Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-35/2021 18.01.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs- 27 mart 1996-cı il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində inzibati məsuliyyətə cəlb olunmamış, Zaqatala rayonu Bəhmətli kəndində pasport qeydiyyatında olan və orada da yaşаyan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Zaqatala rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs Zaqatala Rayon Məhkəməsinin 3(033)-14/2017 nömrəli 17 yanvar 2017-ci il tarixli qərarı üzrə 500 manat inzibati cəriməni və Zaqatala Rayon Məhkəməsinin 3(033)- 309/2020 nömrəli 24 avqust 2020-ci il tarixli qərarı üzrə 300 manat cərimə məbləğini qərəzli olaraq ödəməmiş, onun barəsində 18 yanvar 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala rayon İcra və X2 Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı protokol tərtib etmiş şəxs Zaqatala rayon İcra və probasiya Şöbəsinin icra məmuru X5 izahatında göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin 3(033)- 14/2017 nömrəli 17 yanvar 2017-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqında qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat cərimə edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli 3(033)-309/2020 nömrəli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 manat inzibati cərimə edilmişdir. İcra sənədlərinin icrası ilə əlaqədar müəyyən icra hərəkətləri edilmiş, sorğular verilmiş, cavablar alınmışdır. Borclu Şəxs «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələbləri izah edilmiş və icra sənədinin icrası tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin edilən xəbərdarlıqlara baxmayaraq Şəxs Zaqatala Rayon Məhkəməsinin 3(033)-14/2017 nömrəli 17 yanvar 2017-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqında qərarını və Zaqatala Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli 3(033)-309/2020 nömrəli qərarını qanuni qüvvəyə mindiyi gündən 25 gündən artıq müddətdə qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Buna görə də, onun həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati protokol tərtib edilmişdir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin 3(033)-14/2017 nömrəli 17 yanvar 2017-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqında qərarına əsasən 500 manat, Zaqatala Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli 3(033)-309/2020 nömrəli qərarına əsasən 300 manat cərimə edilmişdir. Hər iki halda o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətdiyinə görə barəsində inzibati tənbeh tətbiq edilmişdir. Zaqatala Rayon Məhkəməsinin İnzibati Xəta haqqında qərarlarını rəsmi qaydada almışdır. İcra məmuru tərəfindən ona inzibati cəriməni 25 gün müddətində ödəməli olduğu bildirilmişdir. Maddi imkanı olmadığı üçün və uzun müddətdir səhhətində problemlər olduğuna görə məhkəmə qərarlarına əsasən təyin edilmiş inzibati cəriməni ödəyə bilməmişdir. Hazırda da həmin cərimələri ödəyə bilmir. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün və icra məmurunun izahatları və Zaqatala rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materialla tam təsdiq olundu. İş materiallarından, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatından görünür ki, o inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında Zaqatala Rayon Məhkəməsinin 3(033)-14/2017 nömrəli 17 yanvar 2017-ci il tarixli və Zaqatala Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli 3(033)-309/2020 nömrəli qərarlarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə Şəxs izahatına hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, onun məhkəmə iclasında verdiyi izahatı, yəni maddi imkanının olmamasını və səhhətində yaranmış problemlərə görə inzibati cərimələri ödəyə bilməməsini bildirməsi ilə bağlı verdiyi izahatı özünü müdafiə xarakteri daşıyır, məsuliyyətdən və tənbeh tədbirindən yayınmaq məqsədi güdür. Məhkəmə bu hala qiymət verərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdiyi xüsusat heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanuni qüvvəyə minmiş cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarların icrasına laqeyd münasibət bəsləməklə bu qərarları uzun müddətdir ki, icra etməmiş və bununla da icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburi olan aktı icra edilməyərək kağız üzərində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir...Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, icra məmuru tərəfindən zəruri icra tədbirləri görülməsinə baxmayaraq borclu Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair qanuni qüvvəyə minmiş Zaqatala Rayon Məhkəməsinin 3(033)-14/2017 nömrəli 17 yanvar 2017ci il tarixli və Zaqatala Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli 3(033)-309/2020 nömrəli qərarlarını 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə araşdırması zamanı Şəxs həmin əməli törətməsini səmimi etiraf edərək peşmançılıq çəkməsi müəyyən edildi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin əməli törətməsini səmimi etiraf edərək peşmançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən halın olmasını, məsuliyyəti ağırlaşdıran halın olmamasını, eyni zamanda inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyətini, həmçinin inzibati həbsin tətbiq edilməsi üçün hər hansı müstəsna halın olmamasını nəzərə alaraq, onun barəsində, törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər tənbeh növünü tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinib 180 (bir yüz səksən) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xətanı törədən şəxsə və Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №3(033)-35/2021
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-35/2021
18.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver