Məhkəmə qərarları › İş №3(033)-48/2021

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-48/2021

18.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-48/2021 18.02.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyi, Şikayət verən şəxs X2 və inzibati tənbeh vermə haqqında qərar qəbul edən şəxs Zaqatala rayonu Yol patrul xidməti baş inspektoru, polis leytenantı X3 iştirakları ilə 25.04.1985-ci il tarixdə Zaqatala rayonu Mücəkbinə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, eyni inzibati xətanı il ərzində təkrar törətməmiş, Zaqatala rayonu Dombabinə kəndində qeydiyyatda olan və orada yaşayan X2 Zaqatala rayonu YPX-nin inspektoru, polis leytenantı X4 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şikayət verən şəxs X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət verən şəxs X5 məhkəmə iclası zamanı şikayətini müdafiə edərək izahatında göstərdi ki, Zaqatala rayonu Yol patrul xidməti baş inspektoru, polis leytenantı X4 tərəfindən barəsində inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərar tərtib olunmuşdur. Belə ki, 10 yanvar 2021-ci il tarixdə Zaqatala rayonu Muğanlı avtomobil yolunda gedərkən avtomobilin qarşısına çaqqal çıxmış, avtomobilin öz hissəsi çaqqala dəyərək idarə etdiyi avtomobilin buferi zədələnmişdir. 14 yanvar 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq buferin ön tərəfinə nə olması barədə sual verildikdə, o bildirmişdir ki, Zaqatala Muğanlı yolunda çaqqal vurmuşdur. Bunun üçün onu Zaqatala RPŞ-nə dəvət etmişlər, onun izahatını almışlar. Bundan sonra onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsnə əsasən inzibati protokol tərtib edilmişdir. Həmin qərarla razı deyil. Buna görə də, həmin qərardan narazı olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərar ləğv edilməlidir. Hesab edir ki, şikayəti əsaslıdır. Şikayətinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı inzibati tənbeh vermə haqqında qərar qəbul edən şəxs Zaqatala rayonu Yol patrul xidməti baş inspektoru, polis leytenantı X4 izahatında göstərdi ki, X2 barəsində tərtib edilmiş inzibati xəta haqqında qərar qanuni, əsaslı və ədalətlidir. X5 barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən qayda pozuntusunu etdiyinə görə o, inzibati qaydada 100 manat məbləğində cərimə edilmişdir. Belə ki, X5 14 yanvar 2021-ci il tarixdə saxlanılmış, ondan avtomobilin buferində olan zədə ilə bağlı sual verilmiş, sonuncu isə avtomobili ilə çaqqal vurduğunu bildirmişdir. O, polis şöbəsinə gətirilmiş, izahatı alınmış və nəticədə o, yol hərəkəti qaydalarını pozduğundan və bu barədə məlumat vermədiyindən barəsində inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərar qəbul edilmişdir. Onun hansı yol hərəkəti qaydalarını pozması ilə bağlı suala məhkəmə iclasında inspektor cavab verə bilmədi. Hesab edir ki, onun şikayəti əsassızdır və şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət verən şəxs X2 şikayətini, iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayət əsaslıdır və şikayət təmin edilməlidir. Belə ki, işdə olan Zaqatala rayonu Yol patrul xidməti baş inspektoru, polis leytenantı X4 tərəfindən tərtib olunmuş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərardan görünür ki, X5 inzibati xəta haqqında protokola əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayındığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. X5 onun barəsində tətbiq edilmiş maddədə göstərilən inzibati xəta törətməməsini əsas göstərərək inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur.Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddələrinə görə inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.2 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında və bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə-yüz manat məbləğində cərimə edilir. İnzibati tənbeh vermə haqqında qərardan isə görünür ki, X5 ona görə inzibati məsuliyyətə cəlb edilmişdir ki, o, yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi yerindən yayınmışdır. Məhkəmə bununla bağlı onu qeyd edir ki, səlahiyyətli orqan həmin əsasla şəxsi inzibati məsuliyyətə cəlb etməkdə haqlı olmamışdır. Çünki maddənin dispozisiyasından da göründüyü kimi, nəqliyyat vasitəsinin sürücüsü ilk öncə yol hərəkəti qaydalarını pozmalıdır. Hazırki iş üzrə isə X2 hansı yol hərəkəti qaydalarını pozması müəyyən olunmur. Məhkəmə hesab edir ki, şəxsi qeyd olunan maddə ilə inzibati məsuliyyətə cəlb etməzdən öncə müəyyən etmək lazımdir ki, yol nəqliyyat hadisəsi yerindən yayınan şəxs hansı yol hərəkəti qaydalarını pozmuşdur. Səlahiyyətli orqan tərəfindən isə X2 hansı yol hərəkəti qaydalarını pozmasına dair sübutları məhkəməyə təqdim edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmiş yəni, öz təqsirsizliyini sübut etməyə, borclu deyildir. Əksinə şəxsin yol hərəkəti qaydalarının pozulması ilə bağlı hər hansı bir inzibati xətanı törətdiyini sübut etmək vəzifəsi yol patrul xidməti inspektorunun üzərinə düşür. Bundan başqa inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Göründüyü kimi, 10 yanvar 2021-ci il tarixdə X2 yol hərəkəti qaydalarını pozması və pozduğu təqdirdə yol nəqliyyat hadisəsi yerindən yayınması, bununla da, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hər hansı bir formada sübuta yetirilmir. Belə vəziyyətdə hesab edirəm ki, X5 tərəfindən Azərbaycan Respublikası İXM-in Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir və onun əməlində həmin inzibati xətanın tərkibinin əlamətləri yoxdur. Şərh edilənlərə hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübut edilmədiyindən Zaqatala rayonu Yol patrul xidməti baş inspektoru, polis leytenantı X4 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-131 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Zaqatala rayonu Yol patrul xidməti baş inspektoru, polis leytenantı X4 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar