Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-410/2025 28.08.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 Əli qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Balakən rayonu, Püştətala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Balakən rayonu, Püştətala kəndində qeydiyyatda olan və orada yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Zaqatala Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 25 iyul 2025ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, xx.xx.2025-ci il tarixdə, saat 19:00 radələrində Zaqatala rayonu, Paşan kəndində “Katex” çayında tor vasitəsilə 5 (beş) ədəd balıq tutaraq ov qaydalarını pozmuşdur. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş orqannın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, o, Balakən rayonu, Püştətala kəndində yaşayır. xx.xx.2025-ci il tarixdə saat təxminən 18 radələrində ailəsi ilə birlikdə Zaqatala rayonu Paşan kəndi ərazisində yerləşən Katex çayının kənarına istirahət üçün getmişdirlər. Həmin vaxt çay kənarından tor tapmış və həmin tordan istifadə edərək 5 ədəd “şamayka” növündən olan balıq tutmuşdur. Həmin vaxt polis əməkdaşları onun olduğu yerə yaxınlaşmış və barəsində protokol tərtib etmişdirlər. O, əməlini etiraf edir, peşmandır, səhv etdiyini başa düşür, özü vətən müharibəsi iştirakçısıdır və himayəsində iki azyaşlı uşağı var. Barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş edir. İşdə olan Zaqatala RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Eldəniz Şrvanlı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə o, İTB-nin poli sahə rəisi Qurbano Qurbanov, sahə polis nəfərləri İlyas Bahadurov və Mənsur Zərnəliyev ilə birlikdə Zaqatala rayonu Paşan kəndində olarkən həmin kəntdən keçən “Katex” çayında Balakən rayonu Püştətala kənd sakini Şəxs tor vasitəsilə balıq tutduğunu aşkar etmişdirlər. Beləliklə sonuncu qadağan olunmuş vasitə ilə balıq ovu etmişdir. İşdə olan Zaqatala RPŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis polkovnikleytenantı Daşqın Quliyev tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2025-ci il tarixd Balakən rayonu, Püştətala kənd sakini Şəxs özünə məxsus torla Zaqatala rayonu, Paşan kəndində “Katex” çayından 5 ədəd balıq tutmuşdur. Balıq ovunda istifadə olunmuş tor götürülmüşdür. İşdə olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs vətən müharibəsində iştirakına görə 80 manat məbləğində pensiya alır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün izahatı və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Eyni zamanda “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndin əsasən balıq və digər su bioresurslarının idman və həvəskar ovu insanların şəxsi ehtiyacları və istirahəti üçün ümumi istifadədə olan balıqçılıq su obyektlərində sərbəst ov etməsini nəzərdə tutur.; “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 7-ci bəndin əsasən balıq və digər su bioresurslarının idman və həvəskar ovu üçün ayrılmış balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının kütləvi qırğınına səbəb ola bilən zəhərli, kimyəvi və partlayıcı maddələrin, habelə qadağan olunmuş ov alətlərinin tətbiqi qadağan olunur. “Ovçuluq haqqında” Qanunun 28.1-ci maddəsinə əsasən ovçuluq haqqında qanunvericiliyi pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 78-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər, o cümlədən vəzifəli şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə araşdırması zamanı Şəxs həmin əməli törətməsini səmimi etiraf edərək peşmançılıq çəkməsi müəyyən edildi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin əməli törətməsini səmimi etiraf edərək peşmançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını, onun vətən torpaqlarını işğaldan azad edən 44 gün sürən İİ Qarabağ müharibəsində iştirak etməsini, şəxsiyyətini və əmlak vəziyyətini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməməklə, ov hüququnu məhdudlaşdırmağı qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməməklə, 02 (iki) il müddətinə ov hüququ məhdudlaşdırılsın. Qərarın surəti inzibati xəta törədən şəxsə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə və Zaqatala Rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(033)-410/2025
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-410/2025
28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver