Məhkəmə qərarları › İş №3(033)-525/2025

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-525/2025

09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-525/2025 09.10.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X11 qızının katibliyi, Şikayət verən şəxs X2 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Şəki Ərazi şöbəsinin nümayəndəsi X6 iştirakları ilə, Şikayət verən şəxs X2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Şəki Ərazi şöbəsinin müdiri vəzifəsini icra edən X9 tərəfindən barəsində xx.xx.2025-ci il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək işin icraatına xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Şəki Ərazi şöbəsinin aparıcı məsləhətçisi, şöbə müdiri vəzifəsini icra edən X7 xx.xx.2025-ci il tarixli MN1788526 nömrəli onun cərimə olunmağına dair inzibati xəta haqqında qanunsuz qərarın ləğv edilməsinə və inzibati işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Əliabad kəndi ərazisində mülkiyyətində olan 0.11 ha kənd təsərrüfatı təyinatlı çoxillik əkmə torpaq sahəsinə qum-çmqıl tökmüşdür. AR İN yanında ƏMDK-nın Şəki ərazi şöbəsinin aparıcı məsləhətçisi, söbə müdiri vəzifəsi icra edən X9 heç bir əsas olmadan ona AR İXM-nin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyini göstərərək, 500 (beş yüz) manat cərimə edilməyinə dair xx.xx.2025-ci il tarixli MN № ******* nömrəli “İnzibati tənbeh vermə haqqında Qərar tərtib etmişdir.Həmin qərarda qeyd olunur ki, guya o torpaq sahəsindən məqsədi təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə etdiyinə görə cərimə olunur. Bu yalandır, çünki o həmin torpaq sahəsini daha da münbitləşdirmişdir və torpaq sahəsindən öz təyinatı üzrə istifadə edir. Qeyd etmək istəyir ki, bu torpaq sahəsi onun xüsusi mülkiyyətidir, xüsusi mülkiyyəti olan torpaq sahəsi ilə bağlı sərəncam vermək konstitusiya ilə müəyyən olunan hüququdur. Həmin torpaq sahəsindən istədiyi qaydada təyinatı üzrə istifadə edir. Ona protokol yazan şəxslər mütəxəssis deyillər ki, ona torpaqdan təyinatı üzrə istifadə etməməyin görə protokol yazsınlar. Həmin qərarı qanunsuz hesab edir. Çünki ona qanunsuz cərimə yazılaraq qərar tərtib edilmişdir. Ona görə də həmin qərar ləğv edilməlidir. Qərarın ləgv edilməsini və işin icraatına xitam verilməsini xahiş edir. Şikayət verən şəxs X4 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı inzibati xəta haqqında qərar qəbul etmiş orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Şəki Ərazi şöbəsinin nümayəndəsi X10 izahatında göstərdi ki, X4 mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə çınqıl tökməklə onu yarasız vəziyyətə gətirib. Bu həmin sahədə çəkilmiş fotoşəkillərlə də sübuta yetirilir. Sahəyə səpilən çınqılın həcmi çoxdur. Ona etdiyi qayda pozuntusu barədə məlumat verilmiş və bu əsasla da X4 barəsində xx.xx.2025-ci il tarixdə inzibati qərar tərtib edilmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, X1 rayonu Əliabad kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə çınqıl tökmüşdür. Bu barədə 25 avqust 2025-ci il tarixli İnzibati xəta haqqında protokol tərtib edilmişdir. X4 inzibati xəta törətməməsini əsas göstərərək barəsində başlanmış işin icraatına xitam verilməsini xahiş edir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin müdiri vəzifəsini icra edən X7 inzibati tənbeh verilmə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarının surətindən görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsinə əsasən 500 manat miqdarında inzibati cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsinə əsasən Bu Məcəllənin 247.1ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 247.1-ci maddəsinə əsasən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının 4-cü maddəsinə əsasən məqsədli istifadəsinə və hüquqi rejiminə görə münbitliyi təmin olunan torpaqlara kənd təsərrüfatı təyinatlı, kənd təsərrüfatı ehtiyacları üçün istifadə olunan və oluna bilən az yararlı və yararsız torpaqlar daxildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndinə əsasən torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci bəndinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Yuxarıdakılara əsasən hesab edirəm ki, X4 haqlı olaraq səlahiyyətli orqan tərəfindən məhz həmin Məcəllənin 247.2-ci maddəsilə düzgün inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İXM-in 134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, Əliabad qəsəbəsi ərazisində mülkiyyətində olan 0.11 ha torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaq olduğundan orada təyinata uyğun olmayan çınqılın tökülməsi yolverilməz hesab edir . Göstərilən əsaslarla məhkəmə şikayətçi X2 şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Şəki Ərazi şöbəsinin müdiri vəzifəsini icra edən X9 tərəfindən barəsində xx.xx.2025-ci il tarixdə qəbul edilmiş edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək işin icraatına xitam verilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar