Məhkəmə qərarları › İş №3(033)-427/2025

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-427/2025

23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-427/2025 23.09.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 Əli qızının katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X1 iştirakı ilə, Şəki rayonu Yol patrul xidməti inspektoru polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X1 şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025 ci il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “335.1-ci (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə) maddəsi üzrə qərarın ləğv edilməsi üçün qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025 tarixində saat 21:50 radələrində, ailə üzvləri ilə birgə ona məxsus **-MZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Zaqatala şəhərindən Qax rayonu Qaşqaçay kəndi istiqamətində hərəkət etdiyi zaman Şəki rayonu, Biləcik kəndi ərazisində nəqliyyat vasitəsini yolun sağ çiyninə yaxınlaşdıraraq dayanmış və kondisioner işlədiyi üçün mühərriki işlək vəziyyətdə, günün qaranlıq saatı oluğu üçün işıqlar yanılı vəziyyətdə qoyaraq, yerə düşmüşdür. Nəqliyyat vasitəsindən düşdüyü zaman 2009-cu il təvəllüdlü azyaşlı oğlu X3 də yerə düşərək hərəkətsiz vəziyyətdə duran nəqliyyat vasitəsinin sükanı arxasına əyləşmişdir. Az müddət sonra, DYP gəldiyini görmüşdür və o, sərnişin tərəfdən nəqliyyat vasitəsinə əyləşmişdir. Yaxınlaşan avtomobil, onun nəqliyyat vasitəsinin arxasında dayanaraq sayrışan işıqlarını yandırdı. Yerə düşəndə həmin avtomobilin **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobili olduğunu görmüşdür. Yaxınlaşan inspektorlar özlərini Şəki rayon YPX inspektoru kimi təqdim etmiş və azyaşlı oğlunun nəqliyyat vasitəsini idarə etməsi barədə kamera görüntüləri olduğunu iddia edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə İXP ******* protokol tərtib etdilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X2 şikayətini müdafiə edərək şikayətinin məzmununa uyğun izahat verdi və şikayətinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə şikayət verən şəxs X1 şikayətini, iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, yəni xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-cü il tarixli tənbeh vermə haqqında qərar ləğv edilməli və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şəki rayonu Yol patrul xidməti inspektoru polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 21:52-də Şəki rayonu, Biləcik kəndində SABARU LEGACY minik markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilmiş, nəticədə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati xəta haqqında protokol qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 3(033)-427/2025 saylı, 15 sentyabr 2025-ci il tarixli sorğu məktubundan görünür ki, İnzibati xəta haqqında iş üzrə qərardan şikayətə baxılması ilə əlaqədar xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarın və həmin protokolun tərtib edilməsinə əsas olmuş sübutların, video və ya foto görüntülərin xx.xx.2025-ci il tarixədək Zaqatala Rayon Məhkəməsinə təqdim edilməsi xahiş edilmişdir. Məhkəmə qeyd edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmədiyini yəni, öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Əksinə şəxsin yol hərəkəti qaydalarının pozulması ilə bağlı hər hansı bir inzibati xətanı törətdiyini sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Odur ki, protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarın və həmin protokolun tərtib edilməsinə əsas olmuş sübutların, video və ya foto görüntülərin xx.xx.2025-ci il tarixədək Zaqatala Rayon Məhkəməsinə təqdim edilməsi inzibati orqandan xahiş edilmiş və inzibati orqan tərəfindən şəxsin inzibati xətanı törətdiyini sübut edən videoya baxış keçirilmişdir. Vidoya baxış nəticəsində DYP avtomaşınının yolun kənarında dayanmış olan B.Babayevin idarə etdiyi avtomaşına yaxınlaşması görünür, hadisənin gecə vaxtı olduğu müəyyən olunur, lakin avtomaşının sürücüsü ilə DYP əməkdaşı arasında olan söhbət, avtomaşının azyaşlı tərəfindən idarə olunması video görüntüdən görünmür. Belə olduğu halda şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi müəyyən etmək olmur. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmə tərəfindən şübhələri və ziddiyyətli məqamları barəsində protokol tərtib edilmiş şəxsin xeyrinə həll olunması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. Həmin Məcəllənin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddısinə əssən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İnzibati xətanın anlayışından bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X2 barəsində aparılan inzibati iş üzrə icraat Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər baxımından işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuş və işin hallarını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, səlahiyyətli orqan qərar qəbul edərkən işin hallarını tam araşdırmamışdır. Bu da, barəsində qərar qəbul edilən şəxsin haqlı narazılığına səbəb olmuşdur. Beləliklə də, səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırmadan xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəki rayonu Yol patrul xidməti inspektoru polis baş serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən işin halları tam araşdırılmamış nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: 115.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; 115.1.2. işin baxılması tarixi və yeri; 115.1.3. işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar; 115.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; 115.1.6. inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; 115.1.7. iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; 115.1.8. qərardan şikayət verilməsi müddəti və qaydası. Həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması», «bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Şəki rayonu Yol patrul xidməti inspektoru polis baş serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmi xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana göndərilməli, şikayət qalan hissədə təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-131 və 135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Şəki rayonu Yol patrul xidməti inspektoru polis baş serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün səlahiyyətli orqana, yəni Şəki Şəhər Rayon Polis Şöbəsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar