Məhkəmə qərarları › İş №3(033)-407/2021

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-407/2021

05.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-407/2021 05.10.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyi protokol tərtib etmiş orqan, Azərbaycan Respublikası Dövlət Reklam X10 Reklam İdarəsinin nümayəndəsi X1 iştirakı ilə “X6 Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Dövlət Reklam X10 Reklam İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə olan inzibati xətaya dair iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Zaqatala şəhəri, F.Əmirov küçəsində “X6 Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus X5 fasadında hərflər şəklində 38,4 kv.m ölçüdə fasad reklamlarının açıq məkana ünvanlanmaqla müvafiq icazə sənədləri olmadan yerləşdirilmişdir. Buna görə də, onun barəsində Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsinin Estetik Nəzarət şöbəsinin böyük müfəttişi X4 tərəfindən 13 sentyabr 2021-ci il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə “X6 Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Azərbaycan Respublikası Dövlət Reklam X10 Reklam İdarəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı protokol tərtib etmiş orqan, Azərbaycan Respublikası Dövlət Reklam X10 Reklam İdarəsinin nümayəndəsi X3 izahatında göstərdi ki, Zaqatala şəhəri F.Əmirov küçəsində yerləşən “X6 Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus X5 fasadında açıq məkanda icazəsiz reklam yerləşdirilməsi və yayımı faktı aşkar edilmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Reklam X10 Reklam İdarəsinin əməkdaşları tərəfindən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair İRY 001445 nömrəli, 18 avqust 2021-ci il tarixli akt tərtib edilmiş və həmin aktda göstərilmişdir ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin tələbləri pozulmaqla açıq məkanda Zaqatala şəhəri F.Əmirov küçəsində 1,6m x 24m x 1 ədəd=38,4 m2 ölçüdə “X6 Məhsulları” MMC-yə məxsus fasad reklamları müvafiq icazə sənədləri olmadan yerləşdirilmişdir və yayımlanmaqdadır. Bundan sonra, 18 avqust 2021-ci il tarixdə İMG 001445 nömrəli İcrası Məcburi olan Göstəriş tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X6 Məhsulları” MMC X8 göstəriş göndərilmiş, sonuncu tərəfindən isə xəbərnaməyə imza edilməklə təhvil alınmışdır. Bundan sonra 13 sentyabr 2021-ci il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göndərilmiş, sonuncu tərəfindən də xəbərnaməyə imza edilməklə təhvil alınmışdır. Onun həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin tərkibi olduğundan barəsində qanuni tədbir görülməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “X6 Məhsulları” MMC X8 bildiriş göndərilməklə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq, hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədı məlumat verməmişdir. Lakin “X6 Məhsulları” MMC-nin direktoru Abdullah Karagün etiraz ərizəsi ilə müraciət edərək Azərbaycan Dövlət Reklam X10 Reklam İdarəsi tərəfindən tərtib edilmiş MN № ******* nömrəli, 13.09.2021-ci il tarixli protokol üzrə inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Reklam İdarəsi fəaliyyətə başladığı 2018-ci ildən etibarən həmin dövlət qurumu ilə əməkdaşlıq edən ilk müəssisələrdən biri şirkətləri olmuşdur. Şirkətlərinin emal müəssisəsi olan X5 reklamı ilə bağlı müvafiq rüsum və yayım haqqı tərəflərindən bütün illər üzrə tam ödənilmiş və X13 İdarəsi tərəfindən 2018, 2019, 2020-ci illər üzrə açıq məkanda reklam yayımına icazə verilmişdir (İcazə sənədlərinin elektron nüsxələri əlavə olunur). Sonuncu dəfə 2021-ci ilin avqust ayında Reklam İdarəsinin əməkdaşları şifahi şəkildə cəmiyyətlərinə müraciət etmiş, reklam yayımının müddətinin uzadılmalı olduğunu bildirmişlər. Buna cavab olaraq yalnız nağdsız şəkildə və müvafiq elektron qaimə tərəflərinə təqdim ediləcəyi təqdirdə reklam yayımına görə rüsumu və yayım haqqını ödəyəcəklərini bildirmişlər. Lakin Reklam İdarəsi tərəfindən reklam yayımının uzadılması üçün elektron qaimə təqdim edilməmiş və bu səbəbdən də ödənişi həyata keçirə bilməmişlər. Bundan sonra 18.08.2021-ci il tarixdə Reklam idarəsinin əməkdaşları icazəsiz reklam yayımı ilə əlaqədar şirkətləri barəsində akt tərtib etmiş və icrası məcburi olan göstəriş təqdim etmişlər. Bundan sonra bir daha müvafiq elektron qaimə onlara təqdim ediləcəyi təqdirdə reklam yayımına görə rüsumu və yayım haqqını ödəyəcəklərini bildirmişlər. Reklam İdarəsi qanuni tələbə məhəl qoymamış, 02.09.2021-ci il tarixli məktubla yenidən şirkətlərinə müraciət edərək reklam yayımına icazə alınmasını tələb etmişdir. Nəticə olaraq, müvafiq elektron qaiməni təqdim etməkdən imtina edən Reklam idarəsinin əməkdaşları 13.09.2021-ci il tarixdə yenidən Zavod ərazisinə gəlmiş, heç bir əsas olmadan tərəflərindən icazəsiz reklam yayımlanması ilə bağlı İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. 14.01.2020-ci il tarixdə verilmiş İ**********001 nömrəli icazə sənədi Reklam İdarəsinin hər hansı inzibati aktı ilə ləğv edilmədiyi üçün inzibati xəta haqqında protokol tərtib edildiyi anda qüvvədə olmuş və reklam yayımı həmin icazə sənədinə əsaslanmışdır. Nəticə olaraq, indiki halda Reklam İdarəsi ilə şirkətləri arasında olan münasibət borc münasibətidir və cari il üzrə reklam yayımına görə borcun tərəflərindən ödənilməsi məhz Reklam İdarəsi tərəfindən elektron qaimə təqdim edilmədiyi üçün mümkünsüz olmuşdur. Bu səbəbdən icazə sənədi qüvvədə olduğu üçün İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığı üçün xitam verilməlidir. Etiraza əlavə edilmiş İ**********001 nömrəli 14.01.2020-ci il tarixli açıq məkanda reklam yerləşdirilməsinə dair sonuncu icazədən görünür ki, X13 İdarəsi tərəfindən Zaqatala şəhəri, F.Əmirov küçəsində yerləşən “X6 Məhsulları” MMC 01.01.2020-ci il tarixdən 01.01.2021-ci il tarixədək digər fasad reklamının yerləşdirilməinə icazə verilmişdir. Məhkəmə “X6 Məhsulları” MMC-nin direktoru Abdullah Karagün etirazında qeyd etdiklərinə hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, o özü etiraf edir ki, həqiqətən də açıq məkanda müvafiq icazə olmadan reklam yerləşdirmişdir. Belə ki, 2021-ci ilin avqust ayında Reklam Agentliyi tərəfindən onlara müraciət olunaraq reklam yayımının müddətinin uzadılmalı olduğu bildirilmişdir. O, göstərir ki, həmin qüsuru aradan qaldırmaq üçün Azərbaycan Respublikası Dövlət Reklam Agentliyindən elektron qaimə tələb etdiklərini və qaimə təqdim edilmədiyindən açıq məkanda reklam yerləşdirilməsinə icazə ala bilmədiklərini bildirmişdir. Məhkəmə isə bu hala qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın: 2.1-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır; 2.7-ci bəndinə əsasən müvafiq qurum təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 7 iş günündən gec olmayaraq reklam yayıcısına icazə üçün dövlət rüsumunu ödəməsi vəzifəsi barədə bildiriş göndərir və ya icazənin verilməsindən imtina haqqında inzibati akt qəbul edir. İcazənin verilməsindən imtina haqqında inzibati akt müvafiq qurumun rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində reklam yayıcısına təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. İcazənin verilməsindən imtina haqqında inzibati akt bu Qaydanın 2.6-cı bəndində nəzərdə tutulmuş imtina hallarına istinad edilməklə əsaslandırılmalıdır. 2.8-ci bəndinə əsasən reklam yayıcısı aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra icazə alınması üçün müvafiq quruma ərizə ilə təkrar müraciət edə bilər. 2.9-cu bəndinə əsasən icazə verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi məbləğdə dövlət rüsumu müvafiq qurumun verdiyi bildiriş alındığı tarixdən 5 iş günü ərzində reklam yayıcısı tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd müvafiq quruma təqdim olunur. Müvafiq Fərmanın tələbindən də görünür ki, açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün reklam yayıcısı tərəfindən müvafiq quruma müraciət edilməli, həmin qurum tərəfindən isə verilmiş müvafiq ərizə qeydiyyata alındıqdan sonra 7 iş günündən gec olmayaraq ərizəçiyə-reklam yayıcısına icazə üçün dövlət rüsumunu ödəməsi vəzifəsi barədə bildiriş göndərilir və ya icazənin verilməsindən imtina haqqında inzibati akt qəbul edilir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs “X6 Məhsulları” MMC-nin direktoru tərəfindən ünvanlanmış etirazda Reklam İdarəsinə müraciətlərinin olduğu qeyd edilsə də, açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinə ərizə ilə müraciət edilməsi etirazda öz əksini tapmamış, təqdim edilmiş sübutlara əlavə edilməmiş və məhkəmə tərəfindən də belə bir müraciətin olunması müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs X6 Məhsulları” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi Agentliyin nümayəndəsinin izahatı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin direktoru etirazında qeyd etdiyi faktlar və sübutlarla, eləcə də Azərbaycan Respublikası Dövlət Reklam X10 Reklam İdarəsindən daxil olmuş materialla tam təsdiq olundu. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla hüquqi şəxs X6 Məhsulları” MMC-nin Azərbaycan Respublikası İXMnin 428.7.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə-olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə-fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Həmin Qanunun 26.8-ci maddəsinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Göründüyü kimi, reklam haqqında qanunvericiliyin qeyd edilən normasına görə birbaşa aid olduğu obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü ifadə edən lövhə yalnız onun ümumi ölçüsü 1 kvadratmetrdən, sayı isə 1-dən artıq olmadıqda reklam daşıyıcıları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. İş materiallarına əlavə edilmiş İRY 001445 nömrəli, 18 avqust 2021-ci il tarixli aktda və akt tərtib edilən zaman və protokol tərtib edilən zaman çəkilmiş fotoşəkillərdə isə obyektin üzərindəki lövhə 1 ədəd olsa da ümumi ölçüsünün 1 kv.m.-dən böyük olduğu aydın şəkildə müşahidə edilir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-3-cü maddəsinə əsasən reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir. Həmin Qanunun 35.3-cü maddəsinə əsasən açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci cümləsinin tələbi nəzərə alınmaqla, açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısına bu Qanunun 26.2-ci maddəsinə uyğun olaraq verilən icazədə müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Dövlət Reklam X10 Reklam İdarəsindən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X6 Məhsulları” MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməməsinə baxmayaraq, məhkəmə araşdırması zamanı da onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X6 Məhsulları” MMC-nin törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, eyni zamanda onun əmlak vəziyyətini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X6 Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinib, 5000 (beş min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə və Azərbaycan Respublikası Dövlət Reklam X10 Reklam İdarəsinə təqdim edilsin (poçtla göndərilsin). Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Srlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar