Məhkəmə qərarları › İş №3(033)-419/2021

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-419/2021

29.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-419/2021 29.09.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyev Fərrux Elman oğlunun katibliyi, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, İ dərəcəli ədliyyə qulluqçusu Elvin Əhmədovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Məmmədov Şaban Ramazan oğlunun iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, eyni inzibati xətanı il ərzində təkrar törətməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Zaqatala Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Zaqatala Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i m: Zaqatala Rayon İcra və Probasiya Şöbəsi Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-570/2011 nömrəli, 24.11.2011-ci il tarixli icra vərəqəsinə əsasən 13 iyul 2002-ci il tarixdə doğulmuş Ömərova Lamiyə Mübariz qızının və 27 sentyabr 2007-ci il tarixdə doğulmuş Ömərova Ləman Mübariz qızının yetkinlik yaşına çatanadək saxlanması üçün 24 avqust 2011-ci il tarixdən hesablanmaqla hər ay uşaqların hər biri üçün 40 (qırx) manat, cəmi 80 (səksən) manat sabit pul məbləğində aliment Şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-570/2011 nömrəli, 24.11.2011ci il tarixli icra sənədinin icrası ilə əlaqədar hazırda yaranmış 6460 manat aliment borcunun Zərərçəkmiş şəxs ödənilməsi tələb olunsa da, o, aliment borcunu bir dəfəyə ödəyə bilməyəcəyini bildirmiş və həmin məbləği bir dəfəyə ödəməkdən imtina etmişdir. Bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmənin qeyd edilən icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinə yönələn hərəkətlərə yol vermiş və ona görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu fakt Şəxs 29.09.2021-ci il tarixli izahatı ilə təsdiq edilmişdir. Məhkəmə iclasında iştirak edən Zaqatala rayon icra və probasiya şöbəsinin rəisi Əhmədov Elvin Xalid oğlu məhkəmə prosesində verdiyi izahatında qeyd edilən inzibati xəta haqqında protokolun dəlillərini müdafiə etdiyini bildirərək göstərmişdir ki, icra sənədinin icrası ilə əlaqədar müəyyən icra hərəkətləri edilmiş, sorğular verilmiş, cavablar alınmış, borclunun adına heç bir daşınar və daşınmaz əmlakın olmadığı müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra vərəqi üzrə alimentini vaxtı-vaxtında ödəmədiyi üçün Zərərçəkmiş şəxs 6460 manat aliment borcu yaranmışdır. İş üzrə zərərçəkmiş şəxs həmin məbləği bir dəfəyə ödənilməsini istəyir. Borcun ödənilməsi dəfələrlə tələb olunsa da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs pul borcunu bir dəfəyə ödəyə bilmədiyini, hazırda işsiz olmasını, maddi imkanının olmamasını bəhanə gətirərək, borcunu bir dəfəyə ödəməkdən imtina etmişdir. Odur ki, məhkəmədən onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. O, izahatında əlavə olaraq bildirmişdir ki, Şəxs onun çağırışlarına gəlməkdən yayınmışdır, barəsində məcburi gətirmə qərarı vermişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, aliment borcundan xəbərdardır. Alimenti ödəməməsinin səbəbi 2015-ci ilin əvvəlindən Rusiya Federasiyasıda həbsdə olması olması, həbsdən çıxdıqdan sonra Azərbaycana gəlməsi və hazırda işsiz olmasıdır. İş üçün məşğulluq mərkəzinə müraciət etmiş, lakin yaşı ilə əlaqədar iş tapa bilmir. Himayəsində 81 yaşlı xəstə anası vardır. Hazırda aliment borcunu birdəfəlik ödəməyə maddi imkanı yoxdur. Odur ki, işsiz olmasını və maddi vəziyyətinin aşağı olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Məmmədov Şaban Ramazan oğlu öz çıxışında hüquqlarını müdafiə etdiyi Şəxs hazırda işsiz olmasını, maddi imkanının olmamasını, himayəsində yaşlı xəstə anasının olmasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-570/2011 nömrəli, 24.11.2011-ci il tarixli icra sənədindən görünür ki, 13 iyul 2002-ci il tarixdə doğulmuş Ömərova Lamiyə Mübariz qızının və 27 sentyabr 2007-ci il tarixdə doğulmuş Ömərova Ləman Mübariz qızının yetkinlik yaşına çatanadək saxlanması üçün 24 avqust 2011-ci il tarixdən hesablanmaqla hər ay uşaqların hər biri üçün 40 (qırx) manat cəmi 80 (səksən) manat sabit pul məbləğində aliment Şəxs Əlibəyova (Ömərova) Yeganə Bayram qızının xeyrinə tutulmalıdır. İş materiallarında olan Zaqatala Rayon İcra Qrupunun icra məmuru Damanov Fazil Məmməd oğlu tərəfindən qəbul edilmiş 06.01.2012-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, iş üzrə icraata başlanılması, borclu Şəxs icranı dərhal könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır və ona tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarında olan Zaqatala RPŞ-nin rəisi Arif Babayev tərəfindən Zaqatala Rayon İcra Qrupuna ünvanlanmış 13.02.2012-ci il tarixli məktubdan görünür ki, Şəxs barəsində 17348 nömrəli axtarış işi açılmışdır. İş materiallarında olan Zaqatala Rayon İcra Şöbəsinin rəisi Elvin Əhmədov tərəfindən qəbul edilmiş 27.04.2021-ci il tarixli “borclunun məcburi qaydada gətirilməsi barədə” qərardan görünür ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-570/2011 nömrəli, 24.11.2011ci il tarixli icra sənədinin icrası ilə bağlı Şəxs məcburi qaydada gətirilməsi qərara alınmışdır. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, icra məmuru tərəfindən lazımi qanuni tədbirlərin görülməsinə baxmayaraq, icra edilməli olan məhkəmənin icra vərəqəsi Şəxs tərəfindən indiyədək üzrsüz səbəbdən icra edilməmişdir. Şərh edilənlərə əsaslanaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmənin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməklə, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129.1-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 129.2-ci maddəsinə əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzürsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-in 32.1 və 33.1-ci maddələrində nəzərdə tutulmuş inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaların xarakterini eləcə də inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm onun, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 12 (on iki) gün müddətinə inzibati həbs edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclası zalında həbs edilsin. Həbs etmənin əvvəli onun həbsə alındığı 29 sentyabr 2021-ci il tarixdən saat 17:20-dən hesablansın. Qərarın icrası Zaqatala Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Qərarın surəti inzibati xətanı törədən şəxsə, müdafiəçiyə, zərərçəkmiş şəxsə, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə təqdim edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar