Məhkəmə qərarları › İş №3(033)-423/2025

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №3(033)-423/2025

27.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 3(033)-423/2025 27.08.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Mən Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə olan inzibati xətaya dair iş materiallarını nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 2025-ci ilin iyul ayında Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən torpaq sahəsinin qapısının kilidini sındırıb Orxan Mənsimova 10 manat ziyan vurmuşdur. Buna görə də, Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Zaqatala RPŞ-in İTB-nin sahə rəisi polis mayoru X1 tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materiallar natamamdır və inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İş materiallarından görünür ki, Şəxs tərəfindən Orxan Mənsimova vurulan ziyanı, qeyd edilən əmlakın dəyərini təsdiq edən hər hansı sübut iş materiallaına əlavə edilməmiş, həmin kilidin harada saxlanması, məhv edilib-edilməməsi iş materiallarından görünmür. Eyni zamanda ziyan dəydiyi təqdirdə həmin ziyanın ödənilib-ödənilməməsi barədə də iş materiallarına hər hansı sənəd əlavə edilməmişdir. Belə ki, protokol tərtib etmiş şəxs xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərara istinad etməklə kifayətlənmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin və şahidin izahatları inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair qərarından görünür ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 3 may 2019-cu il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Protokolun məhkəməyə göndərilməsinə qədərki yol verilmiş yuxarıda sadalanan nöqsanları isə işin məhkəmə hazırlıq və ya baxışı mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntular protokol tərtib edilənədək yol verilmiş pozuntulardır. Həmin pozuntuları işin məhkəmə mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntuları protokol tərtib etmiş səlahiyyətli orqan aradan qaldırmalıdır. Qeyd edilənləri hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göründüyü kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zaqatala Rayon Polis Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər natamamdır və işə baxılarkən tamamlamaq mümkün deyildir. İş materiallarını araşdıraraq belə qənaətə gəlirəm ki, Zaqatala Rayon Məhkəməsinə göndərilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən onu tərtib etmiş orqana, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zaqatala Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Zaqatala Rayon Məhkəməsinə göndərilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material onu tərtib etmiş orqana, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zaqatala Rayon Polis Şöbəsinə qaytarılsın. Sədrlik edən: Vüqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar