Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-63/2023 22.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili X7, zərərçəkmiş şəxs X6 və Zaqatala rayon İcra və probasiya şöbəsinin rəisi X8 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs -12 avqust 1963-cü il tarixdə Zaqatala rayonu Göyəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, usta işləyən, eyni xətaya görə əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, Zaqatala rayonu Göyəm kəndində pasport qeydiyyatında olan və orada yaşаyan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Zaqatala rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Məmmədov X9 Rayon Məhkəməsinin 2(033)-29/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi və Zaqatala Rayon Məhkəməsinin 2(033)-30/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərinə əməl etməkdən qərəzli olaraq boyun qaçırdığına görə onun barəsində 22 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala rayon İcra və X4 Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı Zaqatala rayon İcra və probasiya şöbəsinin rəisi X11 izahatında göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-29/2021 nömrəli xx.xx.2021ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı X3 mülkiyyətində olan Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi, 0,3001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,11 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsindən istifadə və sahiblik etməsinə qarşı yönəlmiş torpaq sahəsinə daxil olmağa qoymamaqla müşayiət olunun qərəzli hərəkətlərinə son qoyulmalı, cavabdeh Məmmədov X9 rayonu, Göyəm kəndində yerləşən iddiaçı X5 mülkiyyətində olan 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi, 0,3001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,11 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsindən çıxarılmalıdır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-30/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Zaqatala rayonu Göyəm kəndində yerləşən iddiaçı X6 tam mülkiyyət hüququ ilə mülkiyyətində olan 0,3545 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh Şəxs çıxarılmalı, cavabdeh Şəxs tərəfindən iddiaçının həmin torpaq sahəsindən faktiki istifadə və sahiblik etmələrinə qarşı yönəlmiş istənilən hərəkətləri qanunsuz sayılaraq son qoyulmalı və onun tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. İcra sənədinin icrası ilə əlaqədar müəyyən icra hərəkətləri edilmiş, sorğular verilmiş, cavablar alınmışdır. Tərəfindən borclu Şəxs «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələbləri izah edilmiş və icra sənədlərinin icrası tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin edilən xəbərdarlıqlara baxmayaraq Şəxs icra sənədlərində göstərilən tələbləri icra etməkdən boyun qaçırır. Zaqatala Rayon Məhkəməsinin icra vərəqələri üzrə tələbkarlar icra sənədinin icra edilməsini tələb edir. Buna görə də, onun həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati protokol tərtib edilmişdir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, həqiqətən də, Zaqatala Rayon Məhkəməsinin 2(033)- 29/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi və Zaqatala Rayon Məhkəməsinin 2(033)-30/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə borcludur. Həmin icra sənədlərinin verilməsinə əsas olmuş qətnamələr barədə məlumatlıdır. İcra sənədlərində qeyd edilən torpaq sahələri onun ata yurdudur və himayəsində on nəfərdən ibarət ailə üzvləri vardır. Atasını döyərək həmin torpaq sahələri tələbkarlar tərəfindən əlindən alınmışdır. O, həmin torpaq sahələrindən çıxmayaraq icra sənədləri üzrə tələbləri icra etməyəcəkdir. O, həmin torpaq sahələrindən çıxdığı təqdirdə ailə üzvlərinin başqa yaşamağa yeri yoxdur. O, həmin ərazidən məcburi çıxarıldığı təqdirdə pis nəticələr olacaq. Odur ki, saxta sənədlər əsasında əldə edilmiş çıxarışlara əhəmiyyət vermədən onun həmin torpaq sahələrindən çıxarılmamasına köməklik edilməsini xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X12 çıxış edərək hüquqlarını müdafiə etdiyi şəxsin himayəsində böyük bir ailəsinin olmasını, yaşını və o həbs ediləcəyi təqdirdə ailənin maddi cəhətdən əlverişsiz vəziyyətə düşəcəyini nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində yüngül tənbeh növünün tətbiq edilməsini xahiş edir. X1 izahat verərək bildirdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-30/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Zaqatala rayonu Göyəm kəndində yerləşən onun tam mülkiyyət hüququ ilə mülkiyyətində olan 0,3545 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh Şəxs çıxarılmalı, cavabdeh Şəxs tərəfindən onun həmin torpaq sahəsindən faktiki istifadə və sahiblik etməsinə qarşı yönəlmiş istənilən hərəkətləri qanunsuz sayılaraq son qoyulmalı və onun tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. Şəxs həmin torpaq sahəsindən çıxmır və torpaq sahəsindən onun istifadə etməsinə maneələr yaradır. O, icra sənədinin icra edilməsini tələb edir. Borclu barəsində qanuni tədbirlərin görülməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün, tələbkarın və icra məmurunun izahatları və Zaqatala rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materialla tam təsdiq olundu. İş materiallarından, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri fiziki şəxslər üçün məcburi olmasına baxmayaraq, Zaqatala Rayon Məhkəməsinin 2(033)-29/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi və Zaqatala Rayon Məhkəməsinin 2(033)-30/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə Şəxs izahatına hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, onun məhkəmə iclasında verdiyi izahatı, icra vərəqələrində qeyd edilən torpaq sahələrinin onun atasına məxsus olması və atasını döyərək həmin torpaq sahələrinin ondan alınması barədə verdiyi izahatı özünü müdafiə xarakteri daşıyır, məsuliyyətdən və tənbeh tədbirindən yayınmaq məqsədi güdür. Məhkəmə tərəfindən müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qətnamələri icra etməsi üçün kifayət qədər vaxtının olmasına baxmayaraq o, qətnamələr üzrə verilmiş icra sənədlərini icra etməmişdir. Onun göstərdiyi xüsusatlar ümumilikdə heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. İş materiallarında olan sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs qanunsuz və əsassız olaraq icra sənədinin icra edilməsi barədə hərəkətsizlik etməklə, icra məmurunun qanuni tələbinin yerinə yetirilməməsi kimi qanun pozuntusu etmişdir. O, təqsirsiz deyil və onun əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanuni qüvvəyə minmiş qərarların icrasına laqeyd münasibət bəsləməklə bu qərarları icra etməmiş və bununla da icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburi olan aktları icra edilməyərək kağız üzərində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir...Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Konstitusiya Məhkəməsinin Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Şəxs həmin icra sənədlərində göstərilən tələbi üzürsüz səbəbdən, yəni qəsdən icra etməmişdir. Borclu Şəxs həmin icra sənədləri üzrə öhdəliklərini yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırmış, icra sənədlərində göstərilən tələbi icra etməmişdir. İşin qeyd edilən halları Zaqatala Rayon İcra və probasiya Şöbəsinin icra məmurunun və tərəflərin məhkəmə iclası zamanı verdiyi izahatları ilə yanaşı, məhkəməyə təqdim edilmiş sənədlərlə də öz təsdiqini tapır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyətini, yaşını, həmçinin barəsində inzibati həbs tətbiq edilməsi üçün müstəsna halların mövcud olmamasını nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti proses iştirakçılarına təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-63/2023
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-63/2023
22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver