Məhkəmə qərarları › İş №3(033)-42/2023

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-42/2023

21.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-42/2023 21.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Şikayət verən şəxs X2 və Zaqatala RPŞ-nin DYPB-nin YPX inspektoru polis baş serjantı X3 iştirakları ilə, Şikayət verən şəxs X2 barəsində xx.xx.2023-cü il tarixli, EQ 12614107 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında EQ 12614107 nömrəli elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Zaqatala şəhəri, Vidadi küçəsində dayanma-durmanı qadağan edən heç bir nişanlanma xətti və ya qadağanedici, məlumatlandırıcı lövhə yoxdur. Buna görədə bu məsələyə baxıb ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı şikayət verən şəxs X5 şikayətin məzmununa uyğun izahat verib, onun dəlillərini müdafiə etdiyini bildirdi və şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən səlahiyyətli orqan olan Zaqatala RPŞ-nin DYPB-nin YPX inspektoru polis baş serjantı X6 izahatında göstərdi ki, qeyd olunan ərazidə dayanma-durmanı qadağanedici lövhə olmasa belə yol iki tərəfli yol olduğu üçün saxlamaq qadağandır. Lakin Zaqatala şəhəri, Vidadi küçəsinda hal-hazırda da həmin yolun iki tərəfli yol olması ilə bağlı məlumatlandırıcı lövhə qoyulmamışdır. Lakin bununla bağlı "Siqnal" İxtisaslaşdırılmış Layihə- İstehsalat İdarəsinə məlumat verilmişdir. Qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinlədikdən sonra və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, şikayətçi X2 şikayət ərizəsi əsaslı olduğundan təmin edilməli, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında EQ 12614107 nömrəli elektron qərar ləğv edilməlidir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında EQ 12614107 nömrəli elektron qərardan görünür ki, X5 27 dekabr 2022-ci il tarixdə saat 14:10 radələrində durma qaydalarını pozmağa görə o, Azərbaycan Respulbikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək, 20 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşdə olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Zaqatala şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xx.xx.2023-cü il tarixli 283 nömrəli arayışdan görünür ki, X1 şəhəri F.Əmirov küçəsi 45/19 saylı evdə kirayədə yaşayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur.Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddələrinə görə inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət verilə bilər. Həmin Məcəllənin 128.2.2-ci və 128.2.3-cü maddələrinə görə inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1-ci və 134.1.3-cü maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxıldıqda, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 135.1.2 və 135.1.3-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə işin hallarından görünür ki, Zaqatala şəhəri, Vidadi küçəsində dayanma-durmanı qadağan edən heç bir nişanlanma xətti və ya qadağanedici, məlumatlandırıcı lövhə olmadığından X2 əməlində inzibati xətanın tərkib əlaməti yoxdur. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmiş yəni, öz təqsirsizliyini sübut etməyə, borclu deyildir. Əksinə şəxsin yol hərəkəti qaydalarının pozulması ilə bağlı hər hansı bir inzibati xətanı törətdiyini sübut etmək vəzifəsi yol patrul xidməti inspektorunun üzərinə düşür. Bundan başqa inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Beləliklə, hesab edirəm ki, şikayət qanuni və əsaslı olduğuna görə səlahiyyətli orqan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş X2 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat miqdarında cərimə edilməsinə dair xx.xx.2022-ci il tarixli EQ 12614107 nömrəli inzibati tənbeh vermə qərarı qanunsuz sayılaraq, ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129,130 və 131-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli EQ 12614107 inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti şikayət verən şəxsə və səlahiyyətli orqan Zaqatala Rayon Polis Şöbəsinə təqdim edilsin (poçtla göndərilsin). Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Vüqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar