Məhkəmə qərarları › İş №3(033)-63/2024

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-63/2024

27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-63/2024 27.02.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, xx xxxx 1986-cı il tarixdə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, eyni inzibati xətanı il ərzində təkrar törətməmiş, ünvan 1i ünvanında qeydiyyatda olan və orada yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaları törətməsinə görə qəbul edilmiş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 03 (üç) ay müddət ərzində qanunla müəyyən edilmiş əsaslar olmadan inzibati cəriməni ödəməmiş və cərimənin üzərinə dəbbə pulu hesablanmışdır. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Zaqatala RPŞ-in DYPB-in polis baş leytenantı X3 tərəfindən xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu halda Azərbaycan Respublikası İXM-in 61.3 və 112.1.4-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində 27 aprel 2023-cü il tarixdə EQ-14193038 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında eyni tarixdə qəbul edilmiş qərarla o, 10 manat məbləğində inzibati cərimə edilmiş, inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində həmin inzibati cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Buna görə də, onun həmin məbləği ödəmədiyi hər növbəti gün üçün dəbbə pulu hesablanaraq həmin məbləğ 16 manat təşkil etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı, qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materialında olan barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə dair Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatlara dair çıxarışın sərhədkeçmə məlumatları qrafasından görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə X2 X4 Buraxılış Məntəqəsindən keçərək ölkə sərhədindən çıxmış və xx.xx.2023-cü il tarixdə X2 X4 Buraxılış Məntəqəsindən keçərək ölkəyə giriş etmişdir. Göründüyü kimi, Şəxs 07 fevral 2024-cü il tarixli İXP-6015041 inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş 27 aprel 2023-cü il tarixdə tərtib olunmuş EQ- 14193038 saylı inzibati xəta haqqında protokolda göstərilən inzibati xətanın törədilməsinə aidiyyəti ola bilməz. Belə ki, inzibati xəta haqqında protokolun tərtib olunması üçün əsas olmuş hadisənin törədildiyi 27 aprel 2023-cü il tarixdə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ölkə xaricində olmuşdur. Yuxarıda qeyd edilənləri birlikdə nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Zaqatala Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 07 fevral 2024-cü il tarixli İXP- 6015041 nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməsi, inzibati xəta törədilməsinə aidiyyətinin olması və onun hərəkətlərində inzibati xəta tərkibinin olması məhkəmə iclasında sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs 07 fevral 2024-cü il tarixli İXP-6015041 nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş 27 aprel 2023-cü il tarixdə tərtib olunmuş EQ-14193038 saylı inzibati xəta haqqında protokolda göstərilmiş inzibati xətanın törədilməsinə aidiyyəti olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.2, 114, 128-130-cu maddələrinin tələblərini rəhbər tutaraq qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində 27 aprel 2023-cü il tarixdə tərtib olunmuş EQ-14193038 saylı inzibati xəta haqqında protokol əsasında həmin tarixdə qəbul edilmiş qərar üzrə onun barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə 07 fevral 2024-cü il tarixli İXP-6015041 nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar