Məhkəmə qərarları › İş №3(033)-375/2025

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-375/2025

08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-375/2025 08.08.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X2 qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - xx.xx.1961-ci il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, təqaüdçü, öz deməsinə görə il ərzində eyni xətaya görə inzibati məsuliyyətə cəlb olunmamış, Zaqatala rayonu Qəbizdərə kəndində qeydiyyatında olan və yaşаyan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Zaqatala rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, Şəxs xx.xx.2025-cü il tarixdə saat 19 radələrində idarə etdiyi «KİA-Sorento» markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala şəhəri, F.Əmirov küçəsində hərəkətdə olan zaman «X5» Azərbaycan Respublikasının Qanunun 51-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin «Ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır kı girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq» və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin «1.1-1.3 xətlərini kəsib keçmək qadağandır» tələblərini pozmaqla ötən zaman onunla eyni istiqamətdə hərəkətdə olan sürücü X1 idarə etdiyi "Opel-Vectra” markalı, **-BN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil sola dönmə edərkən toqquşmuş, nəticədə X1 yüngül dərəcəli bədən xəsarəti alması ilə müşayiət olunan xəta törətmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala rayon polis şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polis şöbəsində verdiyi izahatından görünür ki, KİA Sorento” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. xx.xx.2025-ci il tarixdə saat 19 radələrində idarə etdiyi avtomobil ilə Zaqatala rayonu, Mazıx kəndinə doğru hərəkət etmişdir. O, Zaqatala şəhəri F.Əmirov küçəsində hərəkətdə olan zaman qarşısında olan avtomobili ötmə əməliyyatı edərkən həmin avtomobilin qarşısında olan “Opel-Vectra” markalı avtomobil öz yolu ilə dönmə işığını yandıraraq sol küçəyə döydüyünü anidən görmüş və əyləci basmasına baxmayaraq, idarə etdiyi avtomobil “Opel” markalı avtomobil ilə toqquşaraq yol kənarında olan avtobus dayanacağına dəymişdir. O, bundan sonra xəstəxanaya müraciət etmişdir. O, daha sonra izahatında avtobili idarə edərkən qarşısında olan zaman fikirli olduğu üçün düz zolağa diqqət yetməmiş və qarşısında hərəkətdə olan avtomobilləri ötmə etməklə yaşadığı ünvana getmək istəmişdir. Zərərçəkmiş şəxs X1 polis şöbəsində verdiyi izahatından görünür ki, “Opel-Vectra" markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. O, xx.xx.2025-ci il tarixdə saat 19 radələrində idarə etdiyi avtomobil ilə Zaqatala şəhəri, F.Əmirov küçəsində yerləşən yaşayış binaları istiqamətinə dönərkən sol yan güzgüdən arxa hissəyə baxmış və yol üzrə icazəsi verilən yoldan dönmə əməliyyatı etmək üçün sol dönmə işığını yandıraraq dönmə əməliyyatına başlamışdır. O, idarə etdiyi avtomobil ilə dönmə əməliyyatı edərkən anidən eyni istiqamətdə hərəkətdə olan arxadan gələn “KİA” markalı avtomobil onun avtomobili ilə toqquşaraq yolun sol çiyinində olan avtobus dayanacağına dəymişlər. Bundan sonra o, idarə etdiyi avtomobildə xəsarət aldığı üçün xəstəxanaya müraciət etmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-cü il tarixdə saat 19 radələrində sürücü Şəxs idarə etdiyi «KİA- Sorento» markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala şəhəri, F.Əmirov küçəsində hərəkətdə olan zaman «X5» Azərbaycan Respublikasının Qanunun 51 -ci maddəsinin 1 -ci hissəsinin 1 -ci bəndinin «Ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq» və 69-cu maddəsinin 7-ci hissəsinin 1 -ci bəndinin «1.1-1.3 xətlərini kəsib keçmək qadağandır» tələblərini pozmaqla onunla eyni istiqamətdə hərəkətdə olan sürücü X1 idarə etdiyi “Opel-Vectra” markalı, **-BN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşması müəyyən edilmişdir. Həmin qərarda göstərilən Məhkəmə tibbi ekspertiza Pataloji Anatomiya Birliyi X4 xx.xx.2025-cü il tarixli 155 №-li rəyindən görünür ki, vət. X1 məhkəmə-tibbi ekspertizası müayinəsi zamanı bədəni üzərində xəsarətlər-sol təpə nahiyəsində əzilmiş-cırılmış yara, sol çiyin oynağı və sol dirsək oynağı nahiyəsində qançırlar-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, eləcədə yardım üçün Zaqatala RMX PHŞ-ya müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə, sağlamlığın uzun müddəttə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, zərərçəkmiş şəxslərin, protokol tərtib edən şəxsin izahatları, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, ekspertiza rəyi və Zaqatala rayon polis şöbəsindən daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin qeyd hissəsində göstərilir ki, bu Məcəllənin 327.8, 333.1 və ya 343.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmadan inzibati cərimə tətbiq edildikdə, həmin xəta 5 balla qiymətləndirilir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmalıdır. Zaqatala rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmiş və məhkəmə baxışı zamanı da aşkar edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətini ağırlaşdıran hər hansı hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 27.1 və 27.2-ci maddələrinə əsasən fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. Bu Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Həmin Məcəllənin 115.2-ci maddəsinə görə inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məsələsi hakim tərəfindən həll edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşçdirən və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini və əmlak vəziyyətini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılması tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib , onun nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə və Zaqatala Rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zərifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar