Məhkəmə qərarları › İş №3(033)-330/2024

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-330/2024

24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-330/2024 24.10.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 421-ci maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xətaya dair işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs emitent Şəxs Açıq Səhmdar Cəmiyyəti (ASC) Mərkəzi Banka müraciət edərək xx.xx.2024-cü il tarixli 01 nömrəli səhmdarın ümumi yığıncağının protokoluna əsasən 4.100.000 sayda səhmin dövlət qeydiyyatına alındıqdan sonra 1 ay ərzində qapalı üsulla yerləşdirilməsinin həyata keçiriləcəyini bildirmişdir. Qeyd edilən səhmlərin xx.xx.2024-cü il tarixində dövlət qeydiyyatına alınmasına və səhmlərin yerləşdirilməsi müddətinin bitməsinə baxmayaraq, hazırki günədək ASC tərəfindən Mərkəzi Banka səhmlərin emissiyasının yekunları haqqında hesabat təqdim olunmamışdır. Halbuki, "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən investisiya qiymətli kağızlarının kütləvi təklifi və ya yerləşdirilməsi başa çatdıqdan sonra on iş günü müddətində emitent və ya investisiya qiymətli kağızlarını təklif edən şəxs Mərkəzi Banka investisiya qiymətli kağızlarının emissiyasının və ya kütləvi təklifinin yekunları haqqında hesabatı təqdim etməlidir. İnzibati xəta xx.xx.2024-cü il tarixdə ASC-nin fəaliyyət göstərdiyi ünvanda törədilmişdir. Buna görə də, onun barəsində 03 oktyabr 2024-cü il tarixdə EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir Qeyd edilən material üzrə hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 421-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Azərbaycan Respublikasının Mərkəzi Bankından Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələrinin iştirakını təmin etməmiş, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmiş və bu barədə sübutlar təqdim etməmişdirlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 421-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş materialla tam təsdiq olunur. Belə ki, işdə olan 03 oktyabr 2024-cü il tarixdə EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, emitent Şəxs Açıq Səhmdar Cəmiyyəti (ASC) Mərkəzi Banka müraciət edərək xx.xx.2024-cü il tarixli 01 nömrəli səhmdarın ümumi yığmcağının protokoluna əsasən 4.100.000 sayda səhmin dövlət qeydiyyatına alındıqdan sonra 1 ay ərzində qapalı üsulla yerləşdirilməsinin həyata keçiriləcəyini bildirmişdir. Qeyd edilən səhmlərin xx.xx.2024-cü il tarixində dövlət qeydiyyatına alınmasına və səhmlərin yerləşdirilməsi müddətinin bitməsinə baxmayaraq, hazırki günədək ASC tərəfindən Mərkəzi Banka səhmlərin emissiyasının yekunları haqqında hesabat təqdim olunmamışdır. İşdə olan Şəxs Açıq Səhmdar Cəmiyyətinin 15 aprel 2024-cü il tarixli X1 01 nömrəli protokolundan görünür ki, səhmlərin yerləşdirilməsinə onların buraxılışı dövlət qeydiyyatına alındıqdan sonra başlanılacaq və bir təqvim ayı ərzində başa çatacaqdır. İşdə olan 16 may 2024-cü il tarixli 6-1-22/2-3477/2024 saylı qiymətli kağızların dövlət reyestrindən çıxarışdan görünür ki, Şəxs ASC-nin hər birinin nominal dəyəri 2 (iki) manat olan ******* (dörd milyon yüz min) ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 16 may 2024-cü il tarixdə AZ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. İşdə olan 16 avqust 2024-cü il tarixli 6-1-14/2-6401/2024 saylı məktubdan görünür ki, adı çəkilən səhmlərin yerləşdirilməsi müddətinin bitməsinə baxmayaraq səhmlərin emissiyasının yekunları haqqında hesabat Şəxs ASC tərəfindən Mərkəzi Banka təqdim olunmamışdır. AZ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış səhmlərin emissiyasının yekunları haqqında hesabatın 10 iş günü ərzində Mərkəzi Banka təqdim edilməsi xahiş olunmuşdur. İşdə olan 01 oktyabr 2024-cü il tarixli 6-1-14/3-9371/202 saylı məktubdan görünür ki, "xxxx" QSC, "xxxx" QSC, Şəxs ASC, "xxxx" ASC, "xxxx" ASC tərəfindən səhmlərin yerləşdirilməsi müddətinin bitməsinə baxmayaraq səhmlərin emissiyasının yekunları haqqında hesabat Mərkəzi Banka təqdim olunmamışdır. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İnzibati Xətalar Məcəlləsi) 421-ci maddəsinin tələbləri pozulmuşdur. Qanunla müəyyən edilmiş qaydanın pozulmasına görə yuxarıda qeyd olunan emitentlər ilə bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə tətbiq edilməsini xahiş etmişdirlər. “İnternet Vergi İdarəsi”nin məlumatından görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsi dövlət qeydiyyatına alınmışdır. Onun hüquqi ünvanı: Zaqatala rayonu, Yuxarı Tala kəndidir. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən investisiya qiymətli kağızlarının kütləvi təklifi və ya yerləşdirilməsi başa çatdıqdan sonra on iş günü müddətində emitent və ya investisiya qiymətli kağızlarını təklif edən şəxs Mərkəzi Banka investisiya qiymətli kağızlarının emissiyasının və ya kütləvi təklifinin yekunları haqqında hesabatı təqdim etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 421-ci maddəsinə əsasən qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər və emitentlər tərəfindən “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hesabatın və ya digər məlumatların Azərbaycan Respublikasının Mərkəzi Banka təqdim edilməsindən yayınmağa və ya imtina edilməsinə, yaxud təhrif edilmiş məlumatın verilməsi və ya onların təqdim edilməsi müddətinin pozulmasına görə -vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən, hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin mənasına görə, investisiya qiymətli kağızlarının kütləvi təklifi və ya yerləşdirilməsi başa çatdıqdan sonra on iş günü müddətində emitent və ya investisiya qiymətli kağızlarını təklif edən şəxsin Mərkəzi Banka investisiya qiymətli kağızlarının emissiyasının və ya kütləvi təklifinin yekunları haqqında hesabatı təqdim edilməməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 421-ci maddəsinin tərkibini yaradır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs ASC Mərkəzi Bankın tələb etdiyi sənədləri, göstərilmiş müddət ərzində Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim etməmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan sübutlarla Şəxs Açıq Səhmdar Cəmiyyətinin İnzibati Xətalar Məcəlləsinin 421-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməsi tam təsdiq olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Açıq Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İXM-nin 32.1-ci maddəsidə nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, eyni zamanda inzibati xətanın xarakteri, hüquqi şəxsi xarakterizə edən halları, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 421-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 421-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 1200 (bir min iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar