Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-63/2025 06.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi Kazımova Şəhla Saleh qızının katibliyi, Şikayət verən şəxs X5 və inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Hüquq İdarəsi Şöbəsinin Məhkəmə mübahisələri ilə iş sektorunun baş məsləhətçisi X14 iştirakları ilə, Şikayət verən şəxs X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin X2 18 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X11 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin X2 18 dekabr 2024-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət verən şəxs X11 şikayət ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti X2 MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə 3 000 manat cərimə olunmuşdur. Hesab edir ki, inzibati cərimənin tətbiqi barədə qərar qanunsuz və əsassız olduğundan ləğv olunmalı, bu inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, dövlət orqanları tərəfindən aparılmış hazırkı yoxlama tam qanunsuzdur. Belə ki, 2017-ci ildən etibarən kiçik bizneslə məşğul olmaqla, Zaqatala rayonu, Yuxarı Tala kəndi ərazisində yerləşən “Evim” kafesini aylıq icarəyə götürüb işlədir. Həmin obyektdə ondan əlavə 21 nəfər əməkdaş çalışır. Bunlar əsasən aşbaz, ofisiant, qabyuyan və xadimə personalıdır. Vətəninin ilk çağırışı ilə ll Qarabağ-Vətən Müharibəsində səfərbərlik üzrə iştirak edən, ölkə qanunvericiliyinə daim hörmətlə yanaşan insan kimi işlədiyi ilk gündən rəsmi vergi uçotuna durmuşdur və işə cəlb etdiyi bütün əməkdaşlarla müvafiq əmək müqaviləsi bağlamışdır. Ölkədə COP29 kimi mühüm bir tədbir keçirilən və bütün dünyanın diqqət mərkəzində olduğu bir zamanda, 11 noyabr 2024-cü il tarixdə, saat 17:00 radələrində rayon polis şöbəsinin 4 nəfər əməkdaşı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4, 10, 18 və digər maddələrinin tələblərini kobud surətdə pozaraq, ictimai iaşə obyektlərində tütün istehlakı tələblərinə riayət edilməsini yoxlamaqlan bəhanəsi altında, heç bir açıqlama vermədən, keçirdikləri yoxlamanın əsası və qanuniliyi haqqında sənəd təqdim etmədən, sahibkarın razılığı olmadan, foto və video çəkiliş aparmaqla kafenin bütün otaqlarına, anbarlara və mətbəxə qanunsuz müdaxilə etmiş, əməkdaşları işdən ayıraraq onlarla sorğu-sual aparmağa başlamış, obyektin işini iflic vəziyyətə salmışlar. Bəhanə edib gəldikləri mövzu ilə bağlı (tütün məmulatlarının istehlakı qaydaları) heç bir pozuntu aşkar edə bilməyən Zaqatala rayon polis şöbəsinin əməkdaşları vəzifə səlahiyyətlərini pozaraq kafedə əmək qanunvericiliyin və qida təhlükəsizliyinin tələblərinə əməl olunmasını “araşdırmağa” başlamış, bu barədə məzmunu ona məlum olmayan qeydlər, izahatlar və sənədlər tərtib etmişlər. Həmin ərəfədə rayon ərazisində reyd aparılmış və daha çox pozuntularla fəaliyyət göstərən digər kafe və restoranlardan fərqli olaraq, barəsindəki materiallar X19 Xidmətinin X3 göndərilmişdir. Halbuki, onlardan başqa 21 nəfər rəsmi əmək müqaviləsi ilə işləyən kafe-restoran heç bölgədə yoxdur.Qeyd etdiyi qanun pozuntuları ilə yoxlama keçirilməsi haqqında çağırıldığı ƏMX-nin Şəki-Zaqatala regional şöbəsində də ətraflı izahat vermişdir. Kontraktsız işləməsi iddia edilən Aqşin Süleymanov rəsmi əmək müqaviləsi olmasını, digər 3 nəfər - Tural Cəfərov, Royal Məmmədov və Əmrah Abdullayevin isə heç bir işə cəlb olunmadan təcrübəçi kimi kafedə ümumi işlə tanış olduqları üçün kontraktlarının olmaması haqqında ətraflı izahat yazmışdır. Lakin müfəttişlər gətirdiyi dəlillərə məhəl qoymamış, barəsində toplanmış sənədlərin surətlərini ona təqdim etməkdən qəti şəkildə imtina etmiş, ən əsası - yoxlama faktının qeyriqanuniliyinə göz yumaraq Azərbaycan Respublikası İXM-nin 192-ci maddəsi ilə 3.000 min manatdan 5.000 manatadək cərimə ediləcəyini bildirmişlər.“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında'1 Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci il yanvarın 1-dək dayandırılmışdır. Azərbaycan Respublikasında qanunun aliliyinin prinsipial tələbi ondan ibarətdir ki, heç bir əsas və səbəb olmadan, qeyriqanuni, prosessual pozuntularla əldə olunmuş faktlar (dəlillər) vətəndaşın istər inzibati, istərsə də cinayət təqibi üçün istifadə oluna bilməz. Bu, Azərbaycan Respublikasının vətəndaşı kimi mənim konstitusion hüquqlarının birbaşa pozulması deməkdir. Onu da əlavə etməyi vacibdir ki, baş vermiş hadisədən sonra kontraktsız hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməkdə günahlandırıldığı səbəb aradan qaldırılmış, təcrübə keçən işçilərin üçü ilə dərhal əmək müqaviləsi bağlanmış və ƏMAS-da qeydiyyata alınmışdır. Şikayət verən şəxs X11 şikayət ərizəsini müdafiə edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin X2 rəisi X6 tərəfindən barəsində tərtib edilmiş 18 dekabr 2024-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını və şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, onlar xidmət sektorunda fəaliyyət göstərirlər və işə götürəcəkləri əməkdaşları sınaqdan keçirmədən işə cəlb edə bilməzlər. İzahatı alınmış şəxslər sınaq müddətində olublar və bu səbəbdən onlarla əmək müqaviləsi bağlanmayıb. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokol tərtib edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Hüquq İdarəsi Şöbəsinin Məhkəmə mübahisələri ilə iş sektorunun baş məsləhətçisi X23 izahatında göstərdi ki, Zaqatala rayon Polis Şöbəsindən daxil olmuş sənədlərdə Zaqatala rayonu, Əliabad qəsəbə sakini X5 Evim adlı ictimai iaişə obyektində əmək müqaviləsi bağlamadan Cəfərov T.Ş Abdullayev Ə.Y, Məmmədov R.C əməyə cəlb etməsi qeyd edilmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, həqiqətən də həmin şəxslər “Evim” restoranında işləmişdir. Qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə dair toplanmış materiallar əsasında inzibati işə baxış iclasının vaxtı 18 dekabr 2024-ci il tarixə təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X11 bildirişlə DƏMX-nin X3 dəvət edilmişdir. Zaqatala rayon Polis Şöbəsinin daxil olmuş inzibati xəta haqqında işə 18 dekabr 2024-ci il tarixdə A.Ramazanovun iştirakı olmadan baxılmış və X5 İXM-nin 192.1-ci maddəsi ilə 3000 (üç min beş yüz) manat inzibati cərimə edilməsi haqqında MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Zaqatala rayonunda yerləşən Evim restoranında əmək müqaviləsi olmadan Röyal Məmmədov, Akşin Süleymanov, Əmralı Abdullayev, Tural Cəfərovu işlətmiş X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin X2 18 dekabr 2024-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti əsassızdır. Ona görə də, yuxarıda qeyd olunan halları nəzərə alaraq DƏMX-nin X2 18 dekabr 2024-ci il tarixli, MN1613635 nömrəli inzibati tənbehvermə haqqında qərarının qüvvədə saxlanılmasını və şikayətin rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş X7 xx.xx.2024-cü il tarixdə verdiyi izahatından görünür ki, o təxminən 3-4 aydır ki Evim adlı restoranda ofisiant kimi işləmiş və 300 manat maaş almışdır. Maaşı restoranın işlədən Arif adlı sahibkardan əlbəəl almışdır. Onunla əmək müqaviləsi bağlanmasa da rəsmi geyim verilmiş, lakin o həmin geyimdən istifadə etmir. İş materiallarına əlavə edilmiş X8 xx.xx.2024-cü il tarixdə verdiyi izahatından görünür ki, o 6 aydır ki Evim adlı restoranda ofisiant kimi işləmiş və 250 manat maaş almışdır. O səhər saat 11:00-dan gecə 00:00 kimi işləyir. Onunla restoran sahibi arasında əmək müqaviləsi bağlanmamışdır. İş materiallarına əlavə edilmiş X12 xx.xx.2024-cü il tarixdə verdiyi izahatından görünür ki, o təxminən 1 aydır ki Evim adlı restoranda ofisiant kimi işləmiş və 300 manat maaş almışdır. O saat 17:00-dan gecə 00:00 kimi işləyir. Onunla restoran sahibi arasında əmək müqaviləsi bağlanmamışdır. İş materiallarına əlavə edilmiş X4 xx.xx.2024-cü il tarixdə verdiyi izahatından görünür ki, o təxminən 3 aydır ki Evim adlı restoranda ofisiant kimi işləmiş və 450 manat maaş almışdır. O saat 11:00-dan gecə 23:00 kimi işləyir. Onunla restoran sahibi arasında əmək müqaviləsi bağlanmamışdır. Göründüyü kimi, X11 inkar etsə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Şəki-Zaqatala Regional şöbəsi tərəfindən təqdim edilmiş inzibati xəta materiallarına əlavə edilmiş izahatlardan görünür ki, X15, X18, X21, X9 əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsinə, yəni ofisiant işinə cəlb edilmişdir. Göründüyü kimi, şikayətin dəlilləri özünümüdafiə xarakterlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 3-cü maddəsinin 3-cü bəndinə əsasən işəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 7-ci maddəsinin 2-3 və 2-3.4-cü bəndlərinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinin tələbinə uyğun olaraq işəgötürən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirməlidir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. X1 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilmədi. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, X5 şikayətində göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır. İşdə olan sübutlar onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmır. Onun izahatı iş materiallarında olan sübutlarla təkzib olunur, onun izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Əksinə, X5 və protokol tərtib edən orqanın nümayəndəsinin izahatları və işdə sənədlərlə yanaşı, məhkəmə iclası zamanı da X5 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X16 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edildi. Göstərilən əsaslarla məhkəmə X1nun şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X5 “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin X2 18 dekabr 2024-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zərifə Məmmədova
Məhkəmə qərarları › İş №3(033)-63/2025
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-63/2025
06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver