Məhkəmə qərarları › İş №3(033)-387/2021

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-387/2021

30.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-387/2021 30.08.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tərcüməçi X4, Vəkil və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi X1 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-04 avqust 1986-cı il tarixdə Zaqatala rayonu Danaçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işsiz, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, Zaqatala rayonu Danaçı kəndində qeydiyyatında olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 28 avqust 2021-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 27 avqust 2021ci il tarixdə “COVİD 19” infeksiyasına qarşı vurulan vaksinasiyaya qarşı videoçarx hazırlayaraq sosial şəbəkədə paylaşmış, eyni zamanda bununla bağlı Zaqatala RPŞ-yə dəvət olunan zaman polis əməkdaşının qanuni tələbinə qərəzli şəkildə tabe olmamışdır. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Zaqatala RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Nicat Qurbanlı raportla şöbənin rəisinə müraciət edərək göstərmişdir ki, Danaçı kənd sakini Şəxs 27 avqust 2021-ci il tarixdə Danaçı kənd sakinləri arasında “Covid 19” virusu üçün olunan vaksinasiya prosesinə qarşı təbliğat aparmış, kənd camaatını toplaşmağa çağırmış, eyni zamanda məsciddə cümə namazı qılınması zamanı görülən karantin tədbirlərinə məhəl qoymamağa, vaksinləri olmasa belə namazı birgə qılmağa səsləmiş, bu istiqamətdə videoçarx hazırlayaraq sosial şəbəkədə paylaşmışdır. Bundan sonra həmin şəxsi polis şöbəsinə gətirən zaman onların qanuni tələblərinə qəsdən tabe olmamış, onlarla mübahisə etmiş, polis şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Həmin şəxs öz hərəkətlərini qərəzli olaraq davam edərək polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də, məcburi şəkildə həmin şəxs polis şöbəsinə gətirilmişdir. Onun izahatı alınmışdır. Bunun əsasında onun haqqında 28 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, o, Zaqatala rayonu Danaçı kəndində ailəsi ilə birgə yaşayır. Zaqatala RPŞ-də verdiyi izahatını təsdiq edir. Əlavə olaraq göstərdi ki, o, 27 avqust 2021-ci il tarixdə Danaçı kəndində olan məsciddə video çəkmişdir. Həmin videoda o, camaata müraciət etmişdir ki, əgər vaksinsiz məscidə buraxmırlarsa, məscidin çölündə namaz qılarıq. Bundan başqa, videoda avar dilində danışaraq bildirmişdir ki, “vaksin islam dininə qarşıdır, futbol oyunu zamanı virusa yoluxanların sayını az idi, hazırda isə virus çoxalıb, nə oldu ki, virus çoxaldı?. Vaksin vurdurmadan məscidin çölündə namaz qılmaq olar, əgər vaksinsiz məscidə buraxmırlarsa, məscidin çölündə namaz qılarıq”. Bu videonu “whatsupp”-da status bölməsində paylaşmışdır. Bundan sonra kəndə polis əməkdaşları gəlmiş, o da bilmişdir ki, onu paylaşdığı videoya görə axtarırlar. Ona görə də, polis şöbəsinə getməkdən imtina etmişdir. Müxtəlif bəhanələr gətirmiş, tabesizlik göstərmişdir. Bir müddət sonra isə onu polis şöbəsinə aparmışlar. Etdiyi hərəkətlərin qanun pozuntusu olduğunu başa düşməmişdir. Hazırda əməlindən peşmandır. Göstərdiklərini nəzərə alaraq, barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil çıxış edərək Şəxs əməlini səmimi etiraf etməsini, himayəsində uşağının olmasını nəzərə alaraq onun barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Zaqatala RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X8 izahatında göstərdi ki, 27 avqust 2021-ci il tarixdə Zaqatala rayonu Danaçı kənd sakini Şəxs həmin kənddə sakinlər arasında “Covid 19” virusu üçün olunan vaksinasiya prosesinə qarşı əks təbliğat apardığı, kənd camaatını toplaşmağa çağırdığı, eyni zamanda məsciddə cümə namazının qılınması zamanı görülən karantin tədbirlərinə məhəl qoymamağa çalışması və eyni zamanda bu barədə videoçarx hazırlayaraq sosial şəbəkədə paylaşması onun tərəfindən müəyyən edilmişdir. O, PPXBnin polis nəfəri Şaban Ramazanovla 28 avqust 2021-ci il tarixdə Danaçı kəndinə gedərək Şəxs tapıb, onu şöbəyə dəvət etmişlər. Bu zaman o, şöbəyə gəlməkdən imtina etmiş, tabesizlik göstərərək hərəkətini davam etdirmiş, onlarla mübahisə etmiş, onların qanuni tələbinə qərəzli şəkildə tabe olmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Zaqatala RPŞ-nin PPXB-nin polis nəfəri X7 şahid X5 izahatına uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İnzibati xəta materiallarına əlavə edilmiş 28.08.2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 28 avqust 2021-ci il tarixdə saat 20:45-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş videoçəkilişdən görünür ki, Şəxs telefon vasitəsilə video çəkərək (avar dilində) bildirir ki, “vaksin islam dininə qarşıdır, futbol oyunu zamanı virusa yoluxanların sayı az idi, hazırda isə virus çoxalıb, nə oldu ki, virus çoxaldı?. Vaksin vurdurmadan məscidin çölündə namaz qılmaq olar, əgər vaksinsiz məscidə buraxmırlarsa, məscidin çölündə namaz qılarıq”. Məhkəmə Şəxs izahatına hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, onun etdiyi hərəkətlərin qanun pozuntusu olduğunu bilməməsi ilə bağlı izahatı iş materiallarında olan sübutlarla (onun özünün, şahidin izahatları) təkzib olunur, onun hazırki izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür və bu səpkidə izahatı işin faktiki hallarını əks etdirmir. Məhkəmə isə bu hala qiymət verərək qeyd edir ki, onun qeyd olunan hərəkətlərin inzibati məsuliyyətə səbəb olmasını bilməməsi, heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Bundan başqa Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İİİ. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, protokol tərtib edən şəxsin və şahidin izahatları, Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin əməli törətməsini səmimi etiraf edərək peşmançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini və əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, eyni zamanda inzibati xəta törədən şəxsi tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib inzibati həbs edilməsinin əvvəli onun tutulduğu vaxtdan, yəni 28 avqust 2021-ci il tarixdən, saat 20:45-dən hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclası zalında həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun tutulduğu vaxtdan, yəni 28 avqust 2021-ci il tarixdən, saat 20:45-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Zaqatala RPŞ-nə həvalə edilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə və Zaqatala rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar