Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-45/2022 01.02.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X4 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin İTBnin polis sahə rəisi, polis kapitanı X7 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxx 1974-cü il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işsiz, ikinci qrup əlil, il ərzində eyni xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyatda olan və orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 01 fevral 2022-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 28 yanvar 2022ci il tarixdə saat 16 radələrində polis əməkdaşları ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala rayon polis şöbəsinin İTBnin polis sahə rəisi, polis kapitanı X12 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 28.01.2022-ci il tarixdə saat 16 radələrində Zaqatala şəhəri F.Əmirov küçəsi bina 43, mənzil 4-də yaşayan X5 orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində nəqliyyat vasitəsinin idarə etmək hüququ olmadan özünə məxsus “VAZ-21099” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Zaqatala şəhəri F.Əmirov küçəsi ilə V.İsmayılov küçələrinin kəsişdiyi nizamlanan yolayrıcında manevr qaydasını pozduğuna görə həmin ərazidə “Mersedes-benz” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı YPX avtomobil ilə xidmətdə olan Zaqatala RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru, polis baş leytenantı Ruslan isayev və DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Mahama Xəlilov tərəfindən Mahir Mehdiyevə sayrışan işıq və səs siqnalı ilə “ avtomobili saxla” işarəsi vermişlər. Mahir Mehdiyev buna qəsdən əhəmiyyət verməyib hərəkətini davam etsə də, sonradan avtomobilini saxlamış və polisin ona sənədlərini təqdim etməsi tələbinə qəsdən tabe olmayaraq avtomobilinə oturub hərəkətini davam edib yaşadığı çoxmənzilli binanın qarşısında idarə etdiyi avtomobili saxlamışdır. Mahir Mehdiyev yaşadığı binanın qarşısında ona yaxınlaşaraq nəqliyyat vasitəsini sərxoş vəziyyətdə və sürücülük hüququ olmadan idarə etdiyinə görə onun barəsində inzibati protokol tərtib etmək istəyən Zaqatala RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru Ruslan İsayev və DYPB-nin YPX-nin inspektoru Mahama Xəlilovun qanuni tələblərinə qəsdən yenidən tabe olmayaraq onlarla tutaşıb mübahisə etmiş, ucadan nalayiq ifadələr işlətmişdir. Eyni zamanda Mahir Mehdiyev əraziyə dəvət olunan Zaqatala RPŞ-nin PPXB-nin sürücü polis nəfəri, polis serjantı X8 və Zaqatala RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X9 qanuni tələblərinə qəsdən tabe olmamış, Mahir Mehdiyev barəsində tədbir görülməsi üçün sonuncu Zaqatala RPŞ-nin inzibati binasına gətirilərkən Zaqatala RPŞ-nin PPXB-nin “Fiat Dobla” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobilin sol arxa qapısının şüşəsini qəsdən təpiklə vuraraq sındırmışdır. Aparılmış araşdırma nəticəsində cinayət hadisəsinin baş verməsi müəyyən edilmədiyinə görə toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, qəbul edilmiş qərarın surəti X5 barəsində Azərbaycan Respublikasının İXMin 535-ci maddəsi ilə inzibati qaydad tədbir görülməsi üçün Zaqatala RPŞ-nin ictimaitəhlükəsizlik bölməsinə göndərilmişdir. Bunun əsasında onun haqqında 01 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, o, 1-ci Qarabağ müharibəsində iştrak etmiş, başında və bədənində olan ağrılarla əlaqədar axşamlar evində spirtli içki qəbul edir. 28.01.2022-ci il tarixdə saat 16 radələrində yaşadığı evdə olduğu zaman spirtli içki qəbul etmişdir. Bundan təxminən yarım saat keçdikdən sonra evdən çıxıb özünə məxsus “VAZ 21099” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib idarə edərək Zaqatala şəhəri F.Əmirov küçəsində yerləşən “Orbita” mağazasına getmişdir. Həmin mağazada 1 ədəd “West” siqaretini almış və avtomobilinə əyləşib idarə edərək yaşadığı çox mənzilli binanın qarşısına gəlmişdir. Avtomobilini binanın qarşısında park edib düşmüş yaşadığı binanın blokuna daxil olmaq istəyəndə Zaqatala rayon polis şöbəsinin yol-patrul xidmətinin Ruslan və Əliqulu adlı əməkdaşları ona yaxınlaşaraq “sən içkilisən” demişlər. O, YPX-nin əməkdaşlarına içkili olduğunu bildirib “evə yatmağa gedirəm” demişdir. YPX-nin əməkdaşları onu evə qalxmağa qoymayıb “bizimlə şöbəyə getməlisən, avtomobilin açarlarını ver” demişlər. O, YPX-nin əməkdaşlarına avtomobilin açarlarını verməmiş və onlarla şöbəyə getməyəcəyini bildirmişdir. Həmin vaxt Ruslan onun yaxasından tutmuş, Əliqulu isə sol qolundan tutub onu dartaraq yol-patrul xidmətinin avtomobilinə otuzdurmağa çalışmışlar. O, “oturmuram, evə gedirəm yatmağa” deyərək avtomobilə oturmaqdan imtina etmişdir. Həmin vaxt Ruslan Zaqatala rayon polis şöbəsinin post patrul xidmətinin əməkdaşlarını köməyə çağırmışdır. Təxminən 3-5 dəqiqə ərzində binanın dayanacağına 3 ədəd post patrul xidmətinin avtomobili gəlmişdir. Post patrul xidmətinin əməkdaşları onu tutaraq zorla PPX-nin avtomobilinin arxa oturacağına uzanmış vəziyyətdə yerləşdirmişlər. Avtomobildə post-patrul xidmətinin əməkdaşlarının biri boynundan digəri isə ayaqlarından tutmuşdur. Post patrul xidmətinin avtomobili hərəkətdə olarkən onun nəfəsi daralmış və özündən aslı olmayaraq qatlanmış ayağını açmışdır. Həmin vaxt ayağı avtomobilin sol arxa yan qapısının şüşəsinə dəymiş və qapının şüşəsi qırılmışdır. Bundan sonra onu Zaqatala rayon polis şöbəsinə gətirmişlər. Qeyd olunan hərəkətlərin inzibati məsuliyyətə səbəb olmasını bilməmişdir. O, etdiyi hərəkətləri etiraf edir, etdiyi əməldən peşmandır. Bir də belə hərəkətlərə yol verməyəcək. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Zaqatala RPŞ-nin DYPB-nin YPXnin baş inspektoru, polis baş leytenantı X1 rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X7 izahatına uyğun izahat verərək onun göstərdiyi xüusatları təsdiq etdilər. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X11 çıxış edərək göstərdi ki, Şəxs ikinci qrup əlil olmasını və əməlindən peşman olmasını nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. İşdə olan 28 yanvar 2022-ci il tarixli 81 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, 1974-cü il təvəllüdlü Şəxs orta dərəcəli alkoqol sərxoşluğu müşahidə olunur. Məhkəmə Şəxs izahatına hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, onun izahatı iş materiallarında olan sübutlarla (onun özünün, şahidlərin izahatları və hadisənin qeydə alınmasına dair videogörüntü ilə) təkzib olunur, onun hazırki izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür və bu səpkidə izahatı işin faktiki hallarını əks etdirmir. Məhkəmə isə bu hala qiymət verərək qeyd edir ki, onun qeyd olunan hərəkətlərin inzibati məsuliyyətə səbəb olmasını bilməməsi, heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Bundan başqa Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İİİ. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, protokol tərtib edən şəxsin, şahidlərin izahatları və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Zaqatala RPŞ-dən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməsə də, məhkəmə araşdırması zamanı onun ilk dəfə olaraq inzibati məsuliyyətə cəlb olunması, əməlindən səmimi peşman olması, X3 iştirak etməklə ikinci qrup əlil olması və inzibati xətanı sərxoş halda törətməsi müəyyən edildi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə olaraq inzibati məsuliyyətə cəlb olunmasını, əməlindən səmimi peşman olmasını və X3 iştirak etməklə ikinci qrup əlil olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sərxoş halda inzibati xəta törətməsi məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmasını, onun şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, ilk dəfə olaraq inzibati məsuliyyətə cəlb olunmasını, əməlindən səmimi peşman olmasını və X3 iştirak etməklə ikinci qrup əlil olmasını, həmçinin barəsində inzibati həbs tətbiq edilə bilməməsini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə, müdafiəçiyə və Zaqatala rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-45/2022
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-45/2022
01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver