Məhkəmə qərarları › İş №3(033)-327/2022

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-327/2022

27.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-327/2022 27.12.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 katibliyi, Şikayət verən şəxs X4 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayonu Yol Patrul Xidmətinin inspektoru polis baş leytenantı X7 iştirakları ilə, Şikayət verən şəxs X4 “Zaqatala rayonu Yol Patrul Xidmətinin inspektoru polis kapitanı X9 onun barəsində xx.xx.2022-ci il tarixdə tərtib etdiyi, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, Zaqatala rayon YPX-nın baş inspektoru X13 barəsində DİN-ə təqdimat göndərilməsi” barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Yol Patrul Xidməti Baş İnspektoru, Polis kapitanı X9 xx.xx.2022-ci il tarixli TP ******* nömrəli onun cərimə olunmağına dair inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edərək işin icraatına xitam verilməsini, barəsində qanunsuz hərəkətlər edərək vəzifə səlahiyyətlərindən istifadə edən Zaqatala rayon YPX-nın baş inspektoru X13 barəsində gələcəkdə belə hərəkətlərin təkrar olunmaması üçün DİN-nə təqdimat göndərilməsini xahiş etmişdir. Şikayət verən şəxs X6 şikayət ərizəsində göstərmişdir ki, Zaqatala rayonu Baş Yol Patrul Xidməti İnspektoru Polis baş leytenantı X11 xx.xx.2022-ci il tarixdə ona İXP ******* nömrəli protokol yazaraq İXM-nin 350.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyini göstərmişdir. Həmin protokol əsasında Zaqatala rayonu Yol Patrul Xidməti Baş İnspektoru, Polis kapitanı X13 xx.xx.2022-ci il tarixdə ona 200 (iki yüz) manat cərimə edilməyinə dair TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında Qərar” tərtib etmişdir. Qərarda belə yazılmışdır: Zaqatala şəhəri. Vidadi küçəsi 15 ərazisində alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında tikinti, qazıntı, yenidənqurma və ya təmir işlərinin aparılması. Həmin qərarı qanunsuz hesab edir. Qeyd etmək istəyir ki, qərarda yazıldığı kimi o heç bir ərazidə tikinti, qazıntı, yenidənqurma və ya təmir işləri aparmamışdır. O Ziyafət müəllimə adlı qadının evində təmir işləri aparır. Həmin evin qarşısında isə texniki vasitə ilə, yəni traktorla qazıntı işləri aparılmışdır. O isə malyardır, evin içəri otaqlarında təmir işləri aparır və evin qarşısında qazıntının kimin tərəfindən aparılmasından xəbəri yoxdur. Lakin polis əməkdaşı onun təmir işləri apardığı evə gələrək ona protokol yazacağını bildirmişdir, o ona qazıntını özünün aparmadığını, malyar olduğunu və evin içəri otaqlarında təmir işləri apardığını desə də, onun dediklərinə məhəl qoymayaraq, “burda sənlik heçnə yoxdur, cəriməni evin sahibi ödəyəcək” deyərək və bu yolla onu aldadaraq, ona 200 manat məbləğində cərimə yazmışdır. Bu günkü gündə cərimənin ödənilməsi onun boynunda qalmışdır. Halbuki, evin qarşısındakı qazıntı işlərinin kimin tərəfindən aparıldığı ona məlum deyil, o qərarda yazıldığı kimi heç bir yolda tikinti, qazıntı, yenidənqurma və ya təmir işləri aparmamışdır. Barəsində inzibati tənbeh tətbiq edilərkən o Zaqatala rayon Polis Şöbəsinə dəvət edilməmiş, onun hüquqları kobud şəkildə pozulmuşdur. Elgün Əliyevin onu cərimə etməsinə dair heç bir sübutu olmadığı halda barəsində yazılmış xx.xx.2002-ci il tarixli qanunsuz protokolu araşdırmadan dərhal, yəni xx.xx.2022-ci il tarixdə 200 manat cərimə edilməyinə dair qərar qəbul etmişdir. Buradan görünür ki, Zaqatala Rayon Polis Şöbəsinin DYP-nin rəisi X13 vətəndaşlara qarşı qanunsuz hərəkətlərlə məşğuldur. Onun hüquqlarını pozan hərəkətlər etdiyinə görə barəsində tədbir görülməlidir. Şikayət verən şəxs X6 şikayət ərizəsini müdafiə edərək ona uyğun izahat vermişdir. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala Rayon Polis X15 Polisi Bölməsinin YPX-nin inspektoru polis baş leytenantı X11 izahatında göstərdi ki, X4 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuni, əsaslı və ədalətlidir. X6 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən qayda pozuntusunu etdiyinə görə o, inzibati qaydada 200 manat məbləğində cərimə edilmişdir. Belə ki, o, ünvan 1 ünvanı ərazisində alınmış icazənin şərtlərinə əməl etmədən küçədə qazıntı işlərini aparmışdır. Həmin ərazidə olarkən X4 əlində qazma işlərində istifadə olunmuş külüng olmuş və qazıntı işlərinin onun tərəfindən aparılması aşkar edilmişdir. O, etdiyi əməli etiraf etmiş, bununla bağlı izahat da vermişdir. Qeyd olunanlar videogörüntü vasitəsilə qeydə alınmışdır. Ona etdiyi qayda pozuntusu barədə məlumat verilmiş və bu əsasla da X6 barəsində 21 oktyabr 2022-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında 22 oktyabr 2022-ci il tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Ona görə də onun şikayəti əsassızdır və şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, X6 21 oktyabr 2022-ci il tarixdə, saat 10:36 radələrində ünvan 1 ünvanı ərazisində alınmış icazənin şərtlərinə əməl etmədən küçədə qazıntı işlərini apardığına görə onun barəsində Zaqatala Rayon Polis X15 Polisi Bölməsinin YPX inspektoru polis baş leytenantı X11 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 350.1-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında 22 oktyabr 2022-ci il tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. X6 inzibati xəta törətməməsini əsas göstərərək inzibati tənbeh vermə haqqında 22 oktyabr 2022-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. X1 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilmədi. Məhkəmə tərəfindən zəruriliyi nəzərə alınaraq Zaqatala Rayon Polis X15 Polisi Bölməsinin YPX inspektoru polis baş leytenantı X11 tərəfindən videokamera vasitəsi ilə qeydə alınmış çəkilişlər CD diskə köçürülərək məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zaqatala Rayon Polis X15 Polisi Bölməsinin YPX inspektoru polis baş leytenantı X7 təqdim etdiyi video görüntülərdən görünür ki, Muxax kəndindən olduğunu və özünü X3 təqdim edən şəxs küçədə aparılmış qazıntı və təmir, tikinti işlərinin özləri tərəfindən aparıldığını, iş zamanı traktorun köməyindən də istifadə edildiyini bildirir. Həmin işləri tək yox, adını qeyd etmədiyi başqa bir şəxslə birlikdə etdiyini və həmin şəxsin Bakıda olduğunu bildirir. “Traktorla qazmışıq əllə qazan şey deyil ki buranı” ifadələrindən istifadə edir. Belə ki, videokamera vasitəsi ilə qeydə alınmış çəkilişdən görünür ki, X6 müvafiq icazə almadan küçədə qazıntı və yenidənqurma işlərini aparmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zaqatala Rayon Polis X15 Polisi Bölməsinin YPX inspektoru polis baş leytenantı X11 tərəfindən təqdim edilmiş videokamera vasitəsi ilə qeydə alınmış çəkilişlərə məhkəmə iclasında dəfələrlə baxış keçirildikdən sonra X6 hadisənin videoçəkilişdə göründüyü kimi olduğunu, lakin başqasının adını vermək istəmədiyindən özünün qazdığını dediyini bildirdi. X2 İXP ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd etdiyi izahatında da göstərmişdir ki, “Bir daha icazəsiz yollarda və səkilərdə icazəsiz qazıntı və tikinti işləri aparmayacaq”. Göründüyü kimi, şikayət verən şəxs X6 şikayətində qayda pozuntusu etmədiyini, ona qərəzli olaraq protokol yazıldığını əsas gətirərək inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və həmin qərarı qəbul etmiş Zaqatala rayon YPX-nın baş inspektoru X13 barəsində DİN-ə təqdimat göndərilməsini xahiş etsə də, məhkəmə baxışı iclasında bu hallar da öz təsdiqini tapmamışdır. Məhkəmə isə yuxarıda qeyd olunan hallara qiymət verərək qeyd edir ki, şikayətdə göstərilənlər heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb və əsasdır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında tikinti, qazıntı, yenidənqurma və ya təmir işlərinin aparılmasına, yaxud avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyinə dair standartlara, qaydalara və normativlərə əməl edilməməsinə görə- fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir. Bundan başqa Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İİİ. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, X4 şikayətində göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır. İşdə olan sübutlar onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmır, onun dəlilləri iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 350.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı təkzib olunmaz və sübhə doğurmayan sübutlarla öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Əksinə, X4 oğlunun və tərtib edən şəxsin izahatları ilə yanaşı, tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zaqatala Rayon Polis X15 Polisi Bölməsinin YPX inspektoru polis baş leytenantı X7 təqdim etdiyi videokamera vasitəsi ilə qeydə alınmış çəkilişlərə məhkəmə iclasında baxış zamanı da X6 tərəfindən 21 oktyabr 2022-ci il tarixdə, saat 10:36 radələrində ünvan 2 ünvanı ərazisində müvafiq icazə almadan qazıntı və yenidənqurma işlərinin aparılması müəyyən edildi. Göstərilən əsaslarla məhkəmə X1nun şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4 “Zaqatala rayonu Yol Patrul Xidmətinin inspektoru polis kapitanı X9 onun barəsində xx.xx.2022-ci il tarixdə tərtib etdiyi, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, Zaqatala rayon YPX-nın baş inspektoru X13 barəsində DİN-ə təqdimat göndərilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar