Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-477/2025 30.09.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 Əli qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsindən daxil olmuş inzibati xətaya dair işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs tərəfindən gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış idarəetmə sistemində əldə olunmuş məlumatlar əsasında Balakən Gömrük İdarəsində rəsmiləşdirilən (**********5308, **********1108) bəyannamələr üzrə “qabığı təmizlənmiş meşə fındığı” yükünün Çexiya Respublikasına ixrac olunan ümumi dəyəri 326500.00 USD (555049.98 manat, kurs 1 usd = 1,70 AZN) olan yükün müqabilində qaytarılmalı olan vəsaitin 310 ABŞ dolları (527 manat, kurs 1 = 1.70 AZN) MMC-nin müvəkkil bank hesabına köçürülmədiyi müəyyən edilmişdir,. Buna görə də, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə xx.xx.2025-ci il tarixdə, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış idarəetmə sistemində əldə olunmuş məlumatlar əsasında "xxxx" MMC tərəfindən Balakən Gömrük İdarəsində rəsmiləşdirilən (**********5308, **********1108) bəyannamələr üzrə “qabığı təmizlənmiş meşə fındığı” yükünün Çexiya Respublikasına ixrac olunan ümumi dəyəri 326500.00 USD (555049.98 manat, kurs 1 usd = 1,70 AZN) olan yükün müqabilində qaytarılmalı olan vəsaitin 310 ABŞ dolları (527 manat, kurs 1 = 1.70 AZN) MMC-nin müvəkkil bank hesabına köçürülmədiyi müəyyən edilmişdir. "xxxx" MMC-nin hüquqi ünvanına həmin bəyannamələr üzrə xx.xx.2025-ci il tarixli 3-33-1400/2- 000496/2025 nömrəli xx.xx.2025-ci il tarixli 3-33-1400/2-000572/2025 bildiriş göndərilmişdir "xxxx" MMC ixrac olunan malların müqabilində qaytarmalı olan vəsait barədə Balakən Gömrük İdarəsinə indiyə qədər heç bir sənəd təqdim etməmişdir. Qeyd olunan faktla bağlı Balakən Gömrük idarəsinin Əməliyyat və təhqiqat şöbəsində aparılan araşdırılma ilə əlaqədar "xxxx" MMC tərəfindən konsiqnasiya yolu ilə ixrac olunmuş malların müqabilində müvəkkil bankdakı hesabına məcburi qaydada köçürülməli olan 310 ABŞ dolları məbləğində xarici valyuta vəsaitinin geri qavtarılmamasının səbəbinin aydınlaşdırılması məqsədilə Əməliyyat və təhqiqat şöbəsinə dəvət olunan şirkətin mühasibi X2-sual olunmuş və izahatında bildirmişdir ki, o, MMC-də mühasib vəzifəsində çalışır. MMC-nin direktoru X3r. "xxxx" MMC 2022-ci ildən fəaliyyət göstərir və əsas fəaliyyət istiqaməti fındığın alışı, istehsalı, satışı, və ixracından ibarətdir. İxrac adətən xarici ölkələrdə fəaliyyət göstərən hüquqi şəxslərə edirlər. xx.xx.2024-cü il və xx.xx.2024cü il tarixləri aralığında **********5308, **********1108 nömrəli 2 gömrük bəyannaməsi üzrə üzrə ümumilikdə 326500 ABŞ dolları dəyərində “mesə fındığı (qabığı təmizlənmiş)” yükü Almaniyanın “Nestro Management” şirkətinin göstərişi ilə Çexiya Respublikasına ixrac olunmuşdur. Həmin bəyannamələr üzrə ixrac ilə bağlı gömrük rəsmiləşdirilməsi prosesində iştirak etmisəm və müvafiq gömrük ödənişləri, gömrük bəyannaməsinə görə elektron xidmət haqqı və invovs dəyərinə görə alınan gömrük yığımlarını ödəmişdir. Malları faktiki ixrac edən şəxs isə MMC-nin direktoru X3r. MMC əvvəlki ixraclarında vasitəçi olmadan birbaşa olaraq Çexiyaya ixrac həyata keçirmişdir. Qeyd olunan bəyannamələr üzrə ixrac əməliyyatlarında isə Almaniyanın “Nestro Management" şirkəti vasitəçilik etmişdir. Həmin vasitəçilik müqabilində hər yük avtomobilinə görə təxminən 150 dollar məbləğində komissiya tutulmuşdur. Bu səbəbdən də həmin xarici valyuta vəsaitinin ölkəyə qaytarılmayacaqını bildirmişdir. "xxxx" MMC tərəfindən ixrac olunan malların müqabilində 310 AB$ dolları məbləğində valyuta vəsaiti şirkətin müvəkkil bank hesabına köçürülməsi təmin edilməmişdir. Bu Qaydaların 15.1-ci bəndinə uyğun olaraq, şəxslər bu normaların pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsulliyyət daşıyırlar. Qeyd edilən inzibati xəta üzrə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsindən daxil olmuş materialla tam təsdiq olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi tərəfindən X4 ünvanlanmış “xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına dair” xx.xx.2025-ci il tarixli, 3-33-1400/2-000572/2025 saylı bildirişdən görünür ki, **********5308 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilmiş malların müqabilində 180.00 ABŞ dolları ekvivalentində olan vəsaitin bankda olan hesabına köçürülməsi təmin edilməmişdir, ixrac olunan malların müqabilində vəsaitlərin köçürülməsi təmin edilmədikdə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcəyinə dair xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi tərəfindən X4 ünvanlanmış “xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına dair” xx.xx.2025-ci il tarixli, 3-33-1400/2-000496/2025 saylı bildirişdən görünür ki, **********1108 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilmiş malların müqabilində 130 ABŞ dolları ekvivalentində olan vəsaitin bankda olan hesabınıza köçürülməsi təmin edilməmişdir, ixrac olunan malların müqabilində vəsaitlərin köçürülməsi təmin edilmədikdə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcəyinə dair xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş hüquqi şəxs Şəxs ilə “Nestro Managment GmbH” şirkəti arasında bağlanmış xx.xx.2024-cü il tarixdə müqavilədən görünür ki, həmin müqaviləyə əsasən Şəxs “Nestro Managment GmbH” şirkətinə müqavilənin ayrılmaz hissəsi olan Alış Sifarişində nəzərdə tutulan fındıq ləpəsini tədarük etməyi, “Nestro Managment GmbH” şirkəti isə malları qəbul edib onların razılaşdırılmış dəyərini satıcıya ödəmək barədə öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş **********1108 nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, "xxxx" MMC-nin Çexiya Respublikasına ixrac etdiyi ümumi dəyəri 161950 ABŞ dolları yük Balakən Gömrük İdarəsində xx.xx.2024-cü il tarixdə bəyan edilərək rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş **********5308 nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, "xxxx" MMC-nin Çexiya Respublikasına ixrac etdiyi ümumi dəyəri 164550 ABŞ dolları yük Balakən Gömrük İdarəsində xx.xx.2024-cü il tarixdə bəyan edilərək rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli çıxarış edilməsi haqqında protokoldan görünür ki, Balakən Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsində aparılan araşdırma ilə əlaqədar Zaqatalarayonu, Əliabad qəsəbəsində qeydiyyatda olan "xxxx" MMC-nin Balakən Gömrük İdarəsində rəsmiləşdirilən **********5308, **********1108 sorğu nömrəli gömrük bəyannamələri üzrə “meşə fındığı (qabığı təmizlənmiş)” yükünün Çexiya Respublikasına ixrac etdiyi ümumi dəyəri 326500.00 USD (555049.98 manat) olan yükün müqabilində qaytarılmalı olan məbləğdən 310 ABŞ dolları (527 manat, kurs: 1 ABŞ dollar = 1,70 AZN) vəsaitin "xxxx" MMC-nin müvəkkil bank hesabına köçürülməməsi faktı ilə bağlı hal-hazıradək MMC-nin müvəkkil bank hesabına nə qədər köçürmə edildiyini müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Vahid X1 (VAİS) baxış keçirilmiş və sistemdən çıxarış edilmişdir. Çıxarışa əsasən, "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli, **********5308 nömrəli gömrük bəyannaməsi əsasında ixrac olunmuş malların müqabilində qaytarılmalı olan vəsaitdən 130 ABŞ dolları (221 manat), xx.xx.2024-cü il tarixli **********5308 nömrəli bəyannamə üzrə, 180 ABŞ dolları (306 manat) məbləğində, ümumilikdə 310 ABŞ dolları (527 manat) vəsaitin MMC-nin müvəkkil bank hesabına köçürülmədiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş konsiqnasiya nəzarəti üzrə çıxarışdan görünür ki, Şəxs Çexiya Respublikasına ixrac etdiyi ümumi dəyəri 326500 ABŞ dolları olan yükün müqabilində qaytarılmalı olan məbləğdən 310 ABŞ dolları vəsaitin müvəkkil bank hesabına köçürməmişdir. Göründüyü kimi hüquqi şəxs Şəxs Balakən Gömrük İdarəsində rəsmiləşdirilən **********5308, **********1108 sorğu nömrəli gömrük bəyənnamələri üzrə “meşə fındığı (qabığı təmizlənmiş)” yükünün Çexiya Respublikasına ixrac edildiyi ümumi dəyəri 326500 ABŞ dolları olan yükün müqabilində qaytarılmalı olan məbləğdən 310 ABŞ dolları vəsaitin Şəxs müvəkkil bank hesabına köçürməmişdir. “Valyuta tənzimi haqqında” Qanunun 1-ci maddəsinin 9-cu hissəsinin “a” bəndində cari valyuta əməliyyatlarından biri kimi malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından köçürülməsi; 10-cu hissəsinin “q” bəndində isə malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə 180 gündən artıq müddətə ödəniş möhlətinin verilməsi və alınması göstərilmişdir. “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” Azərbaycan Respublikasi Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 saylı Fərmanı ilə xarici ticarətdə hesablaşma qaydaları qaydaların 12-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. İxrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vəsaitin Azərbaycan Respublikasına köçürülməsinə və gətirilməsinə, müvafiq olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) və Dövlət Gömrük Komitəsi nəzarət edir. Bu məqsədlə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bütün ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələri də daxil olmaqla, ixrac olunan mallar barədə aidiyyəti məlumatların elektron gömrük xidməti vasitəsilə Mərkəzi Banka ötürülməsini təmin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” 17 may 2021-ci il tarixli qərarına əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Həmin qərarda, həmçinin, göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeydinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Göründüyü kimi, yuxarıda qeyd olunan sübutlarla Şəxs İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməsi tam təsdiq olunmuşdur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması,habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsindən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmiş, həmçinin məhkəmə araşdırması zamanı da hüquqi şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs səlahiyyətli nümayəndəsinin törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, eyni zamanda inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyətini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin, yəni 310 (üç yüz on) ABŞ dolları məbləğinin otuz faizi məbləğində (ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatına olan məzənnə nisbətində) inzibati qaydada cərimə edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(033)-477/2025
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-477/2025
30.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver