Məhkəmə qərarları › İş №3(033)-52/2024

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-52/2024

26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-52/2024 26.02.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xətaya dair işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs 119800 ABŞ dolları məbləğində olan vəsaiti 11 yanvar 2022-ci il tarixdə xaricə köçürmüş, ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçsə də, 119800 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 12 yanvar 2024-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Buna görə də, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə 29 yanvar 2024-cü il tarixdə, EP №0140444 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Azərbaycan Respublikasının Mərkəzi Bankından Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə ərizəsindən görünür ki, "xxxx" MMC barəsində tərtib olunmuş EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə baxılan 3(033)-52/2024 saylı inzibati işdə təqdim olunmuş sənədlərə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixli, 119800 ABŞ dolları məbləğində vəsait MMC-nin hesabına geri qaytarılmışdır. Odur ki, iş üzrə icraata xitam verilməsinə etiraz etmirlər. Nəzərə alınması xahiş olunur. Məhkəmə araşdırmasında müəyyən etdim ki, hüquqi şəxs Şəxs ilə “Tog Petrol Sanayi və Ticaret LTD” şirkəti arasında xx.xx.2017-cı il tarixdə 20171021/14 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “Tog Petrol Sanayi və Ticaret LTD” şirkəti Şəxsnə müqavilənin ayrılmaz hissəsi olan Alış Sifarişində nəzərdə tutulan malları və xidmətləri tədarük etməyi, Şəxs isə malları və xidmətləri qəbul edib onların razılaşdırılmış dəyərini satıcıya ödəmək barədə öhdəlik götürmüşdür. Müqavilənin icrası ilə bağlı 11 yanvar 2022-ci il tarixdə müəssisənin "xxxx" ASC-də olan hesabından “Tog Petrol Sanayi və Ticaret LTD” şirkətinin bank hesabına cəmi 119800 ABŞ dolları məbləğində pul köçürülmüşdür. 119800 ABŞ dolları vəsait 2 il müddətində Şəxs hesabına qaytarılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları»nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. İş materiallarından da göründüyü kimi, Şəxs tərəfindən 11 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş 119800 ABŞ dolları vəsait qabaqcadan ödənilmiş valyuta vəsaiti kimi xaricdən qanunvericilikdə nəzərdə tutulmuş qaydada, yəni 2 il müddətində geri qaytarıldığından Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan məsuliyyətin yaranmasına əsas olmuş hal mövcud deyil. Hesab edirəm ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir və onun əməlində həmin inzibati xətanın tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, hesab edirəm ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X2 tərəfindən 29 yanvar 2024-cü il tarixdə tərtib olunmuş EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə başlanmış icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığına görə xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.1.2, 114-118, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankının İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X2 tərəfindən 29 yanvar 2024-cü il tarixdə tərtib olunmuş EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə başlanmış icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığına görə xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar