Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-34/2021 18.01.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Yusubov Şəxs və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X2 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Yusubov Şəxs xx xxxx 1990-cı il tarixdə Zaqatala rayonu Faldarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, deməsinə görə il ərzində inzibati məsuliyyətə cəlb edilməmiş, Zaqatala rayonu Faldarlı kəndində qeydiyyatında olan və orada da yaşayan. Yusubov Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib müəyyən etdi : Yusubov Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 16 yanvar 2021-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 16 yanvar 2021-ci il tarixdə saat 20:30 radələrində Zaqatala rayonu Yuxarı Tala kəndində karantin postundan icazəsiz şəhərə gəlib karantin rejimi qaydalarını pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Qeyd edilən material üzrə Yusubov Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Zaqatala RPŞ-nin əməkdaşları 16 yanvar 2021-ci il tarixdə saat 20:30 radələrində Zaqatala rayonu Muğanlı dairəsi adlanan ərazidə xüsusi karantin rejimi ilə əlaqədar təşkil edilmiş postda xidmət edən zaman avtomobildəki sərnişinlərin icazə sistemlərini yoxlayan zaman avtomobildəki sərnişinlərdən birinin fərdi qoruyucu vasitədən istifadə etmədiyini görmüşlər. Həmçinin yoxlanılan zaman həmin şəxsin Yusubov Şəxs olması və xüsusi karantin rejimi dövründə sms icazə almadığı müəyyən edilmişdir. Sonra digər sərnişinlər yoxlanılan zaman Şəxs Yusubov avtomobildən düşərək polisin işinə maneçilik yaratmış, onu nə qədər nizam intizama dəvət etsələr də, o, polisin qanuni tələbinə tabe olmamışdır. Qərəzli surətdə öz hərəkətlərini davam etdirərək polisə qarşı nalayiq söyüşlər işlədərək ictimai qaydanı pozmuşdur. Onu polis şöbəsinə dəvət etmişlər. Bu zaman da polis şöbəsinə getməyəcəyini bildirərək ictimai yerdə qeyri etik ifadələr işlətmiş və tabesizlik göstərmişdir. Ətrafdakı insanların diqqətini cəlb etmişdir. Onu nizam intizama dəvət etdikdə o, qəsdən qərəzli surətdə polisin qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə tabe olmamışdır. Həmçinin onun müayinə zamanı yüngül dərəcəli sərxoş olması müəyyən edilmişdir. Bunun əsasında onun haqqında 16 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Yusubov Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, o, 2020-ci ilin dekabr ayının 14-dən 2021-ci ilin yanvar ayının 18-dək Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsindən məlumatlıdır. 16 yanvar 2021-ci il tarixdə, 8103 nömrəsinə sms göndərib icazə almadan yaşayış yerini tərk etmişdir. Həmçinin evdə spirtli içki də qəbul etmişdir. O, şəhər ərazisinə gələrkən Muğanlı dairəsi adlanan ərazidə qurulmuş polis postunda avtomobilləri saxlayıb sərnişinlərin icazə sistemini yoxlayırdılar. Həmin vaxt avtomobildə sürücü və ondan başqa iki nəfər də var idi. O, maskadan istifadə etməmişdir. Eyni zamanda şəhərə gələrkən 8103 nömrəsindən icazə almamışdır. Bunlarla bağlı polis əməkdaşı ona irad bildirmişdir. Həmin vaxt o içkili olduğundan əsəbiləşmiş, maşından yerə enmişdir. Polis əməkdaşları ilə mübahisə etmiş, mübahisə zamanı polisləri işdən çıxartdıracağı ilə bağlı ucadan özünə qarşı söyüşlər işlətmişdir. Bunları yanındakı sərnişinlər də eşitmişdir. O, əsəbi olduğundan və spirtli içkinin təsirindən polis əməkdaşları ilə mübahisə etmiş, onların tələblərinə tabe olmamışdır. Bu səbəbdən də onu polis şöbəsinə gətirmişlər. O, polisin qanuni tələblərinə tabe olmadığı üçün peşmandır, həbs olunmaq istəmir, bir səhvdir edib. Cərimə cəzası təyin edildiyi halda ödəyəcəyini bildirir, barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş “sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə” 16 yanvar 2021-ci il tarixli aktdan görünür ki, tibbi müayinə zamanı 1990-cı il təvəllüdlü Yusubov Şəxs yüngül dərəcədə alkoqol sərxoşluğunun olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 16 yanvar 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Yusubov Şəxs 16 yanvar 2021-ci il tarixdə saat 23:50-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yusubov Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, protokol tərtib edən şəxsin izahatları və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi barədə 08 dekabr 2020-ci il tarixli Qərarına əsasən ölkədə hərəkət məhdudiyyətlərinin 14 dekabr 2020-ci il saat 00:00-dan 18 yanvar 2021-ci il saat 00:00-dək tətbiqi ilə bağlı bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilir: təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar; yaxın qohumunun dəfnində iştirakla əlaqədar. Bu şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). Həmin Qərarda həmçinin göstərilir ki, hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqdır. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının qanununun 3-cü maddəsinin 3-cü bəndinə əsasən, bütün dövlət orqanları, ictimai birliklər, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar, vəzifəli şəxslər və vətəndaşlar sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə hökmən əməl etməlidirlər. Həmin Qanunun 38-ci maddəsinin 1-ci və 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji; xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyrihüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır, Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülkihüquq məsuliyyətinə cəlb edilə bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğundan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Yusubov Şəxs həmin xətalardan daha ciddi xəta olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Məhkəmə araşdırması zamanı Yusubov Şəxs həmin əməli törətməsini səmimi etiraf edərək peşmançılıq çəkməsi, inzibati xətanı sərxoş halda törətməsi müəyyən edildi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Yusubov Şəxs həmin əməli törətməsini səmimi etiraf edərək peşmançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hal kimi, inzibati xətanı sərxoş halda törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Yusubov Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmasını, onun şəxsiyyətini və əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Yusubov Şəxs İnzibati Xətalar Məcəlləsinin 211.1ci maddəsi ilə təqsirli bilinib inzibati həbs edilməsinin əvvəli onun tutulduğu vaxtdan, yəni 16 yanvar 2021-ci il tarixdən, saat 23:50-dən hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Yusubov Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati xəta törədən şəxs Yusubov Şəxs məhkəmə iclası zalında həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun tutulduğu vaxtdan, yəni 16 yanvar 2021-ci il tarixdən, saat 23:50-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Zaqatala RPŞ-nə həvalə edilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə və Zaqatala rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №3(033)-34/2021
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-34/2021
18.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver