Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-6/2023 06.01.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxx 1956-cı il tarixdə Zaqatala rayonu Qəbizdərə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, öz deməsinə görə eyni xətaya görə il ərzində inzibati məsuliyyətə cəlb olunmamış, Zaqatala rayonu Mazıx kəndində pasport qeydiyyatında olan və orada yaşаyan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Zaqatala rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 21 noyabr 2022-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan yaşadığı ünvanda sənədsiz ov tüfəngi saxlamış, ona görə onun barəsində 23 dekabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala RPŞ tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu halda Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Zaqatala rayonu Mazıx kəndində ailəsi ilə birlikdə yaşayır. Ailəlidir, iki övladı vardır. Hazırda fərdi əməklə məşğul olur. O. xx.xx.2022-ci il tarixdə təsərrüfatında olan yeddi baş iribuynuzlu heyvanı otlamaq üçün səhər saatlarında yaşadığı evin yaxınlığındakı dağ ərazisinə özbaşına səllim buraxmışdır. Həmin gün axşam saatlarında dörd baş iribuynuzlu heyvan geri evə qayıtsa da, lakin üç baş heyvan qayıtmamışdır. O, həmin gün dağ ətəyinin ətrafını axtarsa da, həmin üç baş iribuynuzlu heyvanı tapmamışdır. Ona görə də, 21.11 2022-ci il tarixdə nahardan sonra o, həmin üç baş iribuynuzlu heyvanı axtarmaq və eyni zamanda özünü vəhşi heyvanlardan qorumaq məqsədilə evdə olan mərhum atası Cəlaləddin Nuriyevdən ona yadigar qalan 16 çaplı qoşa lülə ov tüfəngi götürüb yaşadığı kəndin yaxınlığındakı dağın ətəyinə getmişdir. O, dağın ətəyini və ətraf ərazini axtarıb geri evə qayıdan zaman yolda polis əməkdaşları onun çiynində ov tüfəngini gördükdə ona yaxınlaşıb silahın sənədini tələb etmişdir. Həmin vaxt o, ov tüfənginin mərhum atasından yadigar qaldığını və sənədi olmadığını onlara demişdir. Polis əməkdaşları silahın sənədi olmadığı üçün onu Zaqatala RPŞ-nə aparmışdır. O, xx.xx.2022-ci il tarixdə həmin silahı ona məxsus üç baş iribuynuzlu heyvanı axtarmağa gedərkən özünü vəhşi heyvanlardan qorumaq məqsədilə götürdüyünü, həmin silahla ov etmədiyini, həmin silaha dair heç bir sənədin olmadığını və atasından ona yadigar qaldığını bildirmişdir Eyni zamanda o, qeyd olunan tarixdə bir ədəd 16 çaplı qoşa lülə ov tüfəngini və üç ədəd 16 çaplı patronu polis şöbəsinə təqdim etmişdir. Etdiyi hərəkətdən peşmandır. Bir də belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş edir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 dekabr 2022-ci il tarixli qərardan görünür ki, həmin qərarla cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-in 590.2-ci maddəsinin tərkibi olduğundan qəbul edilmiş qərarın surəti baxılması üçün aidiyyəti üzrə Zaqatala RPŞ-nin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Qərarın əsasında onun haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin qərarı mübahisələndirməmiş, həmin qərar qanuni qüvvəsini almışdır. Həmin qərarla müəyyən edilmişdir ki, Zaqatala rayonu Mazıx kəndində yaşayan Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan qanunsuz N 53920 nömrəli 16 çaplı qoşa lülə ov tüfəngi saxlayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün izahatı və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Zaqatala RPŞ-dən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməsə də, məhkəmə araşdırması zamanı onun əməlini səmimi etiraf etməsi və əməlindən səmimi peşmançılıq çəkməsi müəyyən edildi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməsi və əməlindən səmimi peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci və 32.1.1-ci maddələrinə görə inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətini ağırlaşdıran hər hansı hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 26.1 və 26.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1 və 151.2-ci maddələrinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Predmetin müsadirəsi haqqında qərarın icrası başa çatdıqda, bu barədə müvafiq qeyd aparılmaqla həmin qərar onu qəbul etmiş hakimə qaytarılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halın olmamasını, əksinə, məsuliyyəti yüngülləşdirən halın olmasını, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq, məhkəmə onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olmuş predmeti müsadirə edilməklə inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib, ondan aşkar edilmiş bir ədəd-üzərində N 53920 yazısı olan 16 çaplı “TOZ BM-16” modelli qoşa lülə ov tüfəngi və 3 ədəd 16 çaplı ov tüfənginin patronu müsadirə edilməklə 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-6/2023
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-6/2023
06.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver