Məhkəmə qərarları › İş №3(033)-391/2021

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-391/2021

02.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-391/2021 02.09.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun vəkili X6 və Zaqatala rayon İcra və probasiya şöbəsinin rəisi X7 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxx 1959-cu il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, il ərzində eyni xətaya görə inzibati məsuliyyətə cəlb olunmamış, Zaqatala rayonu Yuxarı Tala kəndində pasport qeydiyyatında olan və orada da yaşаyan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Zaqatala rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Kamalov X5 Rayon Məhkəməsinin 2(033)-780/2020 saylı 23 noyabr 2020-ci il tarixli icra sənədini icra etməmiş və icra məmurunun qanuni tələblərinə əməl etməkdən qərəzli olaraq boyun qaçırdığına görə onun barəsində 31 avqust 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala rayon İcra və X4 Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası protokol tərtib etmiş şəxs, Zaqatala rayon İcra və probasiya rəisi X10 izahatında göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-780/2020 saylı 23 noyabr 2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarı əsasında mülkiyyətinə verilmiş, A seriyalı 264616 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,7425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən keçən 2 (iki) ədəd su kanalından axan suyun təbii axımının qarşısını alması və həmin suyu iddiaçı X1 mülkiyyətində olan Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,0605 ha torpaq sahəsi ilə sərhəddə yönəltməklə aralarında olan hasarın yerləşdiyi ərazidə suyun yığılmasına səbəb olması ilə müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulmalıdır. İcra sənədinin icrası ilə əlaqədar müəyyən icra hərəkətləri edilmiş, dəfələrlə Şəxs suyun qarşısını almaması ilə bağlı xəbərdarlıq edilmiş, akt tərtib olunmuş, lakin o, edilən xəbərdarlıqlara məhəl qoymamışdır. Tərəfindən borclu Şəxs «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələbləri izah edilmiş və icra sənədinin icrası tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin edilən xəbərdarlıqlara baxmayaraq Şəxs mütəmadi olaraq tələbkarın mülkiyyətində olan torpaq sahəsinə suyu axıdaraq qanuni tələblərinə əməl etməkdən boyun qaçırmışdır. Tələbkar şikayətçidir. Buna görə də, onun həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati protokol tərtib edilmişdir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, həqiqətən də, Zaqatala Rayon Məhkəməsinin 2(033)-780/2020 saylı 23 noyabr 2020-ci il tarixli icra sənədinə əsasən onun Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarı əsasında mülkiyyətinə verilmiş, A seriyalı 264616 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,7425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən keçən 2 (iki) ədəd su kanalından axan suyun təbii axımının qarşısını alması və həmin suyu iddiaçı X1 mülkiyyətində olan Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,0605 ha torpaq sahəsi ilə sərhəddə yönəltməklə aralarında olan hasarın yerləşdiyi ərazidə suyun yığılmasına səbəb olması ilə müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulmalıdır. O, məhkəmənin qərarından xəbərdardır. Zaqatala rayon İcra və probasiya şöbəsi tərəfindən göndərilən tələbin könüllü icrası barədə bildirişi almışdır. O, sadəcə olaraq öz mülkiyyətində olan ağaclara su verir, ona görə su kanalından axan suyun təbii axımının qarşısını alır. Torpaq sahəsi isə enişli-yoxuşlu olduğundan ağaclar sulandığı zaman su X2 torpaq sahəsinin sərhəd hissəsinə yığılır. Su kanalının qarşısını almasa ağaclarına su verə bilmir. Cərimə olunmasına etiraz etmir. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X11 çıxış edərək Şəxs barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün və icra məmurunun izahatları, Zaqatala rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materialla və iş materiallarına əlavə olunmuş videodisk və şəkillərlə tam təsdiq olundu. İş materiallarından, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun izahatından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri fiziki şəxslər üçün məcburi olmasına baxmayaraq, Zaqatala Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2(033)-780/2020 saylı icra sənədi üzrə borclu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə Şəxs izahatına hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, onun məhkəmə iclasında verdiyi izahatı, yəni mülkiyyətində olan torpaq sahəsində olan ağaclara su verilməsi üçün su kanalının qarşısını bağlaması və nəticədə tələbkarın sərhədinə suyun yığılması ilə bağlı verdiyi izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür. Məhkəmə bu hala qiymət verərək qeyd edir ki, bu xüsusatla bağlı onun məhkəmədə verdiyi izahatı, icra məmurunun qanuni tələblərinə əməl etməkdən qərəzli olaraq boyun qaçırması anlamına gəlir ki, bu da qeyd olunan maddənin tərkibini yaradır. Eyni zamanda onun ağaclara su verməsi üçün bu pozuntunu etməsinə dair izahatı əməlinə görə ala biləcəyi cəzadan yayınmağa çalışdığını göstərir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdiyi xüsusatlar heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Eyni zamanda məhkəmə tərəfindən də mübahisəli torpaq sahəsinə yerində müayinə keçirilmiş və müəyyən olunmuşdur ki, icraata başlamaq haqqında qərar qəbul edildikdən və Şəxs qətnamənin icra edilməsi ilə bağlı xəbərdar olunduqdan sonra o, yenə də su kanalındakı suyun təbii axımının qarşısını almış, suyun tələbkarın torpaq sahəsinin sərhədinə yığılmasına səbəb olmuşdur. Bütün bunlar işə əlavə edilmiş videogörüntülərlə də təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanuni qüvvəyə minmiş qərarın icrasına laqeyd münasibət bəsləməklə bu qərarı icra etməmiş və bununla da icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburi olan aktı icra edilməyərək kağız üzərində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir...Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Konstitusiya Məhkəməsinin Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Şəxs həmin icra sənədində göstərilən tələbi qəsdən icra etməmişdir. Borclu Şəxs həmin icra sənədi üzrə öhdəliklərini yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırmışdır. İşin qeyd edilən halları protokol tərtib etmiş şəxsin məhkəmə iclası zamanı verdiyi izahatı ilə yanaşı, məhkəməyə təqdim edilmiş sənədlərlə də öz təsdiqini tapır. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyətini, həmçinin inzibati həbsin tətbiq edilməsi üçün hər hansı müstəsna halın olmamasını nəzərə alaraq, onun barəsində, törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə, zərərçəkmiş şəxsə və Zaqatala rayon İcra və probasiya Şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar