Məhkəmə qərarları › İş №3(033)-600/2025

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №3(033)-600/2025

13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 3(033)-600/2025 13.11.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Mən Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xətaya dair iş materiallarını nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 03 (üç) ay müddət ərzində qanunla müəyyən edilmiş əsaslar olmadan inzibati cəriməni ödəməmiş və cərimənin üzərinə dəbbə pulu hesablanmışdır. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin polis baş leytenantı X1 tərəfindən xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materiallar natamamdır və inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-ci maddəsinə əsasən bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Həmin Məcəllənin 57-1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllənin 45-2-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş sənədlər (inzibati xəta haqqında protokol, o cümlədən elektron protokol və inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad), o cümlədən elektron qərar barədə bu Məcəllənin 57-1.4-cü maddəsi nəzərə alınmaqla aşağıdakı qaydada məlumatlandırılır: 57-1.1.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə bu Məcəllənin 57-1.1-ci maddəsində göstərilən sənədlər və onların əlavələri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron kabinetində dərhal yerləşdirilir və elektron ünvanına (olduğu halda) göndərilir; 57-1.1.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, tətbiq edilmiş inzibati tənbeh haqqında məlumat, o cümlədən cərimənin məbləği və ödənilməsi qaydası barədə məlumat, bu Məcəllənin 57-1.1-ci maddəsində göstərilən müvafiq sənədin nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərilir; 57-1.1.3. səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad), o cümlədən elektron protokol və elektron qərar əlavə edilmiş materiallarla birlikdə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə onun barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması barədə məlumat verilməmiş, inzibati xəta haqqında protokolun, o cümlədən elektron protokolun və inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın, o cümlədən elektron qərarın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göndərilməsini təsdiq edən sənədlər iş materiallarına əlavə edilməmişdir. İnzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi qaydası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsi ilə tənzimlənmişdir və həmin qaydalara əməl etməklə çatdırılmış sənəd rəsmi qaydada verilmiş sənəd hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. İXM-nin 57.3-cü maddəsinə əsasən ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Bununla da müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qəbul edilmiş inzibati xəta haqqında protokol, o cümlədən elektron protokol və inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad), o cümlədən elektron qərar barədə bu Məcəllənin 57-1.4-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair qərarından görünür ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 3 may 2019-cu il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Protokolun məhkəməyə göndərilməsinə qədərki yol verilmiş yuxarıda sadalanan nöqsanları isə işin məhkəmə hazırlıq və ya baxışı mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntular protokol tərtib edilənədək yol verilmiş pozuntulardır. Həmin pozuntuları işin məhkəmə mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntuları protokol tərtib etmiş səlahiyyətli orqan aradan qaldırmalıdır. Qeyd edilənləri hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göründüyü kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal Rayon Polis İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər natamamdır və işə baxılarkən tamamlamaq mümkün deyildir. İş materiallarını araşdıraraq belə qənaətə gəlirəm ki, Zaqatala Rayon Məhkəməsinə göndərilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən onu tərtib etmiş orqana, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal Rayon Polis İdarəsinə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Zaqatala Rayon Məhkəməsinə göndərilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material onu tərtib etmiş orqana, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal Rayon Polis İdarəsinə qaytarılsın. Sədrlik edən: Vüqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar