Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-43/2024 14.02.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə, Şikayət verən vəzifəli şəxs X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 541.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair 22 yanvar 2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən vəzifəli şəxs X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 X4 və Təbii Sərvətlər İdarəsinin "İnzibati tənbeh vermə haqqında" 22 yanvar 2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı ******* nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət verən vəzifəli şəxs X2 şikayət ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 X4 və Təbii Sərvətlər İdarəsinin “İnzibati Tənbeh vermə haqqında” 22 yanvar 2024-cü il tarixli MN -1440718 nömrəli qərarı ilə o, Zaqatala rayonu Çobankol bələdiyyəsinin sədri kimi vəzifəli şəxs qismində 3000 (üç min) manat miqdarında cərimə edilmişdir. "İnzibati Tənbeh vermə haqqında” 22 yanvar 2024-cü il tarixli MN-1440718 nömrəli qərar belə əsaslandırılmışdır ki, guya onun, yəni, Zaqatala rayonu Çobankol bələdiyyəsinin sədri tərəfindən sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mülafizəsi tələblərinə əməl edilməmişdir. "İnzibati Tənbeh vermə haqqında” 22 yanvar 2024-cü il tarixli MN -1440718 nömrəli qərarı aşağıda qeyd olunan səbəblərdən qanunsuz hesab edir: Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 X4 və Təbii Sərvətlər İdarəsinin “İnzibati Tənbeh vermə haqqında” 22 yanvar 2024-cü il tarixli MN - ******* nömrəli qərarı ilə Zaqatala rayon Çobankol bələdiyyəsinin sədri kimi vəzifəli şəxs qismində cərimə edilsə də, ümumiyyətlə qərarda hansı əsasla sırf bələdiyyə sədrinin cərimə olunması qeyd olunmamışdır. Halbu ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2005- ci il 21 aprel tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydalarının 1.4-cü bəndinə əsasən bu Qaydalarda aidiyyatı qurumlar dedikdə “Tullantıların idarə edilməsi sahəsində əlavə tədbirlər və “Məişət tullantıları ilə bağlı idarə etmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezdentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə “ Azərbaycan Respublikası Prezdentinin 2022-ci il 2 iyul tarixli 1735 nömrəli fərmanı ilə müəyyəhn edilən inzbati ərazi vahidlərində həmin Fərman ilə müəyyən edilmiş səlahiyyətlərinə uyğun olaraq "Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti, digər hallarda isə yerli icra hakimiyyəti orqanlarının kommunal təsərrüfat qurumları nəzərdə tutulur. Şikayət verən vəzifəli şəxs X2 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, şikayət ərizəsini müdafiə edir və şikayətinin təmin edilməsini məhkəmədən xahiş edir. Həmçinin bildirmişdir ki, bələdiyyənin məişət tullantılarının yığılması, daşınması və təmizləməsi xidmətlərinin göstərilməsi kimi vəzifəsi yoxdur. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilən iclası zamanı inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 X4 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 izahatında göstərdi ki, Zaqatala rayonu Çobankol kəndində yerləşən bələdiyyə mülkiyyəti ərazisində məişət tullantıların qalaqlanması Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 X4 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən aşkar edilmiş, müvafiq məcburi göstəriş icra edilmədiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541.1-ci maddəsi ilə 29 dekabr 2023-cü il tarixdə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 X4 və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Vəzifəli şəxs X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı işə baxılması 22 yanvar 2024-cü il tarixə təyin edilmiş və bu barədə vəzifəli şəxsə bildiriş göndərilmişdir. İnzibati xəta haqqında işə həmin tarixdə baxılmış və eyni tarixdə vəzifəli şəxs X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 X4 və Təbii Sərvətlər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X6 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli "İnzibati tənbeh vermə haqqında" qərarla barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Qanuna müvafiq qaydada qərar qəbul edilərək qəbul edilmiş qərarın qüvvədə saxlanılmasını, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayət verən vəzifəli şəxs X1 şikayətini, qərarından şikayət verilən orqanın nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, X2 həmin vaxt ona istinad olunan inzibati xəta hadisəsini törətmədiyindən onun barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 X4 və Təbii Sərvətlər idarəsi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 22 yanvar 2024-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilməli və X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 X4 və Təbii Sərvətlər İdarəsinin əməkdaşı tərəfindən tərtib edilmiş 29 dekabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Çobankol bələdiyyəsinin sədri X2 barəsində ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 X4 və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 X4 və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X6 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli 22 yanvar 2024-cü il tarixli qərardan görünür ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 541.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin 1-ci hissəsinin 9 bəndinə əsasən yerli ekoloji proqramların qəbul və icra edilməsi bələdiyyələrin səlahiyyətlərindən biridir. Bununla yanaşı Konstitusiyanın 144-cü maddəsinin 2-ci hissəsində göstərilir ki, bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilər. Bu səlahiyyətlərin həyata keçirilməsi üçün bələdiyyə üzrə müvafiq zəruri maliyyə vəsaiti də ayrılmalıdır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin tələblərindən aydın olur ki, yerli ekoloji proqramların məqsədi dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin həllinə yerli əhalinin hamılıqla cəlb edilməsidir. Həmin proqramlara yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, bələdiyyə ərazisinin yaxşılaşdırılması və abadlaşdırılması, məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı və bu sahədə başqa məsələlərin həlli üçün tədbirlər görülməsi, suyun, havanın, torpağın hər cür çirklənmədən qorunması, qonşu bələdiyyələrlə birgə ekoloji tədbirlərin həyata keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlər daxil edilə bilər. Bələdiyyələr dövlətin ekoloji proqramları ilə yerli ekoloji proqramların əlaqələndirilməsinə, müəyyən hallarda birgə tədbirlərin həyata keçirilməsinə yardım göstərirlər. Qanunvericiliyin qeyd edilən tələblərindən aydın olur ki, dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələləri ilə bağlı yerli ekoloji proqramlar bələdiyyələrin maliyyə imkanlarına uyğun olaraq nəzərdə tutula bilər, məişət tullantıllarının yığılması, nəql edilməsi, yerləşdirilməsi və zərərsizləşdirilməsinin həyata keçirilməsi bələdiyyələrin vəzifəsi deyil, hüququdur. “Tullantılar haqqında” Qanunun 5-ci maddəsinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yerli özünüidarə orqanları tərəfindən tullantıların idarə olunmasını qanunvericiliyə uyğun təmin etməlidir. “Tullantılar haqqında” Qanunun 12-ci maddəsinə əsasən şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisi müntəzəm olaraq məişət tullantılarından təmizlənməlidir. Şəhərlərin və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi barədə Qaydaları” ilə tənzimlənir. Həmin qaydaların 10-cu hissəsinə görə yaşayış yerlərinin təmiz saxlanılmasına görə həm aidiyyəti qurumlar, həm də bələdiyyələr məsuliyyət daşıyırlar. “Tullantıların idarə edilməsi sahəsində əlavə tədbirlər və “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 2 iyul tarixli 1735 nömrəli Fərmanı ilə müəyyən edilən inzibati ərazi vahidlərində aidiyyəti qurumlar dedikdə həmin Fərman ilə müəyyən edilmiş səlahiyyətlərinə uyğun olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti, digər hallarda isə yerli icra hakimiyyəti orqanlarının kommunal-təsərrüfat qurumları nəzərdə tutulur. Həmin qaydaların 10.5-ci bəndində, bələdiyyələrlə bağlı məsuliyyət isə bələdiyyə torpaqlarının tullantılarla çirklənmədən qorunması, əhali arasında yaşayış yerlərinin təmiz saxlanılması qaydalarına riayət edilməsi barədə izahat işlərinin aparılması və onların bu cür tədbirlərə cəlb edilməsi kimi işlər həyata keçirilməsi olaraq göstərilir. Qeyd olunur ki, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.9-cu bəndinə əsasən istehsalat və məişət tullantılarının yığılması və daşınması işinin təşkil edilməsi, icazəsiz tullantı yerlərinin ləğv edilməsi üçün tədbirlərin görülməsi və tullantılarla davranma qaydaları barədə şəxslərin məlumatlandırılmasının təmin edilməsi yerli icra hakimiyyəti başçısının vəzifələri kimi göstərilmişdir. həmçinin bələdiyyələrin vəzifəli şəxslərinin inzibati məsuliyyətə cəlb edilməsi ilə əlaqədar əsassız inzibati xəta haqqında protokolların tərtib edilməsi hallarında onların ləğv edilməsi üçün inzibati və ya məhkəmə qaydasında müraciət edilməsi tövsiyə olunur. Yuxarıda sadalanan hüquqi aktlardan da göründüyü kimi bələdiyyələrin üzərinə qanunla məişət tullantılarının yığılması və daşınması xidmətlərinin göstərilməsi vəzifəsi qoyulmamışdır. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Zaqatala rayon Çobankol bələdiyyəsinin sədri X2 həmin vaxt ona istinad olunan inzibati xəta hadisəsini törətmədiyindən onun barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 X4 və Təbii Sərvətlər idarəsi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 22 yanvar 2024-cü il tarixli, MN seriyalı ******* saylı qərar ləğv edilməli və X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 X4 və Təbii Sərvətlər idarəsi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 22 yanvar 2024-cü il tarixli, MN ******* saylı qərar ləğv edilsin. Zaqatala rayon Çobankol bələdiyyəsinin sədri X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Vüqar Məmmədov.
Məhkəmə qərarları › İş №3(033)-43/2024
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-43/2024
14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver