Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-349/2023 28.12.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala rayonu DAM polis leytenantı X7, zərərçəkmiş şəxslər X1 və X2 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxxx 1986-cı il tarixdə Zaqatala rayonun Dağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Zaqatala rayonu Dağlı kəndində pasport qeydiyyatında olan və yaşаyan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə Zaqatala rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 14 dekabr 2023-cü il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, 13 oktyabr 2023cü il tarixdə Zaqatala rayonu Dağlı kəndi ərazisində ona məxsus nəzarətsiz qalmış 1 ədəd iribuynuzlu heyvan yolun hərəkət hissəsinə çıxaraq sürücü X5 məxsus «Qaz 33021» markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə həmin avtomobilə maddi zərər dəymiş və piyada X6 yüngül bədən xəsarətləri almışdır. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala rayon polis şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq o məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala RPŞ-in DYPB-in DAM polis leytenantı X10 izahat verərək göstərdi ki, 13 oktyabr 2023-cü il tarixdə saat təxminən 19 radələrində Zaqatala rayonu Dağlı kəndində sürücü X8 idarə etdiyi «QAZ-33021» yük markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə iribuynuzlu heyvanı vurmuşdur. Nəticədə piyada Zaqatala rayonu Dağlı kənd sakini 1964-cü il təvəllüdlü X9 bədən xəsarəti alaraq Zaqatala MDM-na müraciət etməsi barədə Zaqatala RPŞ-nə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Zaqatala rayonu Dağlı kəndində yol-nəqliyyat hadisəsinin baş verdiyi yerə baxış keçirilərək sxem tərtib olunmuş, foto şəkillər çəkilmişdir. Aparılmış araşdırma nəticəsində aydın olmuşdur ki, 13 oktyabr 2023-cü il tarixdə Şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 47-ci maddəsinin 4-cü hissəsinin «Mal-qaranı yolda sutkanın işıqlı vaxtı və nəzarət etməklə ötürmək lazımdır» və 47-ci maddəsinin 6-cı hissəsinin 1-cı bəndinin «At arabası nəqliyyatının (kirşəsinin) sürücüsünə, yük və minik heyvanlarını sürənlərə, mal-qara ötürənlərə mal-qaranı yolda nəzarətsiz qoymaq qadağandır» tələblərini pozmaqla səhər saatlarında bir baş iribuynuzlu heyvanını otlaq sahəsinə nəzarətsiz və səllim buraxmış, həmin iribuynuzlu heyvan həmin gün saat 19 radələrində Dağlı kəndinin mərkəzi yolu ilə hərəkətdə olarkən X6 heyvanın istiqamətini heyvan sahibi Şəxs evi istiqamətində dəyişərək 3-4 metr heyvandan uzaqlaşdıqda sutkanın qaranlıq vaxtı və məhdud görünmə şəraitində Muğanlı kəndindən Zaqatala şəhəri istiqamətində hərəkət edən surücu X8 idarə etdiyi «QAZ-33021» markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəxs məxsus iribuynuzlu heyvanı vurmuş, nəticədə heyvan özündən 3-4 metr məsafədə piyada hərəkət edən X3 öz ehtiyatsızlığı nəticəsində dəyərək sonuncunun sağlamlığına yüngül zərər vuran bədən xəsarətləri yetirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd olunmuş və onun əməlində inzibati xəta tərkibi olduğundan barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə İnzibati xəta haqqında İXP5899856 nömrəli protokol tərtib edilərək baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X8 izahatında göstərdi ki, özünə məxsus «QAZ-33021» markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 13 oktyabr 2023-cü il tarixdə saat 19 radələrində o, Zaqatala şəhərindən çıxaraq üzü Muğanlı kəndi istiqamətində hərəkət etmişdir. Həmin vaxt Dağlı kəndinin qurtaracağında qarşı tərəfdən "Mercedes" markalı avtomobil gəlmişdir. Həmin vaxt o, avtomobili 30-35 km/saat sürətlə sürmüşdür. Qarşıdan gələn avtomobil uzaqvuran işığını yandırmış və buna görə də, həmin avtomobil ona çatmağa az qalmış o, yolun hərəkət hissəsini görməkdə çətinlik çəkmişdir. Həmin avtomobili keçdikdən sonra anidən hərəkət etdiyi yolun sağ zolağında üzü onun tərəfə gələn iribuynuzlu heyvan görmüşdür. O, iribuynuzlu heyvanı gördükdə məsafə çox az olduğundan qəzadan yayına bilməmiş və idarə etdiyi avtomobilin sağ ön hissəsi iribuynuzlu heyvana dəymişdir. İribuynuzlu heyvana vurduqdan sonra heyvan yolun sağ tərəfində olan su kanalına düşmüşdür. Daha sonra o, avtomobildən düşdükdə kanala düşən bir şəxsin qışqırıq səslərini eşidərək ona yaxınlaşmışdır. O, dərhal həmin şəxsə yardım edib X16 çağırmışdır. X16 maşını gəlib həmin şəxsi Zaqatala müalicəvi diaqnostika mərkəzinə aparmışdır. İribuynuzlu heyvan isə yolun kənarında bir müddətdən sonra ölmüşdür. Sonradan ona məlum olmuşdur ki, hadisə nəticəsində xəsarət alan şəxs Dağlı kənd sakini Əhmədxan Salehov saat 19 radələrində üzü Dağlı kəndi istiqamətində olarkən əks istiqamətə yəni Muğanlı kəndi istiqamətinə hərəkət edən iribuynuzlu heyvanı görüb həmkəndlisinə məxsus heyvan olmasını tanımış və heyvanın istiqamətini dəyişərək kənd istiqamətində geri qaytarmışdır Qayıdarkən özü də iribuynuzlu heyvanın arxasında olmuş və hadisə zamanı o, iribuynuzlu heyvanı vurduqda heyvan da Əhmədxana dəyərək onu kanala yıxmış, xəsarət yetirmişdir. Baş vermiş hadisə ilə bağlı heç kimə qarşı şikayəti və tələbi yoxdur. Şəxs ona vurulmuş ziyanı ödəmiş və o, Şəbnəmlə barışmışdır. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X6 izahatında göstərdi ki, Şəxs onun qohumudur və eyni zamanda həmkəndlisidir. 13 oktyabr 2023-cü il tarixdə saat təxminən 19 radələrində o, Dağlı kəndi ərazisində mağazadan çıxdıqdan sonra üzü Muğanlı kəndi istiqamətində kəndin mərkəzi yolu ilə piyada hərəkət etmişdir. Həmin vaxt o, üzü Muğanlı kəndi istiqamətində iribuynuzlu heyvanın hərəkət etdiyini görüncə həmin heyvanın Şəxs məxsus olmasını tanımışdır. Buna görə də, o heyvanın yanına yaxınlaşaraq əks istiqamətə yönəltmişdir ki, həmin heyvan yiyəsinin evinə getsin O, heyvanın istiqamətini dəyişdikdən sonra 3-4 metr uzaqlaşdıqda qarşı tərəfdən avtomobil işığının gəlməsini görmüş, bir neçə saniyə sonra heyvanı avtomobil vurma səsi eşitmiş, arxası ilə isə ona nə isə dəymişdir. Həmin vaxt o, huşunu itirmişdir. Bir müddət sonra ayıldıqda isə o, yolun kənarında kanalın yanında uzanıqlı vəziyyətdə olmuşdur. Ayağa durmaq istədikdə isə ayaq nahiyəsindən xəsarət aldığı üçün o, qalxa bilməmişdir. Daha sonra isə heyvanı vuran Qazel markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Etibar yanına gələrək ona kömək etmişdir. Bir müddət sonra isə hadisə yerinə X16 avtomobili gələrək onu xəstəxanaya aparmışdır. Diaqnostika mərkəzində həkimlər ona tibbi yardım göstərdikdən bir müddət sonra xəstəxanadan ayrılmışdır. Hazırda onun səhhəti yaxşıdır. Xəsarət alması ilə əlaqədar onun heç kimdən şikayət və tələbi yoxdur. Şəxs ilə də barışıq əldə etmişdir. Təhqiqat zamanı izahatı alınmış Şəxs göstərmişdir ki, ona məxsus 1 baş iribuynuzlu heyvanını Dağlı kəndində yaşadığı evin həyətyanı sahəsində saxlayırdı. O, hər gün həmin heyvanı səhər saatlarında üzü Muğanlı kəndi istiqamətində kəndin çıxacağında yerləşən çöl sahəyə otlaq sahəsinə yolun kənarı ilə otlamaq üçun buraxır və axşam 19-20 radələrində isə həmin heyvan özü otlaq sahəsindən həyətyanı sahəsinə geri qayıdırdı. 13 oktyabr 2023-cü il tarixdə saat səhər saatlarında o, yenidən həmin heyvanı qeyd etdiyi otlaq sahəsinə nəzarətsiz və səllim buraxmışdır. Həmin gün saat 19 radələrində zəng vurularaq ona məxsus iribuynuzlu heyvanının yük avtomobili tərəfindən vurulduğu bildirilmişdir. Buna görə də, o, dərhal hadisə yerinə gəldikdə ona məxsus iribuynuzlu heyvanının Muğanlı kənd sakini X8 tərəfindən idarə etdiyi Qazel markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə asfalt örtüyün üzərində vurması və yol-nəqliyyat hadisəsi nəticəsində heyvanının yolun kənarındakı kanala düşərək ölməsini görmüşdür. Sonradan ona məlum olmuşdur ki, həmkəndlisi X6 ona məxsus iribuynuzlu heyvanın istiqamətini dəyişərək heyvanını evə ötürmək istəyərkən yük avtomobili heyvanını vurmuş və heyvan da Əhmədxana dəyərək ona xəsarət yetirmişdir. 14 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda yer almış Pataloji Anatomiya Birliyi X14 xx.xx.2023-cü il tarixli 388 №-li rəyindən görünür ki, 1. vət. X1 bədənində hər hansı bir xəsarət aşkar edilmədi. 2. vət. X1 adına tərtib edilmiş tibbi sənəddə qeyd edilənlərə görə, o, xx.xx.2023-cü il tarixdə Zaqatala RMX PHŞ-ya müraciət etmiş və ona "Döş qəfəsinin əzilməsi, diz oynağının kapsul-bağ aparatının çıxığı, gərilmə və həddən artıq gərginləşməsi” diaqnozu qoyulmuşdur. Həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcə də yardım üçün Zaqatala RMX PHŞ-ya müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, zərərçəkmiş şəxslərin izahatı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və Zaqatala rayon polis şöbəsindən daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 338.5.1-ci maddəsinə əsasən mal-qaranın yolda nəzarətsiz qoyulmasına görə qırx manat məbləğində cərimə edilir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tövsif olunmalıdır. “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu”nun 11-ci maddəsinin dördüncü bəndinin altıncı yarımbəndində göstərilir ki, avtomobil yollarında və təhkim zolağında avtomobil yollarının torpaq sahələrində mal-qaranın otarılması, respublika əhəmiyyətli avtomobil yolları ilə mal-qaranın aparılması, habelə avtomobil yollarının sahiblərinin razılığı olmadan müəyyən edilən yerlərdən kənar avtomobil yolundan və ya bu məqsədlə xüsusi olaraq yaradılmış keçidlərdən kənar mal-qaranın keçirilməsi qadağandır. Həmin Qanunun 39-cu maddəsində göstərilir ki, mal-qara ötürənlər: 1) malqaranı asfalt və sement-beton örtüklü yollarla ötürməməlidirlər; 2) sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində, dəmir yollarından, yolların, küçələrin, meydanların və bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən mal-qaranı ötürməməlidirlər; 3) mal-qara sürüsünü yoldan son dərəcə diqqətli nəzarət etməklə ötürməlidirlər. Həmin Qanunun 47-ci maddəsinin dördüncü bəndində göstərilir ki, mal-qaranı yolda sutkanın işıqlı vaxtı və nəzarət etməklə ötürmək lazımdır. Mal-qara ötürənlər malqaranı yolun mümkün qədər sağ kənarı ilə ötürməlidirlər. V. Mal-qara dəmiryol xətlərinin və yolun hərəkət hissəsinin üstündən keçirildikdə, sürü mal-qaranı ötürənlərin sayı nəzərə alınmaqla elə sayda dəstələrə bölünməlidir ki, mal-qaranın təhlükəsiz keçirilməsini təmin etmək mümkün olsun. Vİ. At arabası nəqliyyatının (kirşəsinin) sürücüsünə, yük və minik heyvanlarını sürənlərə, mal-qaranı ötürənlərə: 1) mal-qaranı yolda nəzarətsiz qoymaq; 2) mal-qaranı dəmiryol xətlərinin və yolların üstündən xüsusi olaraq bu məqsəd üçün ayrılmış yerlərdən kənarda, habelə sutkanın qaranlıq vaxtında və məhdud görünmə şəraitində keçirmək (müxtəlif səviyyələrdə mal-qaranı ötürmə yerlərindən başqa); 3) mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürmək qadağandır. Məhkəmə qeyd edir ki, Zaqatala rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməsə də, məhkəmə araşdırması zamanı vurulmuş zərərin ödənilməsi müəyyən edildi. Şəxs vurulmuş zərəri ödəməsi məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci və 32.1.7-ci maddələrinə görə inzibati tənbeh tətbiq edilərkən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətini ağırlaşdıran hər hansı hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 36-cı maddəsinə görə inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. İnzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Həmin Məcəllənin 115.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi məsələləri hakim tərəfindən həll edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini və əmlak vəziyyətini, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə, zərərçəkmiş şəxslərə və Zaqatala rayon polis şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-349/2023
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-349/2023
28.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver