Məhkəmə qərarları › İş №3(033)-350/2022

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-350/2022

08.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-350/2022 08.12.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X8, zərərçəkmiş şəxs X7 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin polis sahə rəisi, polis mayoru X2 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs - xx xxxxxx 1978-ci il tarixdə Zaqatala rayonu Muxax kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, öz deməsinə görə il ərzində eyni xətaya görə inzibati məsuliyyətə cəlb olunmamış, Zaqatala rayonu Muxax kəndində qeydiyyatında olan və orada da yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 02 debabr 2022-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 21 may 2022-ci il tarixdə və 31 may 2022-ci il tarixdə X9 məxsus Zaqatala rayonu 2 saylı bazar ərazisində yerləşən mağazadan dəyəri 64 manat olan 1 kisə arpa və 1 kisə un oğurlamaqla sonuncuya 64 manat məbləğində zərər vurmuşdur. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon Polis şöbəsinin polis sahə rəisi, polis mayoru X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə Zaqatala rayonu Muxax kənd sakini X1 RPŞ-yə ərizə ilə müraciət edərək bildirmişdir ki. təxminən 3 aydır icarə əsasında bazarda işlətdiyi dənli bitkilər mağazasında Muxax kənd sakini Xalid adlı şəxs fəhlə kimi işləmişdir. Xalid bir dəfə ona məxsus 1 kisə buğda, 1 kisə qarğıdalını oğurlayıb qonşu mağazaya vermis, həmin mağazanın sahibi isə ona xəbər vermişdir. Təxminən 10-12 gün əvvəl Xalid qonşu mağazada işləyən Tərlan adlı şəxslə əlbir olub onun mağazasından ununu oğurlamışdır. Muğanlı kənd sakini X4 həmin hadisənin şahidi olmuşdur. Bundan başqa Xalid bir dəfə də oğurluq edərkən Ramazan adlı şəxs şahidi olmuşdur. O, Tərlan və Xalid adlı şəxslər barəsində tədbir görülməsini xahiş etmişdir. Zaqatala RPŞ-nin TQ-nin təhqiqatçısı, polis kapitanı X6 17 iyun 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarla cinayət işinin başlanması rədd edilmişdir. Onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi olduğundan toplanmış material üzrə qəbul edilmiş qərarın surəti baxılması üçün Zaqatala RPŞ-nin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Bunun əsasında o inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar qəbul etmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qaçıb gizləndiyindən onun yerini müəyyən etmək mümkün olmadığından onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. Və yenidən xx.xx.2022-ci il tarixində iş üzrə icraat təzələnmiş və onun haqqında 02 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polis şöbəsinə bügun saat 09:30-da gəlmiş, onların izahatları alınmışdır. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, o, polis şöbəsində verdiyi izahatını təsdiq edir. Əlavə olaraq göstərdi ki, sahibkarlıqla məşğul olan həmkəndlisi X7 Zaqatala şəhəri bazar ərazisində dənli bitkilər və ərzaq mağazası vardır. Vidadi onu mağazasında fəhlə kimi işə götürmüşdür. O, Vidadinin mağazasında fəhlə işləmiş və Vidadi hər ay 300 manat olmaqla ona 3 ay əmək haqqı vermişdir. O, bir müddət əvvəl X9 məxsus Zaqatala rayonu 2 saylı bazar ərazisində yerləşən mağazadan dəyəri 64 manat olan 1 kisə arpa və 1 kisə un oğurlamışdır. O, kredit borcu olduğu üçün bu hadisəni törətmişdir. Etdiyi hərəkəti etiraf edir və törətdiyi əməlindən peşmandır. Pula ehtiyacı olduğu üçün bu hərəkətləri törətmişdir. Göstərdiklərini nəzərə alaraq, barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X12 izahatında göstərdi ki, sahibkarlıqla məşğul olur. Zaqatala şəhəri bazar ərazisində onun dənli bitkilər və ərzaq mağazası vardır. O, həmin mağazada ərzaqla yanaşı taxıl və un satır. O, həmkəndlisi Xalid adlı şəxsi mağazasında fəhlə kimi işə götürmüşdür. O. hər ay 300 manat olmaqla Xalidə 3 ay əmək haqqı vermişdir. Təxminən bir neçə ay əvvəl onun mağazasının yanında taxıl məhsulları satan Fərrux adlı şəxs ona Xaliddən bir kisə buğda, bir kisə qarğıdalı aldığını bildirmişdir. Həmin vaxt o Xaliddən Fərruxa satdığı bir kisə buğda, bir kisə qarğıdalını hardan əldə etdiyini soruşmuşdur. Xalid ona mağazasından götürüb Fərruxa iki kisə taxıl məhsulu satdığını etiraf etmişdir Həmin vaxt Xalid bir kisə buğda ilə bir kisə qarğıdalının pulunu ona ödədiyindən o Xalidi bağışlamışdır. Daha sonra təxminən 31.05 2022-ci il tarixdə Ramazan adlı tanışı ona Xalidin anbardan 1 kisə taxıl məhsulu çıxarıb qonşu mağazada taxıl məhsulları satan Tərlan adlı şəxsin mağazasının qarşısına qoyduğunu, Tərlanın həmin kisəni mağazasına çəkdiyini gördüyünü bildirmişdir. Buna görə də o, xx.xx.2022-ci il tarixdə Xalidi işdən çıxarmışdır. Daha sonra 03.06 2022-ci il tarixdə tanışı Muğanlı kənd sakini İntizam adlı şəxs ona Xalidin anbardan bir kisə "Mehriban' adlanan unu çıxarıb Tərlanın mağazasının qarşısına qoyduğunu, Tərlanın həmin unu mağazasına çəkdiyini, həmin vaxt Xalidin mağazasının qarşısında reklam xarakterli qoyduğu bir kisə “Mehriban" adlanan unu tanımadığı şəxsin avtomobilinin yük yerinə qoyduğunu gördüyünü bildirmişdir. Daha sonra o, taxıl anbarında satdığı məhsullarla yerdə qalan məhsulların üzləşməsini aparmış və anbarında bır ədədinin qiyməti 39 manat olmaqla 12 kisə “Mehriban" adlanan, bir ədədinin qiyməti 39 manat olmaqla 10 kisə “Karmen" adlanan un, bir kiloqramı 0,70 manat (yetmiş qəpik) olmaqla 10 kisə, təxminən 650 kq qarğıdalının kəsir olduğunu müəyyən etmişdir. Buna görə də o, Zaqatala RPŞ-yə müraciət etmişdir. O, Xalid barəsində tədbir görülməsini və ona ağır cəza verilməsini xahiş edir. O, Şəxslə barışmamışdır. Ondan şikayətçidir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X14 çıxış edərək Şəxs barəsində yüngül tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etdi. İşdə olan Zaqatala RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X6 17 iyun 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi olduğundan toplanmış material üzrə qəbul edilmiş qərarın surəti baxılması üçün Zaqatala RPŞ-nin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Qərarın əsasında Şəxs haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxs həmin qərarı mübahisələndirməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, protokol tərtib edən şəxsin və zərərçəkmiş şəxsin izahatları, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarla və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Zaqatala RPŞ-dən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməsə də, məhkəmə araşdırması zamanı onun həmin əməli törətməsini səmimi etiraf edərək peşmançılıq çəkməsi müəyyən edildi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin əməli törətməsini səmimi etiraf edərək peşmançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, əmlak vəziyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. AzərbaycanRespublikasıİnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati həbs edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclası zalında həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 08 dekabr 2022-ci il tarixdən, saat 09:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Zaqatala RPŞ-nə həvalə edilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə, zərərçəkmiş şəxsə və Zaqatala rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar