Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-59/2025 21.01.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi Cəlilova Nuridə Əli qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun vəkili X1 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala RPŞ-in DYPB-in yol patrul xidməti inspektoru X2 oğlunun iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx.xx.1984-cü il tarixdə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, himayəsində iki azyaşlı uşağı olan, il ərzində eyni xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, ünvan 1i ünvanında qeydiyyatında olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə Zaqatala Rayon Polis Şöbəsindən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3, 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 18 yanvar 2025-cü il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, 18 yanvar 2025-cü il tarixdə saat 00:49-da Vaz 21083 minik markalı, 62BN721 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ictimai qaydanı və əhalinin dincliyini açıq şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması hərəkətlərinə yol verərək avtoxuliqanlıq etmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3, 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Zaqatala Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli 3(033)-59/2025 nömrəli qərardadına əsasən Şəxs Аzərbаycаn Respublikаsı İnzibati Xətalar Məcəlləsinin 511.1.3cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar barəsində inzibati xəta haqqında materiala məhkəmə iclasında baxılması xx.xx.2025-ci il tаrixə, sааt 12:40-a Zaqatala Rayon Məhkəməsinin inzibati binasına təyin edilmiş, inzibati xəta haqqında iş üzrə iştirakçıları məhkəmə iclasında iştirak etmələri üçün çağırılması, işin düzgün və vaxtında həll edilməsinə yönəlmiş digər hərəkətlərin edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun baxılması üçün Zaqatala Rayon Polis Şöbəsinə qaytarılması qərara alınmışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon Yol Patrul Xidməti inspektoru, polis serjantı X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Vaz 21083 Minik markalı, 62BN721 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs xx.xx.2025-ci il tarixdə saat 00:49 radələrində Zaqatala rayonu Tala yolu adlanan ərazidə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması qərəzli hərəkətlərə yol verərək avtoxuliqanlıq etmişdir. Bundan sonra Şəxs izahatı alınmış və onun haqqında 18 yanvar 2025-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 332.1ci maddələri ilə inzibati xəta haqqında İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxsin özü etiraf edir ki, həqiqətən hərəkət zamanı avtomobilindən təkərlərin yolun səthi ilə sürtünməsi səsləri çıxmışdır. Ona görə də, onun barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə təxminən saat 12 radələrində idarə etdiyi Vaz21083 Minik markalı, 62BN721 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Zaqatala rayonu Tala yolu adlanan ərazidə hərəkətdə olarkən ikinci dərəcəli yoldan baş yola çıxarkən avtomobilin sürətini artırmaq məqsədi ilə əlavə qaz vermiş və bu zaman avtomobilin şinlərin asfalt beton örtüklə sürtünməsi zamanı xoşa gəlməz səs yaranmış və yol səthinə izlər düşmüşdür. Bundan sonra həmin ərazidə olan və hadisəni görmüş polis əməkdaşları onu saxlamış və yol verdiyi qanun pozuntusu ona izah edilmişdir. Bundan sonra Polis Şöbəsinə dəvət edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, qəsdən bu hərəkəti etməmişdir. O, etdiyi hərəkətdən peşmandır, bir də belə hərəkətlərə yol verməyəcək və barəsində yüngül inzibati tənbeh növü olan cərimənin tətbiq edilməsini xahiş edir. O, himayəsində azyaşlı 2 uşağının və 1 uşağının xəstə olması və daimi müalicəyə ehtiyacının olmasını, sürücülük fəaliyyəti ilə məşğul olmasını və tək gəlirinin sürücülükdən qazandığı qazanc olmasını əsas gətirərək onun barəsində sürücülük hüququnun məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməməsini xahiş etdi. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X3 çıxış edərək şəxsin əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmənin qənaətinə görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, protokol tərtib edən şəxsin izahatları, videogörüntü və Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bundan başqa Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İİİ. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması qərəzli hərəkətlərə görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməsə də, məhkəmə araşdırması zamanı onun əməlini etiraf etməsi, əməlindən səmimi peşmançılıq çəkməsini, onun himayəsində 2 azyaşlı uşaq olmaqla 1 uşağının xəstə olmasını, yeganə gəlir yerinin sürücülük fəaliyyəti olması müəyyən edildi və bu hallar Şəxs məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci və 32.1.1-ci maddələrinə görə inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətini ağırlaşdıran hər hansı hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən halların olmasını və məsuliyyəti ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini, həmçinin inzibati həbsin tətbiq edilməsi üçün hər hansı müstəsna halın olmamasını nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş əlavə cəza olan nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılması cəzasının tətbiq edilməsini etməyi qanuni, əsaslı və ədalətli hesab etmir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 23.3-cü maddəsinə əsasən bir inzibati xətaya görə əsas tənbeh, yaxud əsas və əlavə tənbeh tətbiq edilə bilər. Maddənin məzmunundan göründüyü kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi yalnız əsas cəzanın tətbiqini mütləq tələb kimi qeyd etmiş və hakimə öz mülahizəsinə görə bir inzibati xətaya görə əsas tənbeh, yaxud əsas və əlavə tənbehin tətbiq edilməsini seçmək imkanını nəzərdə tutmuşdur. Bundan əlavə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və fəaliyyətini müəyyənləşdirərkən onun sürücülük fəaliyyəti ilə məşğul olduğunu və yeganə gəlirinin və dolanacaq mənbəyinin sürücülükdən əldə etdiyi gəlir olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində əlavə tənbeh növü olan nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiqi onu ağır maddi vəziyyətə salmaqla yanaşı lazımından artıq məsuliyyətə cəlb edilməsi ilə nəticələnə bilər. Bu, onun ailə üzvləri üçün də vəziyyətini ağırlaşdıra bilər. Bu hal eyni zamanda İnzibati Xətalar Məcəlləsinin əsas prinsiplərindən olan ədalətlilik prinsipinə ziddir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 27.5-ci maddəsinə əsasən əsas dolanacaq mənbəyi ov olan fiziki şəxslərin ov hüququ məhdudlaşdırıla bilməməsi imkanı nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz. Yuxarıda qeyd edilən normalara istinadən məhkəmə hesab edir ki, əsas dolanacaq mənbəyi ov olan fiziki şəxslərin ov hüququnun məhdudlaşdırıla bilməməsi qanunda nəzərdə tutulduğu halda əsas dolanacaq mənbəyinin digər sahələr olan, konkret vəziyyətdə sürücülük hüququ, şəxsin peşəsi ilə bağlı həmin sahəyə aid şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması bərabərlik prinsipinin pozulması ilə nəticələnə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti proses iştirakçılarına təqdim edilsin. Qərardan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №3(033)-59/2025
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-59/2025
21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver