Məhkəmə qərarları › İş №3(033)-43/2021

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-43/2021

02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-43/2021 02.02.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 katibliyi, Şikayət verən şəxs X5, inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayonu yol patrul xidməti inspektoru, polis serjantı X6 və inzibati tənbeh vermə haqqında qərar qəbul edən şəxs X9 iştirakları ilə, Şikayət verən şəxs X5 Zaqatala rayon polis şöbəsinin DYPB-nin inzibati tənbeh vermə haqqında 12 noyabr 2020-ci il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilən 12 noyabr 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsi və inzibati xəta haqqında protokolu tərtib edən, eyni zamanda həmin protokol əsasında qərar qəbul edən şəxslər barədə xüsusi qərardad çıxarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət verən şəxs X7 şikayət ərizəsində göstərmişdir ki, 10.11.2020-ci il tarixdə Zaqatala şəhərində avtomobilini yolun kənarında saxlamışdı. Avtomobilini saxladıqdan təxminən 5 dəqiqə sonra polis əməkdaşları yaxınlaşaraq sənədlərini tələb etmişlər. O, səbəbini soruşduqda içkili olduğunu bildirərək onu polis şöbəsinə aparmışlar. Orada təxminən yarım saat gözlədikdən sonra evə qayıtmışdır. Növbəti gün polis şöbəsinə gedərək barəsində tərtib olunan protokolu istəsə də ona protokolun surəti verilməmişdir. Nəhayət 12.11.2020-ci il tarixdə protokolun surətini əldə etmişdir. Protokolu aldıqdan sonra məlum olmuşdur ki, Zaqatala rayonu yol patrul xidməti inspektoru onun barəsində 11.11.2020-ci il tarixdə İXP3625377 saylı heç bir hüquqi əsası olmayan protokol tərtib etmişdir. Həmin protokolla razılaşmadığı üçün Zaqatala Rayon Məhkəməsinə şikayət verərək iş üzrə icra icraata xitam verilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsi işə 04.12.2020-ci il tarixdə baxaraq şikayətin təmin edilməməsi barədə qərar qəbul etmişdir. Məhkəmə qərarını aldıqdan sonra barəsində qəbul edilən 12.11.2020-ci il tarixli TP4039543 saylı inzibati tənbeh vermə barədə qərardan şikayət vermək üçün Zaqatala Rayon Polis Şöbəsinin DYPB-yə müraciət etsə də, müxtəlif bəhanələrlə qərarın verilməsi təmin olunmadığından hazırda birbaşa məhkəməyə şikayət vermək məcburiyyətində qalmışdır. Hesab edir ki, Zaqatala Rayon Polis Şöbəsinin DYPB-nin 12.11.2020-ci il tarixli TP4039543 saylı inzibati tənbeh vermə barədə qərarı qanunsuz, əsassız və ədalətsizdir. Həmin qərar qəbul edilərkən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Ona görə də, hüquqlarının bərpa olunmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı şikayət verən şəxs X7 şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Zaqatala rayon polis şöbəsinin DYPB-nin inzibati tənbeh vermə haqqında 12 noyabr 2020-ci il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, həmin gün bayram olduğundan o, cüzi miqdarda spirtli içki olan pivə içmişdir. Ancaq sərxoş olmamışdır. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala RPŞ-nin Dövlət yol polisi bölməsi yol patrul xidməti inspektoru, polis serjantı X10 izahatında göstərdi ki, X5 barəsində tərtib etdiyi inzibati xəta haqqında protokol və qərar qanuni, əsaslı və ədalətlidir. X7 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən qayda pozuntusunu etdiyinə görə o, inzibati qaydada 400 manat məbləğində cərimə edilmişdir. Belə ki, o, inspektor Təbriz Nəsirov ilə xidmətdə olduğu zaman X7 idarə etdiyi Mercedes Benz E220 minik markalı, ** HD *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 10 noyabr 2020-ci il tarixdə Zaqatala rayonu Bayraq Meydanı adlanan ərazisində hərəkətdə olarkən işıq cihazlarından istifadə qaydalarını pozduğuna, təhlükəsizlik kəməri bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə görə və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə saxlanılmışdır. Ona etdiyi qayda pozuntusu barədə məlumat verilmişdir. Həmin vaxt o, spirtli içki qəbul etdiyini və bayram günü olduğunu bildirmişdir. O, spirtli içki qəbul etdiyi üçün yoxlanılması üçün polis şöbəsinə dəvət olunmuş, şöbəyə eyni zamanda həkim də dəvət olunmuşdur. Bundan sonra onun sərxoşluq vəziyyətinin tibbi müayinəsi aparılmış və akta əsasən onun yüngül dərəcəli sərxoş olduğu müəyyən olunmuşdur. Bu əsaslarla da tərəfindən X7 barəsində 11 noyabr 2020-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol və protokol əsasında 12 noyabr 2020-ci il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Eyni zamanda onun tərəfindən protokoldan verilmiş şikayətə məhkəmə tərəfindən baxılmış, onun şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə də Zaqatala Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Ona görə də onun şikayəti əsassızdır və şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı inzibati tənbeh vermə haqqında qərar qəbul edən şəxs X12 inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala RPŞ-nin Dövlət yol polisi bölməsi yol patrul xidməti inspektoru, polis serjantı X6 izahatına uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, Zaqatala rayon mərkəzi xəstəxanasında həkim-narkoloq işləyir. Onu 10 noyabr 2020-ci il tarixdə polis əməkdaşları polis şöbəsinə çağırmışlar. O, da polis şöbəsinə gəlmişdir. Polis əməkdaşları müayinədən keçəcək şəxsin X7 olduğunu bildirmişlər. O, isə X3 içki içdiyini soruşmuş, sonuncu da içki içdiyini bildirmişdir. O, sonra Dəyanət Əliyevi müayinə etmiş, bununla bağlı sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında akt tərtib olunmuş, onun “yüngül dərəcəli sərxoş” olması müəyyən edilmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, X7 10 noyabr 2020-ci il tarixdə idarə etdiyi Mercedes Benz E220 minik markalı, ** HD *** dövlət qeydiyyat nişanlı avtomobili ilə şəhərin Bayraq Meydanı adlanan ərazisində hərəkətdə olarkən işıq cihazlarından istifadə qaydalarını pozduğuna, təhlükəsizlik kəməri bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə görə və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə saxlanılmışdır. O, spirtli içki qəbul etdiyi üçün yoxlanılması üçün polis şöbəsinə dəvət olunmuş, şöbəyə eyni zamanda həkim də dəvət olunmuşdur. Bundan sonra onun sərxoşluq vəziyyətinin tibbi müayinəsi aparılmış və akta əsasən onun yüngül dərəcəli sərxoş olduğu müəyyən olunmuşdur. Buna görə onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zaqatala RPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı X10 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 329.1, 329.3 və 333.1-ci maddələri ilə İXP ******* saylı inzibati xəta haqqında protokol və həmin protokol əsasında 12 noyabr 2020-ci il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. X7 inzibati xəta törətməməsini əsas göstərərək inzibati tənbeh vermə haqqında 12 noyabr 2020-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 3(033)-393/2020 nömrəli qərarından görünür ki, X5 “Zaqatala RPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı X10 tərəfindən barəsində 11 noyabr 2020-ci il tarixdə tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilərək işin icraatına xitam verilməsi” tələbinə dair şikayəti təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apelyasiya Məhkəməsinin 3(107)-14/2021 nömrəli qərarından görünür ki, şikayət təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 3(033)-393/2020 nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə-qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə-otuz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. X1 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclasında da inzibati xətanın törədilməməsinə əsas kimi onun izahatının alınmamasını, müayinə olunmamasını və cüzi miqdarda spirtli içki qəbul etdiyini bildirmişdir. Lakin, iş materiallarına əlavə edilmiş 10 noyabr 2020-ci il tarixli “Sərxoşluq vəziyətinin tibbi müayinə protokolu”ndan görünür ki, X7 yüngül dərəcəli sərxoş vəziyyətdə olmuşdur. (qanda alkoqolun konsentrasiyası 0,8 promil təşkil etmişdir). Məhkəmə şikayətdə göstərilən hallara qiymət verərək qeyd edir ki, X5 göstərdiyi xüsusatlar işdə olan sübutlarla təkzib olunur. Belə ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 329.1, 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi protokol tərtib edən şəxsin, şahidlərin izahatları, sərxoşluq vəziyətinin tibbi müayinə protokolu və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Şikayətçinin şikayətində göstərdiyi hallar heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Həmin hallar formal mülahizələrdən ibarət olmaqla iş üzrə icraata xitam verilməsi və onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsas deyil. Məhkəmə eyni zamanda qeyd edir ki, mübahisələndirilən qərarın qəbul edilməsi üçün inzibati xəta haqqında protokolun olması zəruri şərtdir. İşdən də görünür ki, qeyd olunan protokolun qanuniliyi məhkəmələr tərəfindən yoxlanılmış, protokoldan verilmiş şikayətlər təmin olunmamışdır. Bundan başqa, X5 əvvəlki şikayətində qeyd etdiyi hallarla hazırki şikayətindən qeyd etdiyi hallar da üst-üstə düşmür. Belə ki, protokoldan verdiyi şikayətində avtomobilini polis əməkdaşları saxlatdığını qeyd etmiş, hazırda isə qeyd edir ki, avtomobilini kənarda saxladıqdan 5 dəqiqə sonra polis əməkdaşları ona yaxınlaşmışdır. Məhkəmə iclası zamanı da polis əməkdaşının avtomobilinə quraşdırılmış videokameraya baxış keçirilmiş, baxış zamanı da Dəyanət Əliyevin avtomobilinin həqiqətən polis əməkdaşları tərəfindən saxlanıldığı müəyyən olunmuşdur. Bu hallar həqiqətən Dəyanət Əliyevin inzibati xəta törətməsini bir daha təsdiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 96.1.4-cü maddəsinə əsasən dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasına güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda, fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəllənin 96.5-cı maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. Həmin Məcəllənin 96.6-cı maddəsinə əsasən sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.7-ci bəndində də göstərilir ki, nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin qərarın 2.4-ci bəndində isə göstərilir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1nun şikayətində göstərdiyi xüsusatlar iş materiallarında olan sübutlarla təkzib olunur, şikayətdə göstərilən hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Əksinə, protokol tərtib edən və qərar qəbul edən şəxslərin və şahidlərin izahatları ilə yanaşı, işdə olan sübutlarla da X5 10 noyabr 2020-ci il tarixdə, idarə etdiyi Mercedes Benz E220 minik markalı, ** HD *** dövlət qeydiyyat nişanlı avtomobili ilə şəhərin Bayraq Meydanı adlanan ərazisində hərəkətdə olarkən işıq cihazlarından istifadə qaydalarını pozması, təhlükəsizlik kəməri bağlamadan nəqliyyat vasitəsini idarə etməsi və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsi, eyni zamanda sərxoşluq vəziyyətinin tibbi müayinəsi zamanı yüngül dərəcəli sərxoş olduğu müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 əməlində İXM-in 327.1, 329.1, 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması İXM-də nəzərdə tutulan qaydada tam sübuta yetirilmişdir. Göstərilən əsaslarla məhkəmə ümumilikdə X1nun şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X5 “Zaqatala rayon polis şöbəsinin DYPB-nin inzibati tənbeh vermə haqqında 12 noyabr 2020-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında protokolu tərtib edən, eyni zamanda həmin protokol əsasında qərar qəbul edən şəxslər barədə xüsusi qərardad çıxarılması” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar