Məhkəmə qərarları › İş №3(033)-47/2023

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-47/2023

01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-47/2023 01.03.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyi, Şikayət verən şəxs X3 iştirakı ilə “Zaqatala Rayonu DYPB-nin polis kapitanı X9 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsi, Zaqatala rayon yol patrul xidmətinin baş inspektoru polis leytenantı X5 tərəfindən tərtib edilmiş 23 sentyabr 2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilməsi barədə” barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X3 şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şikayət verən şəxs X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsi və barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarxili İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola onun hüquqları pozulmaqla xx.xx.2022-ci il tarixdə Zaqatala RPŞ-nin DYP-nin rəisi Elgün Əliyev tərəfindən baxılaraq tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərardan verdiyi şikayət əsasında Zaqatala rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(033)-94/2022 saylı qərarı ilə X4 qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək işə yenidən baxılması üçün geri qaytarılmışdır. Məhkəmənin həmin qərarında göstərilən göstərişlərə əməl olunmayaraq Zaqatala RPŞnin DYP-nin əməkdaşı X7 tərəfindən xx.xx.2022-ci il tarixdə yenidən inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmişdir. Həmin qərardan verdiyi şikayət əsasında Zaqatala rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(033)-1/2023 saylı qərarı ilə Aqil Hüseynovun qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək işə yenidən baxılması üçün geri qaytarılmışdır. Lakin həmin qərardan apelyasiya şikayəti verməyinə baxmayaraq yenidən polis əməkdaşı qərarın qanuni qüvvəsini almasını gözləmədən məhkəmə qərarının icraya yönəldilməsini gözləmədən xx.xx.2023-cü il tarixdə Zaqatala RPŞ-nin YPX-nın baş inspektoru X9 barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul etmişdir. Hansı ki, verdiyi apelyasiya şikayəti əsasında iş apelyasiya məhkəməsində xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Buradan görünür ki, Zaqatala RPŞ-nin DYP-nin bölməsinin rəis və kiçik rəis heyətində çalışan polis leytenantı Aqil Hüseynov, polis kapitanı Elgün Əliyev sadə prosessual qaydalara əməl etməyərək məhkəmənin göstərişlərini nəzərə almırlar. Buradan görünür ki, onların qəbul etdikləri protokol və qərarlar İXM-nin tələbləri kobud surətdə pozulmaqla qəbul olunur. Hazırki şikayətə baxılarkən qeyd etdiyi problemlərin araşdırılmasını və müvafiq tədbirlər görülməsini xahiş edir. Barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarı qanunsuz hesab edir. Birinci şikayətində qeyd olunan faktları təsdiq edir. Belə ki, xx.xx.2022-ci il tarixdə Aşağı Tala kəndi ərazisində mülkiyyətində olan ** FA *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən Zaqatala rayon Polis Şöbəsinin istifadəsində olan dövlət nömrə nişanının sonu 077 və 586 nömrəli DYP avtomobilləri və onların içərisində olan 5 nəfər dövlət yol polisi arxasınca hərəkət edərək saxlanılması üçün heç bir əsaslı səbəb olmadan mikrafon vasitəsi ilə ona “saxla” işarəsi verildi. Avtomobili saxladıqdan sonra inspektor Təbriz Nəsirov ona yaxınlaşaraq avtomobilin arxa dövlət nömrə nişanı üzərindəki işığın yanmadığını, həmin səbəblə onu saxladığını bildirdi və avtomobilin və onun sürücülük vəsiqəsini tələb etdi. O, sənədlərini təqdim etdikdən sonra o, ona sərxoşluğunun yoxlanılması üçün alkotestrdən istifadə etməyini xahiş etdi. O, da etiraz etməyərək alkotestrdən bir dəfə üfürmüşdür. Alkotestr göstərmədi, təkrar üfürməyini xahiş etdi, təkrar üfürdü. Bundan sonra o, ona bildirdi ki, alkotestr guya onun sərxoş olmağını göstərir. O, isə ona bildirdi ki, o, sərxoş deyil. O, ondan avtomobilini tərk etməyini xahiş etdi. O, avtomobildən düşdü və o, ona avtomobilinin arxasında dövlət nömrə nişanının üzərində olan işıqlardan birini göstərərək həmin işığın yanmadığını bildirərək barəsində protokol tərtib etmək istədiyini bildirdi. O, isə buna etiraz etmədi. O, bununla əlaqədar protokol tərtib etdi və ona bildirdi ki, başqa sürücülük vəsiqəsi olan şəxs gəlib avtomobili sürə bilər. O, da avtomobili sürmək üçün başqa bir şəxs dəvət etdi. Protokolun surətini aldı və gecə vaxtı olduğuna görə oxumaqla əlaqədar gözlərində problem olduğuna görə onun yazdığı protokolu axşam oxuya bilmədi və əhəmiyyət də vermədi ki, avtomobildə olan işıqların hansınınsa yanmaması ilə əlaqədar inzibati xətaya görə yüngül cərimə cəzası nəzərdə tutulub və həmin cəriməni ödəyər. Evə gəldikdən sonra protokolu oxudu və protokolda gördü ki, işıqların yanmaması ilə bağlı hər hansı bir maddə yazılmayıb, əksinə protokolda İXM-nin 333.1-ci maddəsi, yəni, sərxoş halda avtomobili idarə etməyinə dair inzibati xəta törətməsi ilə bağlı protokol tərtib olunub. Həmin protokolla razı deyil ona görə ki, sərxoşluq vəziyyətini yoxlanmasına dair hər hansı bir xüsusi vasitədən istifadə edilən zaman protokolda həmin xüsusi texniki vasitənin yəni, alkotestrin göstəricisi, tipi, markası, modeli, yerləşdiyi yer, son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt, dövlət yoxlamasından keçdiyini təsdiq edən sənədin nömrəsi, növbəti dövlət yoxlamasının keçirilməli olduğu vaxt protokola qeyd olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ilin 9 iyun tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş texniki vasitələrin ölçmə vasitələrinə aid edilməsi qaydalarının 4 nömrəli əlavəsinin İİ bəndində qeyd olunur ki, texniki vasitə ilə aparılan ölçmələrin nəticələrinin təhrif olunmasına səbəb ola bilən icazəsiz sazlama və müdaxilənin qarşısının alınması məqsədi ilə texniki vasitənin konstruksiyasının proqramı təminatı daxil olmaqla onun müvafiq hissələrinə müdaxilə edilmənin məhdudluğunu təmin etməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına nəzarət Dövlət Xidməti tərəfindən müvafiq qərar qəbul edilir. Adı çəkilən təşkilat tərəfindən standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi barədə sertifikat verilir. Həmin sertifikatda texniki vasitənin etibarlılıq müddəti və ölçmə vasitəsinin adı qeyd olunur. Təbriz Nəsirovun ona təklif etdiyi alkotestrin isə kimə məxsus olması, onun özünə məxsus olub-olmaması və yaxud da Zaqatala rayon Polis Şöbəsinin istifadəsində olub-olmaması barədə protokolda heç bir məlumat qeyd olunmadığına görə həmin alkotestr əsasında onun sərxoş olmağının müəyyən edilməsi qanuna ziddir. Bundan başqa Təbriz Nəsirov onun sərxoşluğunu yoxlamazdan əvvəl "Yol Patrul Xidməti haqqında təlimat’’a əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə protokol tərtib etməli idi. Həmin protokolun bir nüsxəsi ona imza etdirilməklə təqdim edilməli idi. Belə bir protokol tərtib olunmadığına görə sərxoşluq vəziyyətinin müəyyən edilməsinə dair edilmiş hərəkətlər qanunsuzdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydalarının 2.2-ci maddəsində qeyd olunur ki, nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağızdaşıyıcıda əks etdirən texniki vasitələrdən, alkotestrdən istifadə etməlidir. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasını 0.3 promili və daha artıq olmasını göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Sərxoşluq vəziyyəti müəyyən olunarsa polis əməkdaşları tərəfindən müvafiq protokol tərtib edilir, müayinənin nəticəsini kağızdaşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. Barəsində tərtib edilmiş protokola sərxoşluq vəziyyətinə dair müayinənin nəticəsini əks etdirən sənəd əlavə edilməmiş və ona təqdim edilməmişdir. Buna görə də, hesab edir ki, polis əməkdaşının əlində olan xüsusi texniki vasitə xüsusi qurma bir işin nəticəsidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol Patrulu xidməti haqqında təlimat’ın 5.1-ci maddəsində qeyd olunmuşdur ki, yol hərəkəti qayda pozuntularını qeydə alan texniki vasitələr... və digər texniki vasitələr onlardan istifadə qaydaları haqqında təlimata uyğun olaraq tətbiq edilir. Həmin maddənin qeyd hissəsində yazılmışdır ki, metroloji yoxlamadan keçməmiş və ya yoxlama şəhadətnamələrinin vaxtı keçmiş nəzarət ölçü cihazlarının tətbiqi qadağandır. Barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda avtomobilin saxlanmasına səbəb olmuş maddə, yəni işıq cihazlarının işləməməsi qeyd olunmamışdır və avtomobilində də işıq cihazları hamısı işlək vəziyyətdədir, hər hansı bir yol hərəkəti qaydalarını pozmadığına görə Təbriz Nəsirovun onu saxlaması qanunsuz hərəkət hesab olunur. Onun bütün bu hərəkətlərini, eyni zamanda 2 Dövlət yol polis avtomobilinin onun ardınca gəlməsini onun vəkillik fəaliyyəti ilə əlaqələndirir. Vəkillik fəaliyyətini həyata keçirməyə maneələr törətməkdə Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları davam edirlər, bununla əlaqədar müvafiq sənədləri Zaqatala rayon Polis əməkdaşlarının qanunsuz hərəkətlərindən, vətəndaşlara göstərdiyi hüquqi xidmətlə bağlı şikayətlərin tərtib edilməsinə dair hüquqi xidmət göstərdiyinə görə DYP əməkdaşları 2 avtomobillə kəndin ara yolunda bir-birinin ardınca 5 nəfər olmaqla gələrək onu şantaj etmək, nəticədə şərləyərək böhtan atmaq fikirlərində olmuşlar. Apardığı araşdırma nəticəsində bu tapşırığın da Zaqatala RPŞ-nin müavini Samir Məmmədov tərəfindən olduğunu aşkar etmişdir. Tərtib olunmuş inzibati xəta haqqında protokolun da qanun pozuntularını saymaqla bitmir. Belə ki, Daxili İşlər Nazirliyinin "Yol Patrul Xidməti haqqında təlimatında qeyd olunur ki, YPX inspektoru alkotestri onun istismarı üzrə təlimata müvafiq olaraq nəqliyyat vasitəsinin sürücüsünün alkoqoldan istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyətini müəyyənləşdirmək məqsədi ilə nəfəs verilməklə yoxlanılır. Müayinə olunan şəxs sərxoş olmasını etiraf edərək alkotestrin nəticəsi ilə razı qaldıqda, bu hal qanunvericiliklə müəyyən edilmiş qaydada 2 nəfər hal şahidinin iştirakı ilə sənədləşdirilir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən vaxt avtomobili idarə edərkən sərxoş vəziyyətdə olub-olmamağı yuxarıda qeyd edilən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən edilmiş sübutetmə vasitələri ilə sübut edilməli olduğundan həmin vaxt alkoqol sərxoşluğu vəziyyətində olub-olmamağı qanunla nəzərdə tutulmayan digər sübut vasitələri ilə təsdiq edilə bilməz. Çünki, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları qanunvericilikdə dəqiq olaraq müəyyən edilmişdir. Belə ki, həmin vaxtı onun sərxoş olmağını müəyyən edən müayinənin nəticəsini kağızdaşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunmalı idi və bu hərəkət 2 nəfər hal şahidinin iştirakı ilə sənədləşdirilməli idi. İnzibati xəta haqqında protokolda göstəricisi, tipi, markası, modeli, yerləşdiyi yeri, dövlət yoxlamasından keçdiyi vaxt, dövlət yoxlamasının sənədinin nömrəsi və tarixi, növbəti dövlət yoxlamasının keçirilməli olduğu vaxt göstərilməyən və qanunla müəyyən edilmiş sertifikatı olmayan, eyni zamanda müayinənin nəticəsinin kağızdaşıyıcıda əks etdirməyən hər hansı xüsusi texniki vasitə ilə sərxoşluğun müəyyən edilməsi qanunsuz bir hərəkətdir. Həmin texniki vasitənin göstəriciləri onun sərxoş olmağını müəyyən etməsi qanunla qadağandır. Əldə etdiyi məlumata görə Zaqatala rayon Polis Şöbəsinin DYPB-də 2 növ alkotestr vardır. Həmin alkotestrin biri müayinənin nəticəsini kağızdaşıyıcıda əks etdirir, digər alkotestrin isə belə bir kağızdaşıyıcısı yoxdur. Kağızdaşıyıcı müayinənin nəticəsini kağızdaşıyıcıda əks etdirən alkotestrin verdiyi müayinənin nəticəsi yazılan kağızda müayinə olunan şəxsin adı, familiyası qeyd olunmalı və həmin alkotestrin verdiyi kağızdaşıyıcıya müayinə olunan şəxs öz imzası atmalıdır. Əldə etdiyi məlumata əsasən polis əməkdaşları kağızdaşıyıcısı olan alkotestrdən müayinənin nəticəsini hər hansı bir yolla əldə etmişlər və inzibati xəta haqqında işə əlavə etmişlər. Müayinənin nəticəsinə dair kağızdaşıyıcısını, videogörüntüləri DYP-dən tələb etsə də, ona təqdim olunmamış və ona bildirilmişdir ki, qərardan şikayət verdiyi halda yalnız məhkəməyə təqdim oluna bilər. Buna görə də hesab edir ki, məhkəməyə təqdim olunan hər hansı bir alkotestrdən çıxarılmış müayinənin nəticələrinə dair kağızdaşıyıcı sübut kimi qəbul oluna bilməz ona görə ki, barəsində tərtib olunmuş protokolda həmin alkotestrin göstəriciləri sertifikat nömrəsi, markası modeli, dövlət yoxlamasından keçməsinə dair məlumatlar qeyd olunmamışdır. Ona görə də, İXM-nin 76.2-ci maddəsinə əsasən sübut kimi məhkəməyə təqdim olunacaq hər hansı bir alkotestrin göstəriciləri qanuna zidd olaraq əldə edilmiş sübut hesab olunmalıdır. Bütün bu hadisələri müşahidə edən hal şahidi X1 da məhkəmədə ifadə verməsi üçün dəvət olunması barədə məhkəmə qarşısında vəsatət qaldırır. Hazırki şikayətimdə qeyd etdiyim əsaslar: Birinci şikayəti ilə əlaqədar məhkəmə araşdırması zamanı DYP-nin təqdim etdiyi video görüntülərə baxış keçirilmişdir. Onun video görüntüdə inzibati xəta törətdiyini təsdiq edən sübutlar aşkar edilmədi. Video görüntüdən göründü ki, DYP-nin inspektoru tərəfindən ondan soruşulur ki, spirtli içki qəbul etmişəmmi. Bu suala o “yox” cavabı verir. Daha sonra inspektorun alkotestrin yoxlama təklifini qəbul edərək 2 dəfə alkotestri üfürmüş, lakin alkotestrdən sərxoşluqla bağlı hər hansı bir kağız daşıyıcının çıxdığı video görüntüdən görünmür. Bundan başqa məhkəmə iclasında inspektor Rəşad Nabatov dindirilərkən onun sualına cavab olaraq bildirdi ki, o, alkotestrə üfürən zaman üfürdükdən sonra orada alkotestrdən hər hansı bir kağız daşıyıcı çıxmadı. Həmin kağız daşıyıcı sonradan çıxarılaraq protokola əlavə olundu. Göründüyü kimi o, inzibati xəta törətməyi ilə bağlı razılaşmadığı şəraitdə barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini, törədildiyi təqdirdə təqsiri olub-olmamasını müəyyən etmək üçün sübut toplamadan, araşdırmadan məhkəmə qərarında qeyd olunan hallara əməl olunmadan protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışlar. O, inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmış olsaydı inspektor Təbriz Nəsirovun spirtli içki qəbul edib-etmədiyinə, sərxoş olub-olmadığına dair sualına “yox” cavabı verməzdi. Onun spirtli içki qəbul etməməyinə dair verdiyi cavab onu göstərir ki, o, inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmamışdır. Lakin buna baxmayaraq heç bir sübut toplamadan inzibati tənbeh verilmişdir. Sübut toplamaq isə inzibati orqanın üzərinə düşür. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Barəsində protokol tərtib edilmiş şəxs, yəni o, sübut etməli deyil ki, inzibati xəta törətməmişdir. Hazırki iş üzrə qərarda isə konkret sübut göstərilmədiyi üçün belə bir qərar İXM-nin tələblərinə uyğun çıxarılmış qərar hesab edilə bilməz. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X6 şikayətini müdafiə edərək şikayətinin məzmununa uyğun izahat verdi və şikayətinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclası zamanı inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon yol patrul xidmətinin baş inspektoru polis leytenantı X5 izahat verərək bildirdi ki, Əhməd Nəbiyev tərtib edilmiş protokoldan və həmin protokol üzrə iki fərqli tarixdə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan şikayət vermiş və həmin qərarlar ləğv edilmişdir. Sonuncu dəfə qərar Zaqatala Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli 3(033)-1/2023 nömrəli qərarı ilə ləğv edilmişdir. Həmin qərardan Əhməd Nəbiyev tərəfindən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin 3(107)- 34/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə Əhməd Nəbiyevin şikayəti təmin edilməmiş və Zaqatala Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Zaqatala Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli 3(033)-1/2023 nömrəli qərarının icrası ilə bağlı Zaqatala Rayon Polis Şöbəsinə hər hansı məktub daxil olmamış və inzibati xəta materialları Polis Şöbəsinə qaytarılmamışdır. Hansı əsasla qərar qəbul edilməsi barədə məlumatı yoxdur. Ona görə ki, qərarı o, qəbul etməmişdir. Hesab edir ki, şikayət əsassızdır, şikayətin rədd olunmasını, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə şikayət verən şəxs X3 şikayətini, iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, yəni 02 fevral 2023-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Zaqatala rayon yol patrul xidmətinin baş inspektoru polis leytenantı X5 tərəfindən tərtib edilmiş 23 sentyabr 2022-ci il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 22:55-də Hyundai İX35 markalı ** FA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokol onu tərtib edən şəxs və X6 tərəfindən imzalanmışdır. Zaqatala rayon yol patrul xidmətinin baş inspektoru polis kapitanı X9 tərəfindən qəbul edilmiş 02 fevral 2023-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2022-ci il tarixdə saat 22:55-də Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində Hyundai İX35 markalı ** FA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən alkoqoldan istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 400 manat məbləğində inzibati cərimə edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 3(033)-1/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Zaqatala Rayon Polis X11 Polisi Bölməsinin polis leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək və hazırkı qərarın inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün səlahiyyətli orqana, yəni Zaqatala Rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, Zaqatala Rayon Polis X11 Polisi Bölməsinin polis leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı Zaqatala rayon yol patrul xidmətinin baş inspektoru polis leytenantı X5 tərəfindən tərtib edilmiş 23 sentyabr 2022-ci il tarixli İXP ******* nömrəli protokolu və inzibati xəta haqqında işin digər materialları əsasında qəbul edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 3(107)-34/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X6 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 09 yanvar 2023-cü il tarixli, 3(033)-1/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin məcəllənin 138.1-ci və 138.1.3-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Belə olan halda məhkəmə hesab edir ki, Zaqatala rayon yol patrul xidmətinin baş inspektoru polis leytenantı X5 tərəfindən tərtib edilmiş 23 sentyabr 2022-ci il tarixli İXP ******* nömrəli protokolu üzrə qəbul edilmiş Zaqatala Rayon Polis X11 Polisi Bölməsinin polis leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 3(033)-1/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı qanuni qüvvəsini almadan həmin protokol üzrə Zaqatala rayon yol patrul xidmətinin baş inspektoru polis kapitanı X9 tərəfindən 02 fevral 2023-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi inzibati xəta törətmiş şəxs X3 törətmiş olduğu bir inzibati xətaya görə iki dəfə inzibati məsuliyyətə cəlb olunması hesab olunmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin prinsiplərindən olan ədalətlilik prinsipinin pozulması kimi qiymətləndirilə bilər, bu isə yol verilməzdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X6 barəsində Zaqatala rayon Polis Şöbəsində aparılan inzibati iş üzrə icraat Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər baxımından işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İşin hallarından görünür ki, Zaqatala rayon yol patrul xidmətinin baş inspektoru polis leytenantı X5 tərəfindən tərtib edilmiş 23 sentyabr 2022-ci il tarixli İXP ******* nömrəli protokolu üzrə qəbul edilmiş Zaqatala Rayon Polis X11 Polisi Bölməsinin polis leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 3(033)-1/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini aldığı halda həmin protokol üzrə xx.xx.2023-cü il tarixdə TP ******* nömrəli qərar qəbul edilmişdir. İşin faktiki hallarından görünür ki, inzibati xəta haqqında iş üzrə icraat aparılarkən Azərbaycan Respublikası İXM-nin tələblərini pozmuşdur. Belə ki, Zaqatala Rayon Məhkəməsinin 3(033)-1/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı icra olunduqda bir inzibati xətaya görə X6 iki dəfə inzibati məsuliyyətə cəlb edilmiş olacaqdır. Bu səbəbdən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin müddəalarında nəzərdə tutulan hüquqları pozulmuşdur. Bu isə öz növbəsində İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması ilə nəticələnmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Zaqatala Rayon Polis X11 Polisi Bölməsinin polis kapitanı X9 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən prosessual pozuntulara yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: 115.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; 115.1.2. işin baxılması tarixi və yeri; 115.1.3. işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar; 115.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; 115.1.6. inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; 115.1.7. iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; 115.1.8. qərardan şikayət verilməsi müddəti və qaydası. Həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması», «bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Zaqatala Rayon Polis X11 Polisi Bölməsinin polis kapitanı X9 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, şikayət qalan hissədə təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-131 və 135-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şikayət qismən təmin edilsin. Zaqatala Rayon Polis X11 Polisi Bölməsinin kapitanı X9 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar