Məhkəmə qərarları › İş №3(033)-361/2023

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-361/2023

27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-361/2023 27.12.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Zaqatala Rayon Vəkil Bürosunun vəkili X10 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin X3 sahə rəisi X1 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxx 1976-cı ildə Zaqatala rayon Axaxdərə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, hazırda Zaqatala rayon Axaxdərə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 19 dekabr 2023-cü il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 18 dekabr 2023cü il tarixdə Gülnaz Məmmədovanı və ailə üzvlərini Axaxdərə kəndində yaşadığı evin qarşısında yolun kənarında nalayiq ifadələrlə təhqir edərək ictimai qaydanı pozmuşdur. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon Polis Şöbəsinin X3 sahə rəisi X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Zaqatala rayonu Axaxdərə kənd sakini X6 102 xidmətinə müraciət edərək qonşusu Şəxs onun evinin dam örtüyünü daşlaması barədə məlumat vermiş və polis göndərilməsini xahiş etmişdir. Gülnaz Məmmədovanın müraciətini araşdıran zaman müəyyən edilmişdir ki, Şəxs 18 dekabr 2023-cü il tarixdə Gülnaz Məmmədovanı və ailə üzvlərini Axaxdərə kəndində yaşadığı evin qarşısında yolun kənarında nalayiq ifadələrlə təhqir edərək ictimai qaydanı pozmuşdur. Bununla bağlı həmin ərazidə yaşayan sakinlər də öz narazılıqlarını bildirmişlər. Şəxs xx.xx.2023-cü il tarixdə Zaqatala Rayon Polis Şöbəsinə gətirilmiş və onun barəsində inzibati qaydada tutma tətbiq edilmişdir. O, 19 dekabr 2023-cü il tarixdə saat 07:30 radələrində tutulmuş və 19 dekabr 2023-cü il tarixdə saat 18:00-da azad edilmişdir. Bundan sonra onun haqqında 19 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində qanuna müvafiq qaydada qərar edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, 11 dekabr 2023-cü il tarixdə əmisi oğlu X8 ona məxsus evin dam örtüyünü daşla qıraraq ona maddi zərər vurmuşdur. Eyni zamanda ona məxsus 2 keçini daşla vurub, onlardan birini öldürüb digərini isə yaralamışdır. Məmmədova Gülnaz isə əmisi qızıdır. O, əmisi qızının evinin damını daşlamamış və onu təhqir etməmişdir. Sadəcə onlardan şikayət etdiyi üçün onu qabaqlamağa çalışır və ona şər atır. Ona yüngül cəza verilməsini və bağışlanılmasını xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X14 çıxış edərək Şəxs təqsiri sübuta yetirilmədiyindən onun barəsində olan inzibati xəta materiallarına xitam verilməsini xahiş etdi. Şahid qismində izahatı alınmış X6 bildirdi ki, xx.xx.2023-cu il tarixdə o atası Nəcməddin, bacısı Şahru ilə birlikdə Zaqatala rayonu Axaxdərə kəndində yaşadığı evdə olarkən axşam saatlarında əmisi oğlu Şəxs həyətdə onu və ailəsini uca səslə nalayiq ifadələrlə təhqir etmişdir. Eyni zamanda onların evinin damını daşlayıb. İlham həmin vaxt sərxoş vəziyyətdə idi. Daha sonra o, 102 xidmətinə müraciət etmiş və polislər gəlib onu şöbəyə aparmışlar. İlham onu və ailəsini təhqir edərkən qonşular da, ailəsi də hamı söyüşləri eşidib. İlham onları rahat yaşamağa qoymur. Ona məhkəmədə deyə bilməyəcəyi söyüşlər söyür. Torpaq üzərində mübahisə edir. İlhamın onu söyüşlərlə təhqir etməsinə haqqı yoxdur. Ondan şikayətçidir. Şahid qismində izahatı alınmış X12 bildirdi ki, o, Şəxs əmisi oğlu Həbib Məmmədovla bu yaxınlarda ailə həyatı qurmuşdur. Toy günü Şəxs gəlib toyda dava salaraq toyu dağıtmışdır. Daha sonra 18 dekabr axşam saatlarında İlham onların yaşadıqları evə gələrək evin şiferini daşlamışdır. Qaynatası, yəni Şəxs əmisi evdən çıxmaq istəmiş, lakin ona icazə verməyərək özləri küçəyə çıxmış və bu zaman Şəxs onları və ailə üzvlərini söymüşdür. Baş verənləri onlarla yanaşı ətrafda olan qonşular da görmüş və şahid olmuşdurlar. İşdə olan 18 dekabr 2023-cü il tarixli 517 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu müşahidə olunur. İnzibati xəta materiallarına əlavə edilmiş 19 dekabr 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 19 dekabr 2023-cü il tarixdə saat 07:30-da inzibati qaydada tutulmuş və xx.xx.2023-cü il tarixdə saat 18:00-da azad edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, protokol tərtib edən şəxsin, şahidlərin izahatları və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Məhkəmə Şəxs izahatına hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, onun əmisi qızına və əmisi oğlunun arvadına qarşı nalayiq söyüşlər söyməməsi ilə bağlı izahatı iş materiallarında olan sübutlarla təkzib olunur, onun hazırki izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür və bu səpkidə izahatı işin faktiki hallarını əks etdirmir. Həmçinin, Şəxs məhkəmədə dindirilən zaman ona yüngül cəza verilməsini və bağışlanılmasını xahiş etməsi onun həqiqətən qeyd olunan inzibati xətanı törətməsinə, yəni şahidləri nalayiq söyüşlərlə söyüb təhqir etməsinə dəlalət edir. Bundan başqa, Şəxs şahid X12 məhkəmədə dindirilən zaman israrla ona qarşı söyüş söymədiyini bildirmiş, lakin digər şahid X2 izahatında göstərdiklərinə hər hansı etiraz bildirməmişdir. Bu da onun bir daha xırda xuliqanlıq etməsini təsdiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Bundan başqa Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İİİ. Qanunu bilməmək məsuliyyətdən azad etmir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə tövsif olunmalıdır. Zaqatala RPŞ-dən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sərxoş halda inzibati xəta törətməsi məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini yüngülləşdirən hallar mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci və 32.1.1-ci maddələrinə görə inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallın olmasını, məsuliyyəti yüngülləşdirən halın olmamasını, onun şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib inzibati həbs edilməsinin əvvəli 27 dekabr 2023-cü il tarixdən saat 11:00dan hesablanmalı, onun 19 dekabr 2023-cü il tarixdə inzibati qaydada tutulduğu müddət, yəni 01 gün ona təyin edilmiş inzibati həbs müddətindən çıxılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 04 (dörd) gün müddətinə inzibati həbs edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 19 dekabr 2023cü il tarixdə inzibati qaydada tutulduğu müddət, yəni 01 (bir) gün ona təyin edilmiş inzibati həbs müddətindən çıxılsın və onun üzərində 03 (üç) gün müddətinə inzibati həbs tənbeh tədbiri saxlanılsın. İnzibati həbsə alınmanın əvvəli 27 dekabr 2023-cü il tarixdən, saat 11:00-dan hesablansın. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclası zalında həbs edilsin. Qərar dərhal icra edilsin. Qərarın icrası Zaqatala RPŞ-nə həvalə edilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə və Zaqatala rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar