Məhkəmə qərarları › İş №3(033)-325/2025

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-325/2025

20.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-325/2025 20.08.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 Əli qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Zaqatala Rayon Vəkil Bürosunun vəkili X3, inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri X2 iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Zaqatala rayonu, Aşağı Tala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, subay, Zaqatala rayonu, Aşağı Tala kəndində qeydiyyatda olmaqla yaşаyan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Zaqatala Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Zaqatala Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1324/2017 nömrəli 08 oktyabr 2017-ci il tarixli icra vərəqəsi üzrə yaranmış 31530 manat borcunun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, onun barəsində 11 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala rayon İcra və X1 Rayon Məhkəməsinə göndərilmişdir. Zaqatala Rayon Məhkəməsinin 3(033)-325/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilmişdir. Zaqatala Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 3(033)-325/2025 nömrəli inzibati xəta haqqında qərarından Zərərçəkmiş şəxs tərəfindən şikayət verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 3(107)-194/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs şikayəti şikayəti qismən təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 3(033)-325/2025 nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində olan icra sənədi üzrə zərərçəkmiş şəxsə heç bir borcunun olmamasını iddia etməklə qanuni qüvvəsini almış məhkəmə aktının icrasında qərəzli şəkildə yayınması iş materialları, o cümlədən öz izahatı ilə təsdiqini tapır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına laqeyd münasibət bəsləməklə bu qərarı icra etməmiş və bununla da Azərbaycan Respublikasının adından çıxarılmış və icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburi olan məhkəmə aktı icra edilməyərək kağız üzərində qalmışdır. Məhkəmə iclası zamanı Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri X4 izahatında göstərdi ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 1324/2017 nömrəli, 08 oktyabr 2017-ci il tarixli icra sənədinə əsasən 31500 manat pul, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat cavabdeh Şəxs alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədinin icrası ilə əlaqədar müəyyən icra hərəkətləri edilmiş, sorğular verilmiş, cavablar alınmışdır. Tərəfindən borclu Şəxs «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələbləri izah edilmiş və icra sənədinin icrası tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin edilən xəbərdarlıqlara baxmayaraq Şəxs icra sənədini icra etməkdən imtina etmişdir. Tələbkar icra sənədinin icra edilməsini tələb edir. Buna görə də, onun həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati protokol tərtib edilmişdir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, onun tələkara şəxsə heç bir borcu yoxdur. O yük avtomobilini 19500 dollara həmin şəxsdən etibarnamə əsasında almışdır, lakin tələbkar etibarnamənin müddəti bitən kimi maşının geri qaytarılmasını istəmişdir. Məhkəmə qərarı isə o olmadan çıxarılmışdır. O, həmin haqsız qərara görə ailəsini itirmişdir, özü isə xəstələnmiş və özünü öldürmək həddinə çatmışdır. Məhkəmədən xəstə olmasını, iki azyaşlı övladının olmasını nəzərə alınmasını xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X5 çıxış edərək hüquqlarını müdafiə etdiyi şəxsin icra sənədində göstərilən tələbi icra etməkdən qərəzli olaraq boyun qaçırmamasını, çox ağırlaşmalarla şəkəri diabet xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X10 Konsultativ Poliklinika tərəfindən verilmiş 1062 saylı, xx.xx.2025-ci il tarixli arayışdan və ambulator kitabçadan çıxarışdan görünür ki, Şəxs endikrinoloji kabinetdə xx.xx.2021-ci il tarixdən dispanser qeydiyyatdadır və barəsində tip 2 insulin tələbli çox ağırlaşmalarla şəkərli diabet diaqnozu qoyulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün, icra məmurunun izahatları və Zaqatala rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, öyrənilən işdən aydın olur ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 1324/2017 nömrəli 08 oktyabr 2017-ci il tarixli icra sənədinə əsasən 31500 manat pul, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat cavabdeh Şəxs alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədlərinin icrası ilə əlaqədar müəyyən icra hərəkətləri edilmiş, sorğular verilmiş, cavablar alınmışdır. Tərəfindən borclu Şəxs «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələbləri izah edilmiş və icra sənədinin icrası tələb olunmuş, əks halda barəsində İXM-in 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin edilən xəbərdarlıqlara baxmayaraq Şəxs icra sənədləri üzrə ödəniş etməmişdir. Protokol məhkəməyə təqdim edildikdən sonra da sonra icra sənədi üzrə heç bir ödəniş etmişdir. Tələbkar isə hazırda şikayətçidir, və borcun ödənilməsini tələb edir. İş materiallarından, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri fiziki şəxslər üçün məcburi olmasına baxmayaraq, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1324/2017 nömrəli 08 oktyabr 2017-ci il icra sənədi üzrə borclu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun Cinayət Məcəlləsinin 306.1-ci maddəsının şərh edıilməsinə dair 02 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə; məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs hazırkı inzibati xəta haqqında protokola əlavə edilmiş 11 iyun 2025-ci il tarixli izahatından görünür ki, onun zərərçəkmiş şəxsə heç bir borcu yoxdur. O, yük avtomobilini 19500 dollara almışdır və etibarnamənin vaxtı bitən kimi ona deyib ki, maşın onundur, gətirsin ona. Onun haqqında çıxan qərar məhkəmə olmadan verilib və bu məsələyə görə haqsız yerə çəza çəkmişdir. Onun Anara borcu yoxdur. Göründüyü kimi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində olan icra sənədi üzrə zərərçəkmiş şəxsə heç bir borcunun olmamasını iddia etməklə qanuni qüvvəsini almış məhkəmə aktının icrasında qərəzli şəkildə yayınması iş materialları, o cümlədən öz izahatı ilə təsdiqini tapır. Bundan əlavə şəxsin həmin icra sənədi üzrə ödənişi maddi imkanı olmaması səbəbindən ödəniş edə bilməməsi barədə dəlilə münasibətdə qeyd edilməlidir ki, borclunun əmlak vəziyyəti, maddi durumu və digər hallar icra məmuru tərəfindən məcburi icra tədbirləri vasitəsilə də icra sənədinin icrasını mümkün etmədikdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə işdə iştirak edən şəxslər tərəfindən ərizənin verilməsi istisna edilməməlidir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına laqeyd münasibət bəsləməklə bu qərarı icra etməmiş və bununla da Azərbaycan Respublikasının adından çıxarılmış və icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburi olan məhkəmə aktı icra edilməyərək kağız üzərində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir...Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Konstitusiya Məhkəməsinin Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Şəxs həmin icra sənədində göstərilən tələbi üzürsüz səbəbdən, yəni qəsdən icra etməmişdir. Borclu Şəxs həmin icra sənədi üzrə öhdəliklərini yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırmış, icra sənədində göstərilən tələbi icra etməmişdir. İşin qeyd edilən halları Zaqatala Rayon İcra və probasiya Şöbəsinin icra məmurunun və tərəflərin məhkəmə iclası zamanı verdiyi izahatları ilə yanaşı, məhkəməyə təqdim edilmiş sənədlərlə də öz təsdiqini tapır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmçinin məhkəmə hesab edir ki, Şəxs uzun müddət icra tədbirlərindən qərəzli surətdə yayınması, borcun kifayət qədər yüksək olması onun barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiqinə zərurət yaratmışdır. Digər tərəfdən, Şəxs çoxsaylı ağırlaşmalarla şəkərli diabet xəstəliyindən əziyyət çəkməsi və barəsində həbs tənbeh tədbirinin tətbiq edilməsinin səhhətində yaradacağı problemləri nəzərə alaraq məhkəmə hesab edir ki, şəxs barəsində inzibati cərimə tətbiq edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyətini, barəsində inzibati həbs tətbiq edilməsi üçün müstəsna halların olmamasını, şəxsin çoxsaylı ağırlaşmalarla şəkərli diabet xəstəliyindən əziyyət çəkməsi nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 700 (yeddi yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti proses iştirakçılarına təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar