Məhkəmə qərarları › İş №3(033)-372/2022

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-372/2022

26.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-372/2022 26.12.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun vəkili X3 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X7 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxxxx 1988-ci il tarixdə Zaqatala rayonu, Faldarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, il ərzində eyni xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, Zaqatala rayonu Faldarlı kəndində qeydiyyatında olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 26 dekabr 2022-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 23 dekabr 2022ci il tarixdə saat 17:57 radələrində Zaqatala rayon, Əliabad qəsəbəsində küçədə nalayiq ifadələr işlədərək, hərəkətlərinin dayandırılması barədə xəbərdarlığa məhəl qoymayaraq ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala rayon polis şöbəsinin İTBnin polis sahə rəisi, polis kapitanı X8 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Zaqatala RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı Ruslan Şixəmirov 23 dekabr 2022-ci il tarixdə saat 15:57 radələrində Zaqatala rayonu, Əliabad qəsəbəsində xidmətdə olduğu zaman vətəndaş X1 zəng edərək evindən oğurluğa cəhd olunduğunu bildirmişdir. Polis əməkdaşı Ruslan Şixamirov həmin ünvana getmiş və həmin küçədə Şəxs hərəkətdə olduğunu görmüş, özünü şübhəli apardığı üçün ona yaxınlaşmışdır. Sərxoş vəziyyətdə olan həmin şəxs heç bir səbəb olmadan küçədə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş və həmin vaxt polis əməkdaşı onu nizam intizama dəvət etmişdir. Şəxs onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən polis əməkdaşı onu 4 saylı inzibati polis məntəqəsinə aparmışdır. Polis əməkdaşının xidməti otağında bıçaq və stəkanla özünə xəsarət yetirməyə cəhd etmişdir. Bundan sonra onların izahatları alınmış, bunun əsasında Şəxs haqqında 26 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, o, Zaqatala rayonu Faldarlı kəndində ailəsi ilə birgə yaşayır. Polis şöbəsində verdiyi izahatını təsdiq edir. Əlavə olaraq göstərdi ki, o, 23 dekabr 2022-ci il tarixdə günorta saatlarında yaşadığı Faldarlı kəndindən Zaqatala şəhərinə gəlmiş, şəhər bazarında yerləşən kafelərin birində 500 qram spirtli içkini tək qəbul etikdən sonra Zaqatala şəhəri, Əliabad qəsəbəsinə getmişdir. Orada tanımadığı bir evin yanında özünü pis hiss etdiyi üçün daş hasardan evin həyətinə düşmüş və həmin evin tualetinə getmişdir. Daha sonra orada olan taxtın üzərinə uzanaraq yatmış, səs-küy eşidərək oyanmış, ev sahibinə bildirmişdir ki, yuxusu gəldiyi üçün orada yatıb qalmışdır. Şikayətçinin qeyd etdiyi ev əşyalarını oğurlamağa cəhd etməmişdir. Polis əməkdaşı küçədə ona yaxınlaşarkən sərxoş olduğu üçün nə etdiyini bilməmişdir, nalayiq ifadələr işlədib-işlətməməsi və polisə tabe olub- olmaması yadında deyil. O, olanları xatırlamasa da, ictimai qaydanı pozmuş olduğu, ictimai yerdə nalayiq ifadələr işlətmiş olduğu, polisin qanuni tələblərinə tabe olmadığı halda etdiyi hərəkətlərdən peşmandır, həbs olunmaq istəmir, bir səhvdir edib. Himayəsində iki azyaşlı uşağı vardır. Arvadından ayrılmışdır. Həmin uşaqlara təkbaşına baxır. Ona görə də, bağışlanılmasını xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X6 çıxış edərək onun törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını və həmin uşaqlara tək başına baxmasını, həmçinin qarşıdan bayram günlərinin gəlməsini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh növünün seçilməməsini və yüngül tənbeh növünün tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Zaqatala RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı Ruslan Şixəmirov inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X7 izahatına uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu İcra Hakimiyyəti Faldarlı kənd inzibati ərazi dairəsinin 26 dekabr 2022-ci il tarixli 551 nömrəli arayışından görünür ki, Şəxs həqiqətən Faldarlı kəndində yaşayır. Onun himayəsində iki azyaşlı uşaqları var, uşaqlara özü baxır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, protokol tərtib edən şəxsin, şahidin izahatı və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğundan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 həmin xətalardan daha ciddi xəta olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Zaqatala RPŞ-dən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməsə də, məhkəmə araşdırması zamanı onun həmin əməli törətməsini səmimi etiraf edərək peşmançılıq çəkməsi müəyyən edildi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin əməli törətməsini səmimi etiraf edərək peşmançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, himayəsində azyaşlı uşaqları olmaqla həmin uşaqları təkbaşına böyütməsini, həmçinin barəsində inzibati həbs tətbiq edilə bilməməsini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti proses iştirakçılarına təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar