Məhkəmə qərarları › İş №3(033)-50/2021

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-50/2021

26.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-50/2021 26.01.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon Baş yol patrul xidməti inspektoru, polis baş leytenantı X3 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon Polis X1 Bölməsinin polis kapitanı X4 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs-xx xxx 1991-ci il tarixdə Zaqatala rayonu Faldar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, eyni inzibati xətanı il ərzində təkrar törətməmiş, Zaqatala rayonu Faldar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu, 327.3cü, 332.1-ci, 329.3-cü, 339.1-1-ci və 334.1-ci maddələri ilə Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 26 yanvar 2021-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir ondan ötrü ki o, 25 yanvar 2021-ci il tarixdə saat 21:30 radələrində Zaqatala rayonu Faldarlı kəndində DYPB-nin əməkdaşları avtomobili saxlayan zaman ucadan nalayiq söyüş söymüşdür. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan materiallar baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.3, 329.3, 339.1-1 və 334.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 25 yanvar 2021-ci il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 25 yanvar 2021-ci il tarixdə saat 23:35 radələrində VAZ 2101 minik markalı ** BB *** dövlət qeydiyyat nişanlı minik vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı halda etibarnamə olmadan, işıq cihazlarından istifadə qaydalarını pozaraq idarə etmiş və yol patrul xidməti əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirməmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.3, 329.3, 339.1-1 və 334.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Zaqatala Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli qərardadı ilə Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.1-ci, 334.1-ci 339.1-1-ci, 327.3-cü və 329.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(033)-51/2021 nömrəli iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(033)-50/2021 nömrəli işə birləşdirilməsi və onlara bir icraatda baxılması qərara alınmışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon Baş yol patrul xidməti inspektoru, polis baş leytenantı X5 məhkəmə iclasında verdiyi izahatında protokolu müdafiə etdiyini bildirdi. Həmçinin göstərdi ki, o 2013-cü ildən DİO-da xidmət edir. 25.01.2021-ci il tarixdə saat 21:30 radələrində YPX-nın inspektoru, polis baş serjantı Mahama Xəlilov ilə Zaqatala rayonu Faldarlı kəndində xidmətdə olarkən ** BB *** dövlət qeydiyyat nişanlı Vaz 2101 markalı avtomobilin sürücüsü işıq sistemindən düzgün istifadə etmədiyi üçün tərəflərindən saxla işarəsi verilmişdir. Sürücü avtomobili saxladıqdan sonra ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra sənədləri təqdim etməsini xahiş etmişdirlər. Sürücü sənədlərinin olmamasını bildirmiş və əsassız iradlar bildirmişdir. Həmin vaxt sürücünün sərxoş olması hiss olunduğundan polis şöbəsinə dəvət edilmiş. Sürücü sözlə mübahisə etməyə başlamış və ünvansız nalayiq küçə söyüşləri söymüşdür. Bu səbəbədən vətəndaş idarə etdiyi avtomobillə birgə polis şöbəsinə gətirilmişdir. Avtomobil akt ilə RPŞnin duracağına yerləşdirilmişdir. Vətəndaş Şəxs həkim müayinəsindən keçirilmiş və sərxoş olması müəyyən edilmişdir. O, həmçinin işıq cihazlarından istifadə qaydalarını pozmuş, nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı halda nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3, 332.1, 329.3, 339.1-1 və 334.1-ci maddələrinin tərkibi olduğundan 25 yanvar 2021-ci il tarixdə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3, 332.1, 329.3, 339.1-1 və 334.1-ci maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon Polis X1 Bölməsinin polis kapitanı X6 məhkəmə iclasında verdiyi izahatında protokolu müdafiə etdiyini bildirdi. Eyni zamanda bildirdi ki, Zaqatala Rayon Baş yol patrul xidmətinin əməkdaşları Zaqatala rayonu Faldarlı kəndində xidmətdə olarkən 25.01.2021-ci il tarix saat 21:30 radələrində ** BB *** dövlət qeydiyyat nişanlı Vaz 2101 markalı avtomobilin sürücüsü işıq sistemindən düzgün istifadə etmədiyi üçün işıq sistemindən düzgün istifadə etmədiyi üçün saxlama işarəsi verilərək saxladılmışdır. Sürücü Şəxs sənədləri tələb edildikdə sənədlərinin olmamasını bildirmişdir. Sürücünün sərxoş olduğu hiss edildiyindən o Zaqatala Rayon Polis Şöbəsinə dəvət edilmiş və bu zaman o nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. O Zaqatala Rayon Polis Şöbəsinə gətirildikdən sonra izahatı alınmış və onun törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olduğundan barəsində 25 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında özünü təqsirli bilərək göstərdi ki, o, o hər iki protokolda göstərilən inzibati xətaları törətmişdir. O inzibati xətanı törətdiyini etiraf edərək, əməlindən səmimi peşman olduğunu, ilk dəfə inzibati xəta hadisəsi törətdiyini, səhvini etiraf etdiyini, ailəli olduğunu, himayəsində 2 və 5 yaşında iki övladının olduğunu, ailədə yalnız özünün işlədiyini bildirərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İnzibati xəta materiallarına əlavə edilmiş 01 iyun 2020-ci il tarixli “Sərxoşluq vəziyətinin tibbi müayinə aktı”ndan görünür ki, Şəxs yüngül dərəcəli sərxoş vəziyyətdə olmuşdur. İnzibati xəta materiallarına əlavə edilmiş 26 yanvar 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 26 yanvar 2021-ci il tarixdə saat 01:00 radələrində inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxslərin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında 25 yanvar 2021-ci il tarixli protokolları nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3, 332.1, 329.3, 339.1-1, 334.1 və 510 maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafından başqa, həm də iş üzrə toplanmış materiallarla tam sübuta yetirilmişdir. Ona görə də o, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görəsəksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə-otuz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə-əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3, 332.1, 329.3, 339.1-1, 334.1 və 510-cu maddələrində nəzərdə tutulmuş xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğundan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin xətalardan daha ciddi xəta olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməsə də, məhkəmə araşdırması zamanı onun əməlini etiraf etməsi, əməlindən səmimi peşmançılıq çəkməsi və inzibati xətanı sərxoş halda törətməsi müəyyən edildi. Şəxs əməlini etiraf etməsi və əməlindən səmimi peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci və 32.1.1-ci maddələrinə görə inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Lakin həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Ona görə də hesab edirəm ki, “inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi” Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin tərkib əlaməti kimi nəzərdə tutulduğundan onun inzibati xətanı sərxoş halda törətməsi inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətini ağırlaşdıran hər hansı hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmamasını, əksinə məsuliyyəti yüngülləşdirən halların olmasını, onun şəxsiyyətini və əmlak vəziyyətini, həmçinin inzibati həbsin tətbiq edilməsi üçün hər hansı müstəsna halın olmamasını nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişindən azad ediləcəyi hüququnun olduğu, qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi miqdarında dəbbə pulu hesablanacağı, dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq ediləcəyi izah edilməlidir. Qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 128-130-cu maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3, 332.1, 329.3, 339.1-1, 334.1 və 510-cu maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib, 375 (üç yüz yetmiş beş) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişindən azad ediləcəyi hüququnun olduğu, qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi miqdarında dəbbə pulu hesablanacağı, dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq ediləcəyi izah edilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və Zaqatala Rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar