Məhkəmə qərarları › İş №3(033)-371/2025

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-371/2025

17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-371/2025 17.07.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X8 qızının katibliyi, Şikayət verən şəxs X3, Zaqatala Rayon Polis Şöbəsinin DYPB YPX inspektoru, polis baş serjantı X2 iştirakı ilə, Şikayət verən şəxs X3 “inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi” barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək İXP ******* nömrəli protokolun və onun əsasına qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X6 şikayət ərizəsində göstərmişdir ki, xx.xx.2025-ci il saat 22:43də ona məxsus ** DL *** qeydiyyat nişanlı avtomobili ilə F.Əmirov küçəsi ilə hərəkət etdiyi zaman qarşıdan gələn YPX avtomobili ona saxla əmri vermişdir. O, polisin saxla əmrinə tabe olaraq avtomobilini saxlamışdır. Polis maşınından düşən YPX serjantı X4 onun guya işıqforun qırmızı işığında keçdiyini dedi. O, buna etiraz edərək qırmızı işıqda keçmədiyini desə də inspektor ona heç bir sübut təqdim etmədən İXP ******* nömrəli protokol tərtib etmişdir. Onun polisin 102 xidmətinə zəng edərək və DİN elektron ünvanına ünvanladığı məktuba baxmayaraq, xx.xx.2025-ci il tarixdə həmin protokol qərarlı hesab edildi. Ona nə yol polis inspektoru nə də ki, Zaqatala rayon polis şöbəsində guya törətdiyi inzibati xətanı sübut edən video görüntü təqdim olunmamışdır. Ailəsində 2 nəfər İİ qup əlil olmaqla özü 2 dəfə insult keçirdiyinə görə 100 AZN onun üçün böyük puldur. Polis avtomobilində quraşdırılmış görüntü kamerasının görüntülərinı məhkəmədə baxılmasını və əgər qaydanı pozmamışdırsa, həmin protokolu və protokolun qərarını ləğv etməyi məhkəmədən xahiş etmişdir. Şikayət verən şəxs X6 şikayət ərizəsini müdafiə edərək ona uyğun izahat vermişdir. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala Rayon Polis Şöbəsinin DYPB YPX inspektoru, polis baş serjantı X4 çıxış edərək X3 xx.xx.2025-ci il saat 22:43-də ona məxsus ** DL *** qeydiyyat nişanlı avtomobillə qırmızı işıqda keçdiyini bildirdi və protokolun və onun əsasında qəbul edilmiş qərarın əsaslı qeyd edərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, X6 xx.xx.2025-ci il tarixdəsaat 22:43-də radələrində idarə etdiyi VolsWAGEN GOLF MİNİK markalı, ** DL *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Zaqatala şəhəri H.Əliyev prospekti 175 ünvanında hərəkətdə olarkən svetoforun qadağanedici işarəsi verilərkən hərəkətin davam etdiyinə görə onun barəsində Zaqatala RPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əsasında xx.xx.2025-ci il tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X1 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətin ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Məhkəmə tərəfindən zəruriliyi nəzərə alınaraq Zaqatala RPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X2 idarə etdiyi xidməti avtomobilə quraşdırılmış videokamera vasitəsi ilə qeydə alınmış çəkilişlər CD diskə köçürülərək məhkəməyə təqdim edilmişdir. Zaqatala RPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X2 idarə etdiyi xidməti avtomobilə quraşdırılmış videokamera vasitəsi ilə qeydə alınmış çəkilişlərə məhkəmə iclasında baxış zamanı X1 xx.xx.2025-ci il tarixdə, saat 16:30 radələrində idarə etdiyi VolsWAGEN GOLF MİNİK markalı, ** DL *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Zaqatala şəhəri H.Əliyev prospektində svetoforun qadağanedici işarəsindən sonra hərəkətini davam etdirməsi müəyyən edildi. Belə ki, videokamera vasitəsi ilə qeydə alınmış çəkilişdən görünür ki, X6 idarə etdiyi VolsWAGEN GOLF MİNİK minik markalı, ** DL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Zaqatala şəhəri H.Əliyev prospektində svetoforun qadağanedici işarəsindən sonra hərəkətini davam etdirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Göründüyü kimi, şikayət verən şəxs X6 şikayətində qayda pozuntusu etmədiyini, ona əsassız və qanunsuz olaraq protokol yazıldığını əsas gətirərək inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etsə də, məhkəmə baxışı iclasında bu hallar da öz təsdiqini tapmamışdır. Məhkəmə şikayətin digər dəlillərinə münasibət bildirərək də qeyd edir ki, şikayətdə göstərilən heç bir hal şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb və əsasdır. Bundan başqa, vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İİİ. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin XV hissəsinə əsasən Yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, X3 şikayətində göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır. İşdə olan sübutlar onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmır, onun dəlilləri iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı təkzib olunmaz və sübhə doğurmayan sübutlarla öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Göstərilən əsaslarla məhkəmə X1nun şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 “inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zərifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar