Məhkəmə qərarları › İş №3(033)-50/2023

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-50/2023

16.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-50/2023 16.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X3 və Azərbaycan Respublikası Baş X13 İdarəsinin Yol-Patrul Xidməti alayının V Tağım Baş yol patrul xidmətinin inspektoru, polis kapitanı X4 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx.xx.1990-cı il tarixdə Zaqatala rayonu Höytala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, öz deməsinə görə il ərzində eyni xətaya görə inzibati məsuliyyətə cəlb olunmamış, Zaqatala rayonu Höytala kəndində pasport qeydiyyatında olan və orada da yaşаyan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Azərbaycan Respublikası Baş X13 İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 15 fevral 2023-cü il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, 15 fevral 2023-cü il tarixdə saat 14:30 radələrində Şəxs sürücülük hüququ olmadan idarə etdiyi “Vaz 21093” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə zərərçəkmiş şəxs X3 idarə etdiyi və mülkiyyətində olan motosikletə 745 manat maddi zərər vurmuşdur. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Azərbaycan Respublikası Baş X13 İdarəsinin Yol-Patrul Xidməti Alayı tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş X13 İdarəsinin Yol- Patrul Xidməti alayının V Tağım Baş yol patrul xidmətinin inspektoru, polis kapitanı X7 izahatında göstərdi ki, Yevlax-Zaqatala-Gürcüstan yolunun 126-cı kilometrliyində yol nəqliyyat hadisəsinin baş verdiyi barədə məlumat aldıqdan sonra hadisə yerinə getmişdir. Hadisə 15 fevral 2023-cü il tarixdə saat 14:30 radələrində baş vermişdir. Şəxs sürücülük hüququ olmadan idarə etdiyi “Vaz 21093” markalı avtomobillə hərəkətdə olarkən X9 yolunun 132 kilometrində zərərçəkmiş şəxs X5 məxsus GST50QT-11 markalı skuterlə toqquşmuş, nəticədə toqquşduğu X5 məxsus skuterə 745 manat zərər dəymişdir. Bunun əsasında onların izahatı alınmış, 15 fevral 2023-cü il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında özünü təqsirli bilərək göstərdi ki, 15 fevral 2023-cü il tarixdə saat 14:30 radələrində “Vaz 21093” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə üzü Balakən şəhəri istiqamətində hərəkətdə olarkən həmin yolda hərəkətdə olan X8 tərəfindən idarə olunan skuterlə toqquşmuşdur. O, izahatına əlavə olaraq göstərdi ki, etdiyi hərəkətdən çox peşmandır. Bir səhvdir edib. O, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etmişdir. Bir də belə hərəkətlərə yol verməyəcəyini söz verir. Ailədə tək işləyən şəxsdir və himayəsində xəstə anası vardır. Onun barəsində yüngül cəza olan cərimə cəzasının tətbiq edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X8 məhkəmə iclası zamanı izahat verərək göstərdi ki, idarə etdiyi 49 m3 olan Scooterlə başında şlem olmaqla üzü Balakən istiqamətində hərəkətə başlamışdır. Təxminən 100 metrdən sonra yolun sağında dayanan ** BO *** nömrə nişanlı maşın qəflətən hərəkətə başlayaraq eyni istiqamətdə onun Scooterini vurmuşdur. Bundan sonra o müvazinətini itirib sağ tərəfə yıxılmışdır. Bu zaman sağ əlinin oynağı, sol əli üstü, sol ayağından və başından zədə almışdır. Xəstəxanaya müraciət etməmişdir. Scooterin yenisinin qiyməti 2500 manatdır, onun idarə etdiyi Scooter isə yararsız vəziyyətə düşüb. Ona 745 manat zərər dəymişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır, ondan şikayət və tələbi yoxdur. Dəymiş zərərlə bağlı aralarında razılığa gəlmişlər. Ona yüngül cəza verilməsini xahiş edir. İşdə olan Avtomobillərə Texniki Xidmət X1 tərəfindən verilmiş 14 nömrəli 16 fevral 2023-cü il tarixli avtomobillərə dəymiş zərər aktından görünür ki, X5 məxsus GST50QT-11 markalı avtomobilə dəymiş zərər 745 manat həcmində qiymətləndirilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, zərərçəkmiş şəxsin izahatı və Azərbaycan Respublikası Baş X13 İdarəsinin Yol-Patrul Xidməti Alayındən daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Baş X13 İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməsə də, məhkəmə araşdırması zamanı onun əməlini etiraf etməsi və əməlindən səmimi peşmançılıq çəkməsi müəyyən edildi. Şəxs əməlini etiraf etməsi və əməlindən səmimi peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci və 32.1.1-ci maddələrinə görə inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətini ağırlaşdıran hər hansı hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Həmin Məcəllənin 115.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi məsələləri hakim tərəfindən həll edilir. İş materiallarından da görünür ki, zərərçəkmiş şəxsə dəymiş zərər ödənilməmişdir. Ona görə də, zərərçəkmiş şəxsə izah edilməlidir ki, vurulmuş zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldıra bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmamasını, əksinə məsuliyyəti yüngülləşdirən halın olmasını, onun şəxsiyyətini və əmlak vəziyyətini, zərərçəkmiş şəxsin şikayətinin olmadığını, həmçinin inzibati həbsin tətbiq edilməsi üçün hər hansı müstəsna halın olmamasını nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişindən azad ediləcəyi hüququnun olduğu, qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi miqdarında dəbbə pulu hesablanacağı, dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq ediləcəyi izah edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişindən azad ediləcəyi hüququnun olduğu, qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi miqdarında dəbbə pulu hesablanacağı, dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq ediləcəyi izah edilsin. Zərərçəkmiş şəxsə izah edilsin ki, vurulmuş zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldıra bilər. Qərarın surəti proses iştirakçılarına təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar