan kisədən 23 kq qabıqlı fındığı oğurlanmışdır. Şəxs Qüdrət Məmmədova məxsus qabıqlı fındığı oğurlamaqla ona 96 manat 60 qəpik dəyərində ziyan vurmuşdur. Yaşayış sahəsinə və digər saxlanc yerlərinə daxil olaraq özgə əmlakını oğurlama cinayəti, oğurlanmış əmlakın dəyəri 100 (yüz) manatdan yuxarı olduqda yaranır. Belə olan halda, mövcud qanunvericiliyin tələblərinə əsasən X4 məxsus 23 kq qabıqlı fındığın oğurlanması faktı üzrə cinayət işi başlana bilməz. Bu halda toplanmış materiallarla Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun haqqında 27 sentyabr 2024-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmçinin bildirir ki, oğurlanmış fındığın 12 kq satın alan şəxs tərəfindən geri qaytarılmışdır. Odur ki, şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı polis şöbəsində verdiyi izahatını təsdiq edərək bildirdi ki, barəsində şikayət edən X8 onun həmkəndlisidir və barəsində etdiyi şikayətlə tanış olmuşdur. O, həmkəndlisi Qüdrət Məmmədovu fındıq bağından fındıq yığaraq evə gəldiyini bir neçə dəfə görmüşdür. Buna görə də, o, əmin olmuşdur ki, Qüdrətin evinin həyətində fındıq vardır. 08 avqust 2024-cü il tarixdə saat 10:30-da o, Qüdrət Məmmədov evdə olmadığı müddətdə yaşadığı evin həyətinə hasardan tullanaraq daxil olmuşdur. Həmin vaxt o, görmüşdür ki, Qüdrət Məmmədova məxsus evin qarşısındakı altıaçıqda fındıq kisələri vardır. O, həmin kisələrdən birindən təxminən 20-25 kq fındığı götürərək özü ilə apardığı kisənin içərisinə yığmışdır. Daha sonra isə yığdığı fındıq kisəsini özü ilə götürüb həyətdən çıxıb getmişdir. Həmin gün isə günortaya kimi o, fındığı rayon ərazisində tanımadığ şəxsə satmışdır. Satarkən fındığın çəkisi ölçülmüş və 23 kq olması məlum olmuşdur. O, həmin 23 kq fındığı 1 kiloqramını 4 manatdan sataraq 92 manat pul əldə etmişdir. Lakin bir müddət sonra isə həmin pulu xərcləyib bitirmişdir. Həmin gün Qüdrət Məmmədov onu kənd ərazisində saxlayaraq fındıq oğurlayıb-oğurlamadığını soruşduqda o, törətdiyi əməli boynuna alaraq oğurladığını bildirmişdir. O, Qüdrətə bildirmişdir ki, 2 gün ərzində ona dəymiş olan ziyanı ödəyəcəkdir. Lakin 10 avqust 2024-cü il tarixdə ona məlum olmuşdur ki, Qüdrət Məmmədov ondan şikayət edərək “102” xidməti-zəng mərkəzinə məlumat vermişdir. Göstərdiklərini nəzərə alaraq, barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X8 izahatında göstərdi ki, barəsində şikayət etdiyi Şəxs onun həmkənlisidir. Onun Fındıqlı kəndində fındıq ağaclarından ibarət olan bağ sahəsi vardır. Son üç aydır ki, o, həmin bağ sahəsində fındıq ağaclarından fındıqları yığaraq həmin kənddə yerləşən yaşadığı evə gətirib həyətdə evin qarşısında altıaçığa boşaldır. Eyni zamanda həmin təmizlənmiş qabıqlı fındıqları daha sonra kisələrə yığıb altıaçıqda saxlayır. 08 sentyabr 2024-cü il tarixdə saat 14 radələrində o, bağ sahəsindən işlədikdən sonra yaşadığı evə gəlmişdir. O, evin həyət qapısından həyətə daxil olub evin qarşısında altıaçıqda yan-yana yığdığı fındıq olan kisələrə baxdıqda kisələrdən birinin üzərindən fındığın azaldığını görmüşdür. O da həmkəndlisi Talehdən şübhələndiyi üçün həmin gün onu kənd ərazisində taparaq fındığı oğurlayıboğurlamamasını soruşmuşdur. Taleh isə həmin gün səhər saatlarında ona məxsus evin həyətinə daxil olaraq kisədən təxminən 20-25 kq qabıqlı fındıq oğurladığını bildirmişdir. O, Talehə fındığını geri qaytarmasını və ya pulunu gətirib verməsini tələb etmişdir. Taleh isə 1-2 gün ərzində ona dəymiş ziyanı ödəyəciyini bildirmişdir. 10 avqust 2024-cü il tarixdə isə Taleh ona vurduğu ziyanı ödəmədiyi üçün Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng vuraraq fındıq məhsulunun Taleh adlı şəxs tərəfindən oğurlanması barədə məlumat vermişdir. Sonradan o, həmin gün kisədən nə qədər fındıq oğurlandığını tərəzi vasitəsilə ölçdükdə 23 kq qabıqlı fındığın oğurlanması ona məlum olmuşdur. O, Taleh barəsində tədbir görülməsini və ona ağır cəza verilməsini xahiş edir. O, Şəxsla barışmamışdır. Ondan şikayətçidir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X10 çıxış edərək Şəxs barəsində yüngül tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etdi. İşdə olan Zaqatala RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X5 19 sentyabr 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X3 müraciəti əsasında toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmiş, göstərilən hadisəni törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Zaqatala RPŞnin İTB-nə göndərilməsi qərara alınmışdır. Zaqatala Rayon Məhkəməsinin icraatında olan 1(033)-54/2024 saylı cinayət işindən görünür ki, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyə daxil olmuşdur. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, protokol tərtib edən şəxsin və zərərçəkmiş şəxsin izahatları, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarla və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227- ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Zaqatala RPŞ-dən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmiş, həmçinin məhkəmə prosesində də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini (hal-hazırda məhkəmənin icraatında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin olmasına baxmayaraq xırda talama inzibati xəta əməlini törətməsi), əmlak vəziyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. AzərbaycanRespublikasıİnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 02 (iki) ay müddətinə inzibati qaydada məhkəmə iclası zalından həbs edilsin. Həbs etmənin əvvəli onun həbsə alındığı 30 sentyabr 2024-cü il tarixdən saat 17:20-dən hesablansın. Qərarın icrası Zaqatala Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Qərarın surəti inzibati xətanı törədən şəxsə, müdafiəçiyə, zərərçəkmiş şəxsə, Zaqatala Rayon Şöbəsinə təqdim edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Vüqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar