Məhkəmə qərarları › İş №3(033)-36/2023

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-36/2023

22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-36/2023 22.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili X12, zərərçəkmiş şəxslər X5, X10 və Zaqatala rayon İcra və probasiya şöbəsinin rəisi X13 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs -xx xxxx 1974-cü il tarixdə Zaqatala rayonu Muxax kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, eyni xətaya görə əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, Zaqatala rayonu Muxax kəndində pasport qeydiyyatında olan və orada yaşаyan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Zaqatala rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs Zaqatala Rayon Məhkəməsinin 2(033)-14/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərinə əməl etməkdən qərəzli olaraq boyun qaçırdığına görə onun barəsində 30 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala rayon İcra və X7 Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı Zaqatala rayon İcra və probasiya şöbəsinin rəisi X21 izahatında göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-14/2021 nömrəli xx.xx.2021ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs X11, X8, X14 və X15 məxsus Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1037 ha həyətyanı torpaq sahəsində qanunsuz tikilmiş-sahəsi 117,0 kv.metr olan yaşayış evi sökülməklə həmin sahədən çıxarılmalıdır. İcra sənədinin icrası ilə əlaqədar müəyyən icra hərəkətləri edilmiş, sorğular verilmiş, cavablar alınmışdır. Tərəfindən borclu Şəxs «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələbləri izah edilmiş və icra sənədinin icrası tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin edilən xəbərdarlıqlara baxmayaraq Şəxs icra sənədində göstərilən borclulara məxsus torpaq sahəsi üzərində tikilmiş yaşayış evini sökməyərək və həmin torpaq sahəsindən çıxmayaraq icra sənədini icra etməkdən imtina etmişdir. Tələbkarlar icra sənədinin icra edilməsini tələb edir. Buna görə də, onun həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati protokol tərtib edilmişdir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, həqiqətən də, Zaqatala Rayon Məhkəməsinin 2(033)- 14/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1037 ha həyətyanı torpaq sahəsində tikilmiş-sahəsi 117,0 kv.metr olan yaşayış evi sökülməklə həmin sahədən çıxmalıdır. O icra sənədində qeyd edilən torpaq sahəsinin ona satılması ilə bağlı tələbkar Nərgiz Məmmədova ilə razılığa gəlmiş və ona torpağın dəyəri olan 8000 manat ödəniş etmişdir. Nərgiz Məmmədova bu barədə ərizə də yazaraq İcra və Probasiya Şöbəsinə təqdim etmişdir. Tələbkarlar daha 9000 manatın ödənilməsini tələb edir. Onun həmin torpaq sahəsindən çıxmaq fikri yoxdur. Həmin pul məbləği ona geri qaytarıldığı təqdirdə qətnaməni icra edəcəkdir. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X22 çıxış edərək hüquqlarını müdafiə etdiyi şəxsin icra sənədində göstərilən tələbi icra etməkdən qərəzli olaraq boyun qaçırmamasını, əksinə tələbkarla razılığa gəldiyini və həmin razılığın şərtlərinə əməl etməsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. X1 izahat verərək göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-14/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsində Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1037 ha torpaq sahəsində inşa edilmiş 117 kv.m yaşayış evi sökülməklə Şəxs həmin torpaq sahəsindən çıxarılmalıdır. Borclu icra sənədini icra etməkdən imtina edir və onlara məxsus torpaq sahəsindən çıxmaqdan imtina edir. Əlavə olaraq göstərdi ki, Şəxs onların ümumi birgə mülkiyyətlərində olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,10 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair anası X17 ilə 17000 manat pulun ödənilməsi müqabilində razılığa gəlmişdir. Həmin torpaq sahəsi Nərgiz Məmmədova ilə yanaşı daha 3 nəfərin mülkiyyətindədir. Anası olan X17 həmin torpaq sahəsinin Şəxs mülkiyyətinə verilməsi müqabilində ondan 8000 manat almış və daha 9000 manatın ödənilməsini tələb etmişdir. Lakin Şəxs 9000 manatı ödəməkdən imtina edir. İsmayıl tərəfindən anasına verilmiş 8000 manat anasındadır, həmin pul onlara beh kimi verilmişdir. Şəxs həmin torpaq sahəsindən çıxmadığı üçün həmin beh də batmışdır. O və 0,10 ha torpaq sahəsinin digər mülkiyyətçiləri həmin torpaq sahəsi üzərində Şəxs tərəfindən tikilmiş yaşayış evinin sökülərək həmin torpaq sahəsinin onlara təhvil verilməsini tələb edir. O icra sənədinin tam şəkildə icra edilməsini tələb edir və eyni zamanda borclu Şəxs barəsində qanuni tədbirlərin görülməsini xahiş edir. X2 X1 ilə oxşar məzmunda izahat verərək Şəxs barəsində qanuni tədbirlərin görülməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün, tələbkarların və icra məmurunun izahatları və Zaqatala rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, iş materiallarından, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri fiziki şəxslər üçün məcburi olmasına baxmayaraq, Zaqatala Rayon Məhkəməsinin 2(033)-14/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə Şəxs izahatına hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, onun məhkəmə iclasında verdiyi izahatı, yəni icra sənədində qeyd edilən torpaq sahəsinin ona satılması ilə bağlı tələbkar Nərgiz Məmmədova ilə razılığa gəlməsi və ona torpağın dəyəri olan 8000 manat ödənişin geri qaytarıldığı təqdirdə qətnaməni icra etməsi barədə verdiyi izahatı özünü müdafiə xarakteri daşıyır, məsuliyyətdən və tənbeh tədbirindən yayınmaq məqsədi güdür. Belə ki, iş materiallarında olan X9 Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə ünvanlandığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, borcu Şəxs ilə aralarındakı razılığa əsasən Zaqatala Rayon Məhkəməsinin 2(033)-14/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədində qeyd edilən torpaq sahəsinin əvəzi olaraq 8000 (səkkiz min) manatı qəbul etmişdir. Qalıq borc olan 9000 (doqquz min) manatı da 3 ay müddətində hissə-hissə ona ödəyəcəkdir, lakin borclu ona heç bir ödəniş etməmişdir. Buna görə də borclu barəsində tədbirlərin davam etdirilməsini və icraatın təzələnməsini xahiş etmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qətnaməni icra etməsi üçün kifayət qədər vaxtının olmasına baxmayaraq o, qətnaməni icra etməmişdir. Onun göstərdiyi xüsusatlar ümumilikdə heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Ona görə ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-14/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1037 ha həyətyanı torpaq sahəsində qanunsuz tikilmiş-sahəsi 117,0 kv.metr olan yaşayış evi sökülməklə həmin sahədən çıxarılmalıdır. Bundan başqa, Zaqatala Rayon Məhkəməsinin 2(033)-160/2023 nömrəli 27 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Şəxs cavabdehlər X17, X16, X20 və X15 qarşı torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmiş hallardan da görünür ki, məhkəmə nəzərə alır ki, iddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152-ci 398-ci maddələrinə istinad etmiş və məhz həmin maddənin müddəalarına əsaslanmaqla cavabdehə 8000 manat ödənilməsini əsas gətirərək cavabdeh tərəfindən Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin alqı-satqı müqaviləsi kimi qəbul edilməsini tələb etmişdir. Bununla bağlı olaraq məhkəmə hesab etmişdir ki, hazırki mübahisə üzrə cavabdeh tərəfindən verilmiş ərizə daşınmaz əmlaka dair bağlanmış ikitərəfli əqd kimi qəbul edilə və müvafiq olaraq da onlarla bağlı Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin müddəaları tətbiq edilə bilməz. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfin cavabdehə vermiş olduğu 8000 manat pul vəsaitinin məhkəmə qaydasında iddia qaldırmaqla tələb etmək hüququ da vardır. İş materiallarında olan sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs qanunsuz və əsassız olaraq icra sənədinin icra edilməsi barədə hərəkətsizlik etməklə, icra məmurunun qanuni tələbinin yerinə yetirilməməsi kimi qanun pozuntusu etmişdir. O, təqsirsiz deyil və onun əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanuni qüvvəyə minmiş qərarın icrasına laqeyd münasibət bəsləməklə bu qərarı icra etməmiş və bununla da icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburi olan aktları icra edilməyərək kağız üzərində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir...Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Konstitusiya Məhkəməsinin Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Şəxs həmin icra sənədində göstərilən tələbi üzürsüz səbəbdən, yəni qəsdən icra etməmişdir. Borclu Şəxs həmin icra sənədi üzrə öhdəliklərini yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırmış, icra sənədində göstərilən tələbi icra etməmişdir. İşin qeyd edilən halları Zaqatala Rayon İcra və probasiya Şöbəsinin icra məmurunun və tərəflərin məhkəmə iclası zamanı verdiyi izahatları ilə yanaşı, məhkəməyə təqdim edilmiş sənədlərlə də öz təsdiqini tapır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyətini, barəsində inzibati həbs tətbiq edilməsi üçün müstəsna halların olmamasını nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti proses iştirakçılarına təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar