Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-328/2022 29.11.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 katibliyi, Şikayət verən şəxs X2 və inzibati tənbeh vermə haqqında qərar qəbul edən şəxs V X10 Xidməti inspektoru, polis serjantı X5 iştirakları ilə, Şikayət verən şəxs X2 V X10 Xidməti inspektoru X5 08 noyabr 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli protokolu əsasında verilmiş 08 noyabr 2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, V X10 Xidməti inspektoru polis serjantı X5 xx.xx.2022-ci il tarixdə İXP ******* nömrəli protokolu əsasında verilmiş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və barəsində inzibati xəta haqqında protokola əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar verilməsini xahiş etmişdir. Şikayət verən şəxs X4 şikayət ərizəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə idarə etdiyi BMW markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Zaqatala şəhərindən Tala istiqamətində Muğanlı dairəsində hərəkətdə olarkən V TAĞİM YPX inspektoru polis serjantı X7 heç bir əsas olmadan onu saxladaraq, onun dönmə işıqlarından istifadə etmədiyini iddia edərək qanunsuz protokol tərtib etmişdir. O hərəkətdə olan zaman dönmə işıqlarından istifadə etmişdir. Bu səbəbdən həmin protokolla razılaşmadığını, protokolun elektron formada yazılaraq ünvanına göndərməyini bildirmişdir. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində göstərilir ki, giriş qadağandır yol nişanının tələblərinin pozulmasına görə nəqliyyat vasitəsinin sürücüsü məsuliyyət daşıyır. Bildirmək istəyir ki, o dairəyə daxil olan zaman və dairədən çıxan zaman dönmə işıqlarından istifadə etmişdir. Lakin polis əməkdaşı dönmə işığını yandırmadığını bildirərək onu əsassız olaraq inzibati tənbeh etmişdir. Bunu da bildirir ki, ona inzibati qərar 2 gün sonra təqdim olunmuşdur. Məhkəmə iclası zamanı şikayət verən şəxs X4 şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını, V X10 Xidməti inspektorunun inzibati tənbeh vermə haqqında 08 noyabr 2022-ci il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, o, avtomobili ilə dairəvi yola tərəf hərəkətdə olan zaman qabaqcadan dönmə işığını yandırmış, lakin dairəyə çatana kimi yolda onun dönmə işığı avtomatik olaraq sönmüşdür. Ona görə də, polis əməkdaşı onun işığı yandırdığını görməmişdir. Bundan başqa, hesab edir ki, əslində o, dairəvi yola daxil olduqda hansı istiqamətə dönməsindən asılı olmayaraq ancaq sağa dönmə işığını yandırmalıdır. O, da dairədə sağa dönmə işığını yandırmışdır. Məhkəmə iclası zamanı inzibati tənbeh vermə haqqında qərar qəbul edən şəxs V X10 Xidməti inspektoru, polis serjantı X7 izahatında göstərdi ki, X2 barəsində tərtib etdiyi inzibati xəta haqqında protokol və qərar qanuni, əsaslı və ədalətlidir. X4 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən qayda pozuntusunu etdiyinə görə o, inzibati qaydada 40 manat məbləğində cərimə edilmişdir. Belə ki, o, xidmətdə olduğu zaman X4 idarə etdiyi BMW minik markalı, ** BO *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Muğanlı kruq” adlanan dairədə hərəkətdə olarkən baş yoldan gəlib ikinci dərəcəli yola daxil olmuşdur. Bu zaman o avtomobilin dönmə işığından istifadə etməyərək manevr etmişdir. Bu əsaslarla da tərəfindən X4 barəsində 08 noyabr 2022-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol və protokol əsasında 08 noyabr 2022-ci il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Onu da qeyd edir ki, o, Ferdinand Şabanovun idarə etdiyi avtomobili saxladıqdan sonra ona yaxınlaşmış, sonuncu isə ona protokol tərtib edilərək elektron qaydada göndərilməsini bildirmişdir. Hesab edir ki inzibati qaydada təbeh olunmuş şəxsin şikayəti əsassızdır və şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, X4 08 noyabr 2022-ci il tarixdə idarə etdiyi BMW minik markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobili ilə şəhərin Muğanlı dairəsi adlanan ərazisində hərəkətdə olarkən işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə onun barəsində V X10 Xidməti inspektoru, polis serjantı X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol və həmin protokol əsasında 08 noyabr 2022-ci il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. X4 inzibati xəta törətməməsini əsas göstərərək inzibati tənbeh vermə haqqında 08 noyabr 2022-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. X1 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmişdir. Lakin, iş materiallarına əlavə edilmiş V X10 Xidməti inspektoru, polis serjantı X7 tərəfindən təqdim edilmiş üzərində “** BO *** Manevr” yazısı qeyd edilmiş CD diskə məhkəmə iclasında baxış zamanı müəyyən edilmişdir ki, ** BO *** dövlət nömrə nişanlı ağ rəngdə BMW markalı avtomobilin sürücüsü Muğanlı dairəsi adlanan dairəvi hərəkət nəzərdə tutulan yola tərəf hərəkətdə olarkən əsas yoldan ikinci dərəcəli yola daxil olma manevri edərkən avtomobilin xarici (dönmə) işıq siqnallarından istifadə etməmişdir. Məhkəmə şikayətdə göstərilən hallara qiymət verərək qeyd edir ki, X2 göstərdiyi xüsusatlar işdə olan sübutlarla təkzib olunur. Belə ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi protokol tərtib edən şəxsin izahatı və videogörüntü ilə tam təsdiq olundu. Şikayətçinin şikayətində göstərdiyi hallar heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Həmin hallar formal mülahizələrdən ibarət olmaqla iş üzrə icraata xitam verilməsi və onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsas deyil. Eyni zamanda, X2 şikayətində və məhkəmə iclasında göstərdiyi arqumentlər V X10 Xidməti inspektoru, polis serjantı X7 tərəfindən təqdim edilmiş üzərində “** BO *** Manevr” yazısı qeyd edilmiş CD diskə məhkəmə iclasında baxış zamanı da öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb və əsasdır. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Bundan başqa Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İİİ. Qanunu bilməmək məsuliyyətdən azad etmir. “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu”nun 37-ci maddəsinin birinci bəndinin beşinci yarımbəndində göstərilmişdir ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət zolağının dəyişməsi, dönmə, ötmə, hərəkətə başlama və dayanma ilə bağlı manevrlər edərkən, xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə, əl işarələri ilə digər hərəkət iştirakçılarını xəbərdar etməlidir. Həmin Qanunun 42-ci maddəsinin birinci bəndində göstərilmişdir ki, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin Qanunun 73-cü maddəsinin birinci bəndində göstərilmişdir ki, təhlükənin və ya hərəkətdə olan maneələrin aradan qaldırılması məqsədilə nəqliyyat vasitələrinin sürücüləri fara işıqlarından, bu və ya digər istiqamətə dönmə işıq göstəricilərindən, səs siqnallarından və ya əl işarəsindən istifadə edirlər. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, X2 şikayətində göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır. İşdə olan sübutlar onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmır, onun dəlilləri iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı təkzib olunmaz və sübhə doğurmayan sübutlarla öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Əksinə, X2 və protokol tərtib edən şəxsin izahatları ilə yanaşı, tədqiq edilmiş V X10 Xidməti inspektoru, polis serjantı X5 üzərinə quraşdırılmış videokamera vasitəsi ilə qeydə alınmış çəkilişlərə məhkəmə iclasında baxış zamanı da X2 08 noyabr 2022-ci il tarixdə, saat 17:02 radələrində idarə etdiyi «BMW» markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Zaqatala rayonu Muğanlı dairəsində hərəkətdə olarkən xarici (dönmə) işıq siqnallarından istifadə qaydalarını pozduğu müəyyən edildi. Göstərilən əsaslarla məhkəmə X1nun şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 “V X10 Xidməti inspektoru X5 08 noyabr 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli protokolu əsasında verilmiş 08 noyabr 2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-328/2022
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-328/2022
29.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver