Məhkəmə qərarları › İş №3(033)-40/2024

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-40/2024

30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-40/2024 30.01.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zaqatala rayonu Baş yol patrul xidməti inspektoru, polis baş leytenantı X5 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxx 1998-ci il tarixdə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, öz deməsinə görə il ərzində eyni xətaya görə inzibati məsuliyyətə cəlb olunmamış, Zaqatala rayonu Kebeloba kəndində pasport qeydiyyatında olan və orada da yaşаyan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Zaqatala rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 30 yanvar 2024-cü il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, 18 noyabr 2023-cü il tarixdə saat 17 radələrində sürücü Şəxs idarə etdiyi “Mondial” markalı 99-B-175 dövlət qeydiyyat nişanlı motosiklet ilə Zaqatala şəhəri Nizami küçəsində hərəkətdə olarkən «X11» Azərbaycan Respublikasının Qanunun 51-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin «Ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq)) tələblərini pozmaqla idarə etdiyi motosikletlə onunla eyni hərəkət zolağında avtomobili ötərkən idarəetməni itirərək ilk öncə əks hərəkət istiqamətində hərəkətdə olan sürücü X2 idarə etdiyi “VAZ- 21074" markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, daha sonra isə əks istiqamətdə yolun kənarında dayanmış halda olan X3 məxsus “VAZ-21074” markalı, **- XM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, toqquşma nəticəsində X4 və X3 maddi zərər vurulması, eyni zamanda sürücü Şəxs yüngül dərəcəli bədən xəsarəti yetirilməsi ilə müşayiət olunan xəta törətmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala rayon polis şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Zaqatala Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 3(033)-40/2024 nömrəli qərardadına əsasən Azərbaycan Respublikasının vətəndaşı Şəxs Аzərbаycаn Respublikаsı İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar barəsindəki inzibati xəta haqqında materiala məhkəmə iclasında baxılmasının xx.xx.2024-cü il tаrixə, sааt 12:20-yə Zaqatala Rayon Məhkəməsinin inzibati binasına təyin edilməsi, inzibati xəta haqqında iş üzrə iştirakçıların məhkəmə iclasında iştirak etmələri üçün çağırılması, işin düzgün və vaxtında həll edilməsinə yönəlmiş digər hərəkətlərin edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun baxılması üçün Zaqatala rayon polis şöbəsinə qaytarılması qərara alınmışdır. Zərərçəkmiş şəxslər X7 və X6 məhkəmə ilə telefon vasitəsilə əlaqə saxlayaraq göstərmişlər ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır, heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş edirlər. Bu halda məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Zaqatala rayonu Baş yol patrul xidməti inspektoru, polis baş leytenantı X8 izahatında göstərdi ki, 18 noyabr 2023-cü il tarixdə saat 17 radələrində sürücü Şəxs idarə etdiyi “Mondial” markalı 99-B-175 dövlət qeydiyyat nişanlı motosiklet ilə Zaqatala şəhəri Nizami küçəsində hərəkətdə olarkən «X11» Azərbaycan Respublikasının Qanunun 51-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin «Ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq)) tələblərini pozmaqla idarə etdiyi motosikletlə onunla eyni hərəkət zolağında avtomobili ötərkən idarəetməni itirərək ilk öncə əks hərəkət istiqamətində hərəkətdə olan sürücü X2 idarə etdiyi “VAZ-21074" markalı, **- RB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, daha sonra isə əks istiqamətdə yolun kənarında dayanmış halda olan X3 məxsus “VAZ-21074” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, toqquşma nəticəsində X4 və X3 maddi zərər vurulması, eyni zamanda sürücü Şəxs yüngül dərəcəli bədən xəsarəti yetirilməsi ilə müşayiət olunan xəta törədilmişdir. Zaqatala RPŞ-nin 19 dekabr 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Zaqatala RPŞ-nin DYPB-nə göndərilmişdir. Bunun əsasında onların izahatı alınmış, 30 yanvar 2024-cü il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında özünü təqsirli bilərək göstərdi ki, özünə məxsus “Mondial” markalı 99-B-175 dövlət qeydiyyat nişanlı motosikleti vardır. xx.xx.2023-cü il tarixdə o, həmin motosikletlə Zaqatala şəhəri Nizami küçəsi ilə üzü “Aztelekom” istiqamətində hərəkət etmişdir. Həmin vaxt o, motosikleti 40 km/saat sürətlə idarə etmişdir. O, “Büllur” marketi keçdikdən sonra qarşısında dövlət qeydiyyat nişanını görmədiyi avtomobil piyada keçidində avtomobili anidən saxladığından o, həmin avtomobilin arxası ilə toqquşmamaq üçün sol yanına keçmək istəmişdir. Lakin həmin vaxt o, motosiklet üzərində idarəetməni itirərək əks yola çıxmışdır. Qarşıdan gələn “VAZ 2107” markalı avtomobilə dəyməmək üçün o, motosikleti sol səkiyə sıxmaq istədikdə isə idarə etdiyi avtomobil həmin “VAZ 2107” markalı avtomobilin sol küncünə sürtmüş, daha sonra isə irəlidə sol kənarda dayanan başqa “VAZ 2107” markalı avtomobilə dəyərək dayanmışdır. Toqquşma zamanı o, sağ ayağından xəsarət almışdır. Buna görə də, hadisə yerinə təcili tibbi yardım bırqadası çağırılmış və onu diaqnostika mərkəzinə aparmışdırlar. Toqquşma nəticəsində özünə yüngül xəsarət dəymiş, eyni zamanda zərərçəkmiş şəxslərə maddi zərər vurulmuşdur. Zərərçəkmiş şəxslərlə barışmışdır, dəymiş ziyanı ödəmişdir, onların hər hansı şikayət və tələbi yoxdur. Qeyd olunanlarla bağlı polis şöbəsində izahat vermiş, etdiyi əməli etiraf etmişdir. O, izahatına əlavə olaraq göstərdi ki, etdiyi hərəkətdən çox peşmandır. Bir səhvdir edib. Bir də belə hərəkətlərə yol verməyəcəyini söz verir. Onun barəsində yüngül cərimə cəzasının tətbiq edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün izahatı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla və Zaqatala rayon polis şöbəsindən daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tövsif olunmalıdır. Zaqatala rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməsə də, məhkəmə araşdırması zamanı onun əməlini etiraf etməsi və əməlindən səmimi peşmançılıq çəkməsi müəyyən edildi. Şəxs əməlini etiraf etməsi və əməlindən səmimi peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci və 32.1.1-ci maddələrinə görə inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətini ağırlaşdıran hər hansı hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Həmin Məcəllənin 115.2-ci maddəsinə görə inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məsələsi hakim tərəfindən həll edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmamasını, əksinə məsuliyyəti yüngülləşdirən halın olmasını, onun şəxsiyyətini və əmlak vəziyyətini, zərərçəkmiş şəxslərlə barışmasını, dəymiş ziyanın ödənilməsini, həmçinin inzibati həbsin tətbiq edilməsi üçün hər hansı müstəsna halın olmamasını nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişindən azad ediləcəyi hüququnun olduğu, qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi miqdarında dəbbə pulu hesablanacağı, dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq ediləcəyi izah edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişindən azad ediləcəyi hüququnun olduğu, qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi miqdarında dəbbə pulu hesablanacağı, dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq ediləcəyi izah edilsin. Zərərçəkmiş şəxslərə izah edilsin ki, vurulmuş zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldıra bilərlər. Qərarın surəti inzibati xəta törədən şəxsə, zərərçəkmiş şəxslərə və Zaqatala rayon polis şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar