Məhkəmə qərarları › İş №3(033)-56/2023

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-56/2023

20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-56/2023 20.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Vəkil və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X3 iştirakları ilə 30 avqust 1990-cı il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Zaqatala Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli 3(033)-88/2022 nömrəli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilmiş, Zaqatala rayonu Yuxarı Tala kəndində qeydiyyatında olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 20 fevral 2023-cü il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 20 fevral 2023-cü il tarixdə saat 10:10 radələrində Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən Avtovağzalda polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon Polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 20 fevral 2023-cü il tarixdə Zaqatala şəhər Avtovağzalında Zaqatala RPŞ-nin İTB-nin sahə polis nəfəri polis baş serjantı Nuru Məmmədov ilə xidmətdə olarkən Vağzalın inzibati binasının daxilində qapalı məkanda bir nəfər vətəndaşın siqaret çəkərək inzibati xəta törətdiyini aşkar etmişlər. Həmin vətəndaşa yaxınlaşıb özlərini təqdim etdikdən sonra törətdiyi inzibati xətayla bağlı iradlarını bildirdilər və barəsində protokol tərtib edəcəklərini bildirən zaman vətəndaş şəxsiyyət vəsiqəsini təqdim etməyərək onların iradlarını düzgün qəbul etmədi. Kobud və aqressiv şəkildə onların qanuni tələblərinə qəsdən qərəzli surətdə tabe olmadı. Özünü təqdim etmədi və polis şöbəsinə getməkdən imtina etdi. Əlavə olaraq 102 qaynar xəttinə yığdı, ətrafdakı vətəndaşlardan özünə dəstək yiğmaq məqsədi ilə polisin ünvanına nüfuzdan salıcı ifadələr işlətdi. Onların dəfələrlə qanuni tələblərinə tabe olmadığı üçün əraziyə PPX-nin əməkdaşları dəvət edildi. Onların köməyi ilə vətəndaş RPŞ-yə gətirildi. RPŞ-də məlum oldu ki, vətəndaş Y.Tala kənd sakini Şəxsdur. O polis şöbəsində izahat verməkdən imtina etdi. Onun haqqında 20 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, Zaqatala rayonu Yuxarı Tala kəndində yaşayır. 20 fevral 2023-cü il tarixdə saat 10 radələrində Zaqatala şəhər Avtovağzalı daxilində yerləşən çayxanada siqaret çəkməmişdir. O siqareti çöldə çəkmiş çayxanaya qardaşında açar götürmək üçün daxil olarkən siqareti əlində gizlətmişdir. Bu zaman polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim etmədən onun qolundan tutaraq çölə çıxması üçün çağırmış və maşınına dəvət edən zaman minməyəcəyini və post patrul çağırmalarını bildirmişdir. PPX-nin maşını gələn zaman o heç bir tabesizlik etmədən maşına minmişdir. O, bu hərəkətləri ilə inzibati xəta törətməmişdir. Barəsində tərtib edilmiş inzibati protokola xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Zaqatala RPŞ-nin İTB-nin sahə polis nəfəri polis baş serjantı X5 izahat verərək göstərdi ki, 20 fevral 2023-cü il tarixdə Zaqatala şəhər Avtovağzalında Zaqatala Rayon Polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X4 ilə xidmətdə olarkən Vağzalın inzibati binasının daxilində qapalı məkanda bir nəfər vətəndaşın siqaret çəkərək inzibati xəta törətdiyini aşkar etmişlər. Həmin vətəndaşa yaxınlaşıb özlərini təqdim etdikdən sonra törətdiyi inzibati xətayla bağlı iradlarını bildirdilər və barəsində protokol tərtib edəcəklərini bildirən zaman vətəndaş iradlarını düzgün qəbul etmədi. Kobud və aqressiv şəkildə onların qanuni tələblərinə qəsdən qərəzli surətdə tabe olmadı. Özünü təqdim etmədi və polis şöbəsinə getməkdən imtina etdi. Əlavə olaraq 102 qaynar xəttinə yığdı, ətrafdakı vətəndaşlardan özünə dəstək yiğmaq məqsədi ilə polisin ünvanına nüfuzdan salıcı ifadələr işlətdi. Onların dəfələrlə qanuni tələblərinə tabe olmadığı üçün əraziyə PPX-nin əməkdaşları dəvət edildi. Onların köməyi ilə vətəndaş RPŞ-yə gətirildi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 izahat verərək göstərdi ki, Şəxs onun qardaşıdır. 20 fevral 2023-cü il tarixdə saat 10 radələrində Zaqatala şəhər Avtovağzalı daxilində yerləşən çayxanada oturub çay içərkən qardaşı Şəxs içəri daxil olaraq ondan maşının açarlarını istəmişdir. O bu zaman siqareti əlində gizlətmişdir. Ondan başqa çox adam içəridə siqaret çəkirdi. Polis əməkdaşları Zahirə yaxınlaşaraq maşınlarına tərəf aparmaq istəyəndə Zahir etiraz etdi, ancaq PPX-nin maşınına isə sakitcə etiraz etmədən əyləşdi. Hesab edir ki, o, bu hərəkətləri ilə inzibati xəta törətməmişdi. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil çıxış edərək Şəxs hərəkətlərində polisin qanuni tələbinə tabe olmaması kimi bir hal olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “inzibati xəta haqqında materialındakı sənədləri imzalamaqdan imtina edilməsi” barədə protokoldan görünür ki, Şəxs izahat verməkdən və inzibati xəta haqqında protokolu imzalamaqdan imtina etmişdir. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli 3(033)- 236/2019 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 26 aprel 2020-ci il tarixli 3(033)- 173/2020 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 3(033)- 136/2021 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 339.1-1, 332.2 və 511.1-ci maddələri ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli 3(033)- 88/2022 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatına hüquqi qiymət verərək belə qənaətə gəlir ki, onun məhkəmə iclasında verdiyi izahatı iş materiallarında olan sübutlarla təkzib olunur. Onun “polisin qanuni tələbinə tabe olmaması” ilə bağlı izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür və bu səpkidə izahatı işin faktiki hallarını əks etdirmir. Məhkəmə isə bu hala qiymət verərək qeyd edir ki, onun qeyd olunan hərəkətlərin inzibati məsuliyyətə səbəb olmasını bilməməsi, heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Bundan başqa Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İİİ. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi protokol tərtib edən şəxsin və şahidin izahatı ilə tam təsdiq olundu. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən halların olmamasını, əvvəllər törətdiyi inzibati xətaya görə inzibati tənbeh almış Z.Musayevin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvəyə mindiyi gündən bir il ərzində təkrar törətdiyi üçün məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmasını, onun şəxsiyyətini və əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, eyni zamanda inzibati xəta törədən şəxsi tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib inzibati həbs edilməsinin əvvəli 20 fevral 2023-cü il tarixdən, saat 12:00-dan hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclası zalında həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 20 fevral 2023-cü il tarixdən, saat 12:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Zaqatala RPŞ-nə həvalə edilsin. Qərarın surəti proses iştirakçılarına təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Vüqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar