Məhkəmə qərarları › İş №3(033)-4/2024

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-4/2024

23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-4/2024 23.01.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, Bayramova Aytac Elşad qızının katibliyi ilə, X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Şəki-Zaqatala regional şöbəsinin baş əmək müfəttişi X3 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Şəki-Zaqatala regional şöbəsinin 18 sentyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X5 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyənetdi: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Şəki- Zaqatala regional şöbəsinin 18 sentyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı 18 sentyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, aidiyyəti olmayan bir iş üzrə barəsində Əmək və X14 Nazirliyi yanında X16 Xidməti Şəki-Zaqatala regional Şöbəsinin əməkdaşları tərəfindən 11 sentyabr 2023-cü il tarixdə, MN-1497122 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, nə onun kafesi var, nə də o əmək müqaviləsi olmadan həmin kafeyə işçi qəbul etmişdir. 18 sentyabr 2023-cü il tarixli, MN-1293439 nömrəli qərara əsasən o 1500 manat inzibati cərimə olunmuşdur. Məhkəməyə müraciət etməyinin səbəbi isə 18 sentyabr 2023-cü il tarixli, MN-1293439 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi ilə bağlıdır. Belə ki, həmin qərar tam olaraq əsassız və qanunsuzdur. Məhkəmə iclasında iştirak edən şikayətçi X9 şikayət ərizəsinə uyğun izahat verərək, şikayətin təmin olunmasını və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Şəki-Zaqatala regional şöbəsinin 18 sentyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. O, izahatında daha sonra göstərmişdir ki, qeyd olunan kafe onun qardaşına aiddir, qardaşı hazırda Bakı şəhərində müalicə olunur. O, heç vaxt kafe işlətməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Şəki-Zaqatala regional şöbəsinin baş əmək müfəttişi X6 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq, bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Şəki- Zaqatala regional şöbəsinin rəisi cənab X17 tərəfindən qəbul edilmiş 18 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. 18 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli qərar Zaqatala RPŞ-dən daxil olmuş məktuba əsasən qəbul olunmuşdur. Polis şöbəsindən material onlara daxil olduqdan sonra onlar heç bir araşdırma aparmamışlar, belə ki, işə qəbul olunmuş şəxs kimi Tərlan Durmuşov idarəyə dəvət olunsa da o, hərbi xidmətdə olduğu üçün gələ bilməmişdir, idarə müdirinin də izahatını ala bilməmişlər. O, şikayətin təmin edilməməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Şəki-Zaqatala regional şöbəsinin rəisi cənab X17 tərəfindən qəbul edilmiş 18 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılmalısını xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş X4 öz ifadəsində bildirmişdir ki, o, Baqiryani Vasifə məxsus idarənin kafesində işləyir. Tərlan onun qonşusudur, həmin gün Tərlanı həyətin otlarını yığışdırması üçün özü çağırmışdır. Tərlan otu yığıb getmişdir. O, işini bir saata yekunlaşdırmışdır. O, izahatında daha sonra qeyd etmişdir ki, Baqiryani Xəqaninin onların iş yerlərinə heç bir adiyyəti yoxdur, onların müdiri Baqiryani Vasifdir. İş üzrə şahid qismində dindirilmiş X10 öz ifadəsində bildirmişdir ki, onu X12 işə götürmüşdür, o, çilingər işləyir. Tərlan adlı şəxs onlarla bir yerdə işləmir və həmin şəxsi o tanımır. Xəqanini o, Vasifin qardaşı kimi bir iki dəfə görüb, Xəqaninin onların idarəsinə heç bir adiyyəti yoxdur. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin olunmalı, qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Şəki-Zaqatala regional şöbəsinin rəisi X17 tərəfindən qəbul edilmiş 18 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxs hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. X2 AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törtəmiş və barəsində 1500 (bir min beş yüz) manat inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından və Kommersiya qurumlarının dövlət reyestrinə daxil edilən məlumatlardakı dəyişikliklərin tarixçəsindən görünür ki, dövlət reyestr məlumatlarına əsasən, “Tofiq” Kiçik Müəssiəsinin (VÖEN **********) əvvəllər və ya hazırda qanuni təmsilçisi (rəhbəri) X12 olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan tərəfindən X5 “Tofiq” Kiçik Müəssiəsinin (VÖEN **********) qanuni təmsilçisi (rəhbəri) olması və “vəzifəli şəxs” olaraq 192.1-ci maddənin tələblərinin pozuntusunu törətməsi qərarda əsaslandırılmamış, X5 adı qanuni təmsilçisi (rəhbəri) olaraq dövlət reyestr məlumatlarına adı daxil edilməmişdir. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, X9 direktor olaraq Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyatda alınmadığından “Tofiq” Kiçik Müəssiəsində vəzifəli şəxsi olmamışdır. Beləliklə də, X5 vəzifəli şəxs olaraq 192.1-ci maddənin tələblərinin pozaraq inzibati xətanı törətməsi faktı iş materialları ilə sübut olunmur. İş materialları ilə və məhkəmə prosesində dindirilmiş şahid ifadələri ilə tam sübuta yetirilmişdir ki, “Tofiq” Kiçik Müəssiəsinin qanuni təmsilçisi X7r. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin Qeyd hissəsində göstərilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə araşdirması vaxtı müəyyən olunmuşdur ki, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, qərar qəbul edən orqan hazır ki işlə bağlı heç bir əlavə araşdırılma aparılmamış, Zaqatala RPŞ-dən daxil olmuş sənədlərlə kiyayətlənmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş materiallarından və məhkəmə araşdırılması zamanı X5 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələblərini pozması öz təsdiqini tapmadığından və onun əməlində inzibati xəta tərkibi olmadığına görə şikayət təmin edilməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Şəki-Zaqatala regional şöbəsinin 18 sentyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 53, 76, 84, 128, 133-135, 192-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X9 şikayəti təmin edilsin. X9 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Şəki-Zaqatala regional şöbəsinin 18 sentyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar